III DokuBaku Beynəlxalq Sənədli Film Festivalının ilk günü Kino Evində: “Ursus zavodunun simfoniyası”
Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində ilk sənədli filmi bu gün Kino Evində təqdim olundu.
“Ursus zavodunun simfoniyası” adlanan tammetrajlı sənədli filmi təsirli insan dramıdır.
…Varşavanın kənarında tikilmiş Ursus zavodu Avropada kənd təsərrüfatı texnikasının ən böyük istehsalçılarından biri hesab olunub. Bir zamanlar bu zavod Polşa sənaye gücünü təcəssüm etdirirdi. Kommunizmin süqutundan sonra istehsalın səviyyəsi kəskin şəkildə aşağı düşür, zavodun yerləşdiyi ərazi tənəzzülə uğrayır və beləliklə də fəhlələr işdən çıxarılır.
Film qəhrəmanların öz hekayələrini anlatmaları ilə başlayır. Əslində onların bəziləri hələ də Varşavada -Ursus rayonunda yaşayırlar. Onlar zavodun xarabalıqlarına gəlir və əvvəllər olduğu kimi işləyirlər, amma növcud olmayan xəyali dəzgahlarla.
Onlar real və uydurma reallıq arasında sərhədləri silməklə qaynar fəaliyyəti, itirilən keçmişi bərpa edərək hər bir jest və səsi yaşayırlar. Çox səhnələri klip estetikasında çəkilmiş filmin final hissəsindəki traktorlarla qurulmuş mizanlar, sanki traktorların dirilmiş ruhlarının rəqsi kimi canlandırılır.
Cəlbedici vizual dildən istifadə edən “Ursus zavodunun simfoniyası” keçən dövrü xatırlatmadır və Polşanın müasir statusunu qurmaq üçün inadla çalışmış insanlara həsr olunub.
O da təsadüfi deyil ki, rejissor Yashmina Voychik film üzərində doqquz ay çalışıb və bu aylar ərzində qəhrəmanlarla qrup şəklində işləyib.
Filmin nümayişində əməkdar incəsənət xadimi, rejissor Nizami Abbas və kinorejissor Mübariz Nağıyev də iştirak edirdilər.
Nizami Abbasın fikrincə, səslər və bədən yaddaşının köməyi ilə mövcud olmayan zavodun iş həyatınının bir günü canlandırmaq, emosional musiqinin təsiri altında işçilərinı keçmişi xatırlayaraq o günü canlandırması sənədli film üçün yenilik hesab oluna bilər. Mübariz Nağıyev də həmkarı ilə həmfikir olduğunu bildirdi və onu da qeyd etdi: “ Maraqlı yanaşma, effektiv təqdimat. Bu, URSUS zavodunun simfoniyasından daha çox orada işləmiş adamların yaşadıqları ömrə nostalgiyası ilə dolu, itirilmiş həqiqətən sosial quruluşa bir oda idi”. Hər iki rejissor, sənədli filmə quruluş verən rejissor işinə yüksək qiymət versələr də, eyni zamanda filmdə görmək istədiklərini deməkdən də çəkinmədilər. Məsələn, film bitdikdən sonra yaradıcı heyətin təqdimatıyla kadrarxası məqamlar da göstərilir ki, bu da birmənalı qarşılanmadı. Bəlkə də çoxluq o fikirdə oldu ki, rejissor kadrarxası hazırlıqları gizli saxlamaqla filmi daha düşündürücü edə bilərdi.
Kinematoqrafçılar ittifaqının katibi ibi Əli İsa Cabbarovun fikrincə, “Ursus Zavodunun Simfoniyası”nda itirdikləri zavod üçün nostalji yaşayan fəhlələrin dramasını vermək sadəcə bir metaforadır, itirilmiş insan ömrünün dramasının metaforası: “Zavod ləğv oluna bilər, bəlkə müsbət iqtisadi nəticələri əldə edilib. Qəribədir ki, Qodfri Redjionun məşhur trilogiyasında böyük zavodlarda işləyən fəhləllərin konveyr əməyini təsvir edən kadrlar sivilizasiyanın dalana dirənməsinin vizual obrazıdır, bu filmdə isə olmayan zavodu xəyali dəzgahlarla işləyib canlandırmaq istəyən fəhlələr oliqarxiyanın qurbanı kimi göstərilir”.
Filmin rejissoru tamaşaçı auditoriyasını düşündürməyi bacardı. Hətta tamaşaçı hər epizodda yaranan suallara növbəti epizodda cavab tapmaqla, sanki rejissorla dialoq qururdu. Rejissor filmin içində idi, sualı yaradırdı, düşündürürdü və cavabını verirdi. Ümumiyyətlə bu sənədli filmə baxdıqdan sonra belə bir fikir yaranır ki, istənilən filmdə maliyyədən daha çox rejissor düşüncəsi, rejissor dünyagörüşü, onun kino üçün gətirdiyi yenilik böyük rol oynayır.
Filmin ssenari müəllifi Yaşmina Voyçik, İqor Stokfizevski
Rejissoru Yashmina Voychik, prodüseri Zuzanna Kroldur
Azərbaycan Kinematoqrafçılar İttifaqı