Ilkin Yusif qəhrəman axtarır

Fevralın 7-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə rejissor İlkin Yusifin “Mən qəhrəman axtarıram” sənədli filminin növbəti nümayişi baş tutub.

“Azərbaycan” Cinema kinoteatrında baş tutan tədbiri giriş sözüylə açan kinotənqidçi Sevda Sultanova bildirib ki, “Mən qəhrəman axtarıram” bir neçə dəfə nümayiş olunsa da, hər dəfə zalda tamaşaçı sayının çoxluğu filmə olan maraqdan və keyfiyyətli işdən xəbər verir.

Nümayişdən sonra filmin rejissoru İlkin Yusifin iştrakı ilə müzakirə keçirilib. Hüquqşünas Xalid Bağırov bildirdi ki, “Mən qəhrəman axtarıram” son illərin ən uğurlu filmlərindən biridir: “Mənə elə gəlir ki, bu film Azərbaycan sənədli kinosunda neorealizmin başlanğıcıdır. Qəhrəmanlar təbiidir, canlı və realdır. Hətta sosial-siyasi mövzulara da ehtiyatla toxunulur”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov çıxışında deyib ki, o, artıq bu filmə üçüncü dəfədir ki baxır və hər dəfə də eyni zövqü alır: “Birmənalıdır ki, filmdə İlkin bəy özünü axtarır. Bu film nəticə etibarilə, həm də, xalqımıza sevgi etirafıdır,. Filmə dəfələrlə baxmaq olar, hər dəfə də səni müsbət enerjiyə yükləyəcək”.

Yazıçı Jalə İsmayıl vurğuladı ki, “Mən qəhrəman axtarıram” bir Azərbaycan portretidir və mən məhz bu filmi xarici həmkarlarıma ölkəmizin insanını tanıtmaq üçün göstərərdim”.

Tədbirin sonunda İlkin Yusif qeyd etdi ki, o, növbəti sənədli filminin üzərində işləyir: “Film üzərində artıq hazırlıq prosesi başlayıb. Amma hələ ki, bu barədə ətraflı danışmaq istəmirəm”.

Qeyd edək ki, yol filmi estetikasında çəkilən “Mən qəhrəman axtarıram” filmində müəllif  həmvətənlərinin simasında qəhrəman axtarır və eyni zamanda özünü tapmağa çalışır.

“Mən qəhrəman axtarıram” rejissorun tammetrajlı debütüdür və çəkilişlər 2019-cu ildə İsmayıllı rayonunda baş tutub. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filmi “Humay” mükafatına təqdim edilib və film adıçəkilən mükafata layiq görülüb.

Film eyni zamanda uğurlu rejissor işinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının illik ənənəvi mükafatını da qazanıb. Bundan başqa, 2022-ci ildə keçirilmiş VI DokuBaku Beynəlxalq Sənədli Film Festivalında “No-Main” müsabiqəsində “Ən yaxşı tammetrajlı sənədli film” mükafatına layiq görülüb.

aki.az