3-8 sentyabr tarixlərində Qazaxıstanın Bayqonur şəhərində IX Bayqonur Beynəlxalq Film Festivalı keçirilib.
Festivalda bir neçə bölmədə müxtəlif ölkələrdən filmlər nümayiş etdirilib. Beynəlxalq müsabiqədə qısametrajlı filmlər, yerli müsabiqədə, əsasən, tələbələrin çəkdiyi qısametrajlılar, tammetrajlı debüt müsabiqəsində isə Qazaxıstandan, eyni zamanda, qonşu ölkələrdən filmlər yer alıb. Yerli müsabiqədə filmlərin sayı çoxluq təşkil edib.
Festivalda Azərbaycanı, rejissor Teymur Qəmbərov “İki gün” bədii filmi ilə təmsil edib. Film “Ən yaxşı operator işi” kateqoriyasında mükafat qazanıb.
“Debüt” studiyasının istehsalı olan “İki gün” filmi 44 günlük Vətən müharibəsi zamanı kiçik bir ailənin həyatından bəhs edir. Film 2021-ci ildə AR Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib işlərindəndir. Mələk Bayramlı və Təranə Vəliyevanın rol aldığı filmin prodüserləri Orxan Abbasov və Lika Qavrişdir.
Qeyd edək ki, “İki gün” qısametrajlı filminin premyerası 54-cü Tampere Film Festivalında (Finlandiya) baş tutub.
aki.az