İbrahimbəyovun debütü

Xalq yazıçısı, ssenarist, dramaturq Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlərin yaranma tarixini əhatə edən məqalələr silsiləsinə start veririk.

İlk olaraq ssenaristin diplom işi olan “Bir cənub şəhərində”(1969) filminə müraciət etdik. Lirik-psixoloji dram janrında çəkilən “Bir cənub şəhərində” filmi çox da böyük olmayan cənub şəhərlərindən birinin adamlarının həyatından bəhs edir. Filmdə insanların şüurunda hələ də keçmişin qalıqlarının kök salması, insanın mənəvi azadlığa necə böyük çətinliklə çıxması məsələləri diqqətə çəkilib. Yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi filmin mərkəzində dayanır.

 

“BİR CƏNUB ŞƏHƏRİNDƏ” ƏDƏBİ SSENARİSİ RÜSTƏM İBRAHİMBƏYOVUN DİPLOM İŞİ OLUB

 

…1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Moskvada kinematoqrafiya üzrə təhsil alan tələbələr arasında Aazərbaycandan olan tələbələr də çoxluq təşkil edib. Onların arasında sonralar bütün dünyaya səs salacaq Rüstəm İbrahimbəyov da var idi. Kinematoqrafiyada ilk addımlarını “Mozalan” satirik kinojurnalına süjetlər yazaraq başlayan bu gəncin sənət eşqi ilk gündən çoxlarının diqqətini cəlb edir. Sənətə gəldiyi ilk gündən heç kəsi təqlid etməyən və kinoda öz sözünü deməkdə qərarlı olan Rüstəm İbrahimbəyovun həyat kredosu öz yolunu tapmaq, özünəməxsus dəst-xəttə malik olmaq idi. Bu baxımdan onun ssenarisi üzrə rejissor Eldar Quliyevin 1969-cu ildə quruluş verdiyi “Bir cənub şəhərində” bədii filminin ekranlara çıxmasından onillər keçməsinə baxmayaraq, hələ də filmdə təsvir olunan ziddiyyətli hadisələr, filmin müxtəlif xarakterli qəhrəmanları yaddan çıxmır.

Yeri gəlmişkən, “Bir cənub şəhərində” ədəbi ssenarisi Rüstəm İbrahimbəyovun diplom işi olub.  Müasir mövzunu yeni üslubda qələmə alan kinodramaturqun bu ssenarisinin əsasını “Drujba narodov” jurnalında çar olunmuş “9-cu Xreptovı” povesti təşkil edir.

Ssenari üzrə çəkilən film də öz kəskinliyi və müasirliyi ilə kino tənqidçilərinin diqqətini cəlb etmiş, onun haqqında çox yazılmış, müxtəlif sərpidə olan mənfi rəylər söylənilmiş, lakin film bədii dəyərinə görə, hər cür təzyiqlərdən yüksəkdə durduğu üçün zaman keçdikcə öz layiqli qiymətini almışdır. Filmdə qaldırılan problem öz aktuallığını hələ də itirməyib.

Filmin ilk epizodları tamaşaçıda əvvəlcə şübhə oyadır, sanki müəlliflər 30-40 il əvvəlki köhnə məhəllələrin həyatını əks etdirirlər. Əslində isə hadisələr 1968-ci ildə Bakı məhlələrinin birində baş verir. Məhz bu səbəblərdən “Bir cənub şəhərində” filmi hazır olduqdan sonra ciddi təzyiqlərə məruz qalıb, nümayişinə qadağa qoyulub. Və bu qadağa düz il yarım qüvvədə olub.

 

TOFİQ QULİYEV: “BİR CƏNUB ŞƏHƏRİNDƏ” ƏN DƏYƏRLİ ƏSƏRDİR

 

Eldar Quliyev deyirdi ki, 10-cu sinifdə oxuyarkən gördüyü “Durnalar uçur” filminin təsirinə düşüb və beləliklə də öz-özlüyündə qət edib ki, kinorejissor olacaq. İki il kinostudiyada işləyib iş stajı topladıqdan sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olur. İnstitutu bitirdikdən sonra sərbəst olaraq ilk tammetrajlı filmini-“Bir cənub şəhərində”ni çəkib.

Filmin ssenarisinə müraciət etməmişdən əvvəl gənc rejissor atası, görkəmli bəstəkar Tofiq Quliyevlə məsləhətləşib.

Tofiq Quliyevin oğlu Eldar Quliyev haqqında olan xatirələrinə nəzər salaq: “Prinsipiallıq onun üçün ən vacib cəhətlərdəndir. O, bir məsələni götür-qoy etdisə, hökmən onu həyata keçirməlidir. Moskvada təhsilini bitirib Bakıya qayıtdıqdan sonra bir gün mənə dedi ki, Rüstəm İbrahimbəyovun “9-cu Xrebtovıda” hekayəsini oxuyub, çox xoşuna gəlib, onu ekranlaşdırmaq istəyir. Adı çəkilən əsəri mən də oxumuşdum. Bizim həyatımız haqqında əsl həqiqətləri olduğu kimi təcəssüm etdirən əsər çox cəsarətlə qələmə alınmışdı. Mən Eldarı fikrindən daşındırmağa çalışıb dedim ki, institutu yenicə qurtarmısan, belə kəskin mövzulu əsərə müraciət etmək sənin üçün hələ tezdir. O, fikrindən dönmədi. “Bir cənub şəhərində” filmini çəkdi. O vaxt film birmənalı qarşılanmadı. Amma sənət əsəri kimi çox güclü idi. Mən elə indi də bu fikirdəyəm ki, “Bir cənub şəhərində” filmi kinorejissor Eldar Quliyevin ən dəyərli əsəridir”.

Doğrudan da, bu film öz dövrü üçün nəinki respublikamızda, eləcə də Sovetlər Birliyində əsl hadisəyə çevrildi. Mətbuatda filmlə bağlı bir-birinə zidd olan fikirlər söylənildi.

 

ELDAR QULİYEV: “BİR CƏNUB ŞƏHƏRİNDƏ” FİLMİ RÜSTƏM İBRAHİMBƏYOVLA BİRGƏ İLK BÖYÜK İŞİMİZ İDİ

 

Filmin ssenarisi öz dövrü üçün böyük cəsarətlə qələmə alınıb  və Rüstəm İbrahimbəyov öz dövrü üçün atdığı cəsarətli addımın məsuliyyətini öncədən hiss edirdi. Hətta ssenari müəllifi nə qədər çox cəsarət nümayiş etdirmişdisə, rejissor bir qədər çox əsərə sadiq qalmışdı. Sanki yazıçının qələmə sarılaraq nümayiş etdirdiyi cəsarət, rejissoru da cəsarət nümayiş etdirməyə həvəsləndirmişdi.

Eldar Quliyev deyirdi ki, “Bir cənub şəhərində” filmi mənim çəkdiyim ilk tammetrajlı film olmaqla yanaşı, eyni zamanda Rüstəm İbrahimbəyovla birgə ilk böyük işimiz olmuşdu: “Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çox sayda filmlər çəkilib. Mən belə hesab edirəm ki, “Bir cənub şəhərində” filmindəki işi Rüstəmin ən yaxşı ssenarilərindən biridir. Təbii ki, ssenariyə mənim də əlavələrim oldu. O zaman biz cavan idik, həyatı sevirdik və çətinliklər barədə heç fikirləşmirdik də. Halbuki heç bir film asan yarana bilməz və sənətkar da gərək çətinliyə qarşı mübarizə apara bilsin ki, nə isə yarada bilsin. Filmin qəhrəmanları mənə çox yaxın idi, onları özüm kimi duyurdum. Bu da ondan irəli gəlirdi ki, “Bir cənub şəhərində” filmini, bir vaxtlar yaşadığım, hər qarışına və ab-havasına bələd olduğum adamlar arasında çəkmişdim. Bu, asan olduğu qədər də, çətin idi. Mən çox gözəl duyur və dərk edirdim ki, kino aləmində gələcək taleyim “Bir cənub şəhərində” filmindən asılıdır. Ətrafımda olanlar mənə çəkiliş vaxtı çox köməkliklər etdilər. Operator işində təcrübəli olan  Rasim Ocaqovun, təcrübəli rəssam Kamil Nəcəfzadənin köməyini, işini xüsusilə qiymətləndirmək istərdim. Filmin çəkilişindən artıq uzun illər keçib. Ancaq indi də o küçələrdə olanda filmin kütləvi səhnələrində çəkdiyim insanları görürəm. Mən onları unutmuram, onlar da məni unutmurlar”.

Rejissor bəstəkar Tofiq Quliyevin “Bir cənub şəhərində” filminin çəkilişinə qarşı çıxması ilə bağlı da öz fikrini bldirib: “Atam ilk gündən mənə dedi ki, hər ikiniz-Rüstəm də, sən də gəncsiniz və sizin bu günkü işinizdən çox şey asılıdır. Ola bilsin ki, ilk işinizin uğuru sizləri gələcəkdə də birgə əməkdaşlığa sövq etsin. Hətta Tofiq Quliyev mənə məsləhət gördü ki, bəstəkar Fərəc Qarayev də gəncdir və onunla birgə işləsən peşman olmazsan. Təbii ki, mən atamın məsləhətlərindən yararlandım”.

 

REJİSSORUN TƏKİDİ VƏ YA SINAQ ÇƏKİLİŞLƏRİNDƏN FRAQMENTLƏR

 

Filmin sınaq çəkilişlərində aktyorlarla yanaşı, eyni zamanda filmin çəkildiyi məhlənin adamları da iştirak ediblər.

Yeri gəlmişkən, “Bir cənub şəhərində” filmi Təzəpir məscidinin ətrafında olan məhlədə çəkilib.

Bildiyiniz kimi, filmin əsas qəhrəmanları Tofiqlə Muraddır. Elə bütün hadisələr də hər iki gəncin ətrafında cərəyan edir. Sınaq vaxtı Tofiq roluna Eldəniz Zeynalovun çəkilməsinə heç kimin etirazı olmasa da, nədənsə Murad rolunda Həsən Məmmədova etiraz edənlər çox olub. Rejissor isə Murad roluna Həsən Məmədovun çəkilməsini təkid edib.

E.Quliyevin xatirələrindən: “Mənə qarşı çıxaraq Həsən Məmmədovun Murad rolunun öhdəsindən gələ bilməyəcəyini deyirdilər. Söz-söhbətlərə baxmayaraq mən öz seçimimi etmişdim. Murad roluna Həsəni təsdiq etməyə hazırlaşırdım ki, təkidləri görüb yenidən bir neçə aktyoru sınaqdan keçirdim. Həmin aktyorların hamısını xatırlamasam da, yadımda qalan Həsən Turabovdur. Ancaq son qərar yenə də mənim oldu”.

Eldar Quliyev məsləhətlərə baxaraq sınaq çəkilişlərində bir neçə aktyoru həmin rol üçün yoxlasa da, son anda öz seçiminə üstünlük vermişdi. Onu da xatırlatmaq istərdim ki, bu, artıq Həsən Məmmədovun kinoda olan üçüncü böyük işi idi. O, ilk dəfə 1962-ci ildə “Böyük dayaq” filmində Qaraşı, 1965-ci ildə “Arşın mal alan” filmində Əsgəri, 1969-cu ildə isə “Bir cənub şəhərində” filmində Muradı yaratmışdı. Ancaq Həsən Məmmədovu Murad rolunda görmək istəməyənlər belə bir fikir ortaya atırdılar ki, guya o, Əsgərdən sonra Muradı yarada bilməz. Kənardan deyilən söhbətlərə əhəmiyyət verməyən Həsən Məmmədov, Eldar Quliyevin inamını əsas götürərək istənilən səviyyədən də artıq dolğun Murad obrazını yaratmağa nail olub.

Ümumiyyətlə Həsən Məmmədovun bir aktyor kimi yaratdığı rollar öz intellektual səviyyəsi, sakit təbiəti və təvazökarlığı ilə fərqlənir. Onun canlandırdığı obrazlar cəmiyyəti öz çiynində aparan ziyalılar, düşüncə sahibləridir. Aktyorun Dədə Qorqudu bütövlükdə türk cəmiyyətinin, Mirzə Səfəri keçən əsrin əvvəllərinin, Hacıyevi yaramaz və çürük sovet quruluşunun, Əzimovu və Nərimanı həqiqi elm aləminin, Məmmədəlisi rəiyyətin ziyalısıdır. Həsən Məmmədov “Azərbaycanfilm” kinostudiyasında, eyni zamanda isə keçmiş SSRİ respublikalarının kinostudiyalarında təxminən 70-ə yaxın filmdə müxtəlif səpgili obrazlar yaradıb. Aktyor deyirdi ki, yaratdığı bütün rolların hamısı ona doğma və əzizdir.

 

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLİŞİ “BİR CƏNUB ŞƏHƏRİNDƏ” FİLMİNƏ EKRAN HƏYATI VERDİ

 

Qeyd etdiyimiz kimi, film hazır olduqdan sonra il yarım həm Moskva tərəfindən, həm də Azərbaycanın kino sahəsi üzrə rəhbər vəzifədə çalışan bir neçə şəxsləri tərəfindən qadağalara məruz qalıb.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk ilində “Bir cənub şəhərində” filminin taleyi ilə maraqlanmış  və Moskva ilə danışıqlar apararaq filmin nümayişinə geniş şərait yaratmışdır.

Eldar Quliyevin xatirələrindən: “Sovetlər Birliyi dövründə belə bir qayda var idi ki, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film ilk olaraq Moskvanın ixtiyarına verilirdi. Moskva senzurası icazə verdikdən sonra filmi nümayiş etdirmək mümkün ola bilərdi. “Bir cənub şəhərində” filmini də çəkdikdən sonra apardıq Moskvaya. Səfərimizin ilk günü bizi yaxşı qarşıladılar. Ancaq səhəri günü məni çağırıb dedilər ki, Bakıdan bir teleqram almışıq. Teleqramda bizə xəbər edirlər ki, siz, Eldar Quliyev antisovet filmi çəkibsiniz. Teleqram məsələsi doğrudan da düz idi. Mən bilirdim ki, teleqramı vuranlar kimlərdir. Adlarını çəkməsəm də deməliyəm ki, həmin şəxslər tanınmış şəxslər idi və kinostudiyada çalışırdılar. Dəqiq deyə bilmərəm ki, həmin şəxslər hansı məqsədlə mənə pislik etmək istəyirdilər. İnandırım sizi ki, sonralar mənə pislik edən şəxslərlə o qədər gözəl münasibətlərim oldu ki, hətta heç bir vaxt olub-keçənləri onların yadına belə salmadım. Ancaq pislik öz işini görmüşdü. Biz Moskvadan qayıtdıqdan sonra orada büro üzvləri yığışaraq filmə baxmış və son sözləri belə olmuşdur ki, “Bir cənub şəhərində” filmi bizim həyatımızı düzgün göstərmir və buna görə də belə bir filmi ekrana buraxmaq olmaz. Düz il yarım film qadağa vəziyyətini yaşadı. Heydər Əliyevin Azərbaycana 1-ci katib vəzifəsinə təyin edilməsi “Bir cənub şəhərində” filminə ekran həyatı verdi. Belə ki, Heydər Əliyevin ilk qərarlarından biri də o oldu ki, “Bir cənub şəhərində” filmi mütləq ekrana çıxarılmalı, geniş tamaşaçı auditoriyasına təqdim edilməlidir”.

1968-ci ildə çəkilişinə başlanan film 1970-ci ildə ekrana çıxdı. Həmin ildə kinoteatrlarda təxminən 10 gün ardıcıl olaraq filmə tamaşa etmək üçün bilet tapmaq mümkün deyildi. “Bir cənub şəhərində” sözün həqiqi mənasında böyük səs-küyə səbəb olmuşdu.

E.Quliyev deyirdi ki, filmin nümayişindən sonra da çox söz-söhbətlər olurdu, ancaq artıq həmin rəylər mənim üçün maraqlı deyildi: “Çünki mən nə istəmişdim, onu da həyata keçirmişdim. Artıq məni başqa ssenarilər maraqlandırırdı”.

HAŞİYƏ: Filmlə bağlı o dövrdə nəşr olunan “Bakı” qəzetində bir xəbərdarlıq dərc olunub. Həmin illərdə Azərbaycan KR MK-nın plenumunda “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə və kino sənəti üçün məsuliyyət daşıyan digər təşkilatlara xəbərdarlıq edilmişdir. Xəbərdarlıqda deyilir: “Son vaxtlar Azərbaycan xalqının inqilabi ənənələri haqqında, respublikanın fəhlə sinfi və kolxozçu kəndliləri haqqında böyük ictimai əhəmiyyətə malik olan bir film də olsa yaradılmamışdır. Müasir mövzularda çəkilən bəzi filmlərdə sovet adamlarının obrazları sönük verilmiş, mənfi hallar isə qabarıq göstərilmişdir. Azərbaycan KR Mərkəzi Komitəsi ciddi nəticə çıxartmağı xəbərdarlıq edir. İstedadlı gənclərin yaradıcılıq qüvvəsini düzgün istiqamətləndirmək, yüksək ideyalı bədii filmlər yaratmaq lazımdır”. Həmin illərdə “Bir cənub şəhərində” filminin kino festivalarında iştirakına belə qadağa qoyulmuşdur. Bir sözlə, film heç bir mükafata layiq görülməmişdir.

Rejissor deyirdi ki, mənim üçün ən böyük mükafat odur ki, bu gün də tamaşaçılar “Bir cənub şəhərində” filminə böyük maraqla baxırlar. Deməli bu film zamanın nəbzini tuta bilib. Zənnimcə, əsas olan da elə budur.

Filmin ekranlara çıxmasından düz 30 il sonra yaradıcı qrupun “Humay” mükafatına layiq görülməsi bir daha onu təsdiq etdi ki, əsl sənət əsəri qadağalara, məhrumiyyətlərə baxmayaraq zamanın sınağından üzüağ çıxır və özünə yaşamaq hüququ qazanır.

FİLMİN YARADICI HEYƏTİ: Ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Eldar Quliyev, operator Rasim Ocaqov, rəssam-Kamil Nəcəfzadə, bəstəkar-Fərəc Qarayev.

Rollarda çəkiliblər: Həsən Məmmədov (Murad), Eldəniz Zeynalov (Tofiq), Hacı Murad Yegizarov (Cahangir), Sadıq Hüseynov (Babaş), Susanna Məcidova (Mənsurə), Məcid Dadaşov (Həsən), Natella Adıgözəlova (Rəna), Tatyana Xaritonova (Marina), A.Məmmədov (Sabir), Yusif Vəliyev (Səfərəli), Sadıx Həsənzadə (Mustafa), Bilqeyis Ələsgərova (Səkinə).

Xədicə QİYAS