İnqmar Berqmanın retrospektivi nəyi göstərdi

Azərbaycan Kinematoqrafçılar İttifaqı İsveç Krallığının Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində noyabr ayında “İnqmar Berqmanla üzbəüz” layihəsini həyata keçirdi.

İsveç teatr və kinorejissoru dahi İ.Berqman dörd filmi ilə – “Qışqırıqlar və pıçıltılar”, “Yeddinci möhür”, “Persona” və “Fanni və Aleksandr” tamaşaçıların görüşünə gəldi. Filmlər böyük anşlaqla və qızğın maraqla izlənildi. Tamaşaçılar tərəfindən böyük müzakirələrə səbəb olan filmlər Azərbaycanda ilk dəfə böyük ekranda nümayiş edilirdi.

22 noyabr tarixində nümayiş olunan sonuncu film də böyük maraqla qarşılandı. Nümayişlər “Azərbaycan” Cinema Plusda hər çərşənbə axşamı saat 19:00-da təşkil edildi.

Yeri gəlmişkən, Azərbaycan Kinematoqrafçılar İttifaqı  bundan əvvəl Fransız İnstitutu ilə Fransa kinosunun klassik  nümunələrinin nümayişi proqramı çərçivəsində və “Visla” Polşa Film Festivalı ilə, ən yeni Polşa filmlərinin nümayişi layihələri çərçivəsində əməkdaşlıq edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov bildirib ki, Avropa kino klassikasının Bakı nümayişlərinə AKİ olaraq diqqətlə və məsuliyyətlə yanaşırıq: “Bu həm repertuarın seçilməsi, mətnlərin tərcüməsi və hüquqi aspektlərə  aiddir. Belə ki, filmlər orijinal dildə , Azərbaycan və ingilis subtitrləri ilə, hüquqi cəhətdən iznli nümayişlər olub. İttifaqın katibliyinin əməkdaşları, nümayişlər üzrə məsul Ülviyyə Əhmədova, beynəlxalq əlaqələrə məsul  Afaq Yusifli və promo üzrə menecer İlqar Quliyevin bu nümayişlərin yüksək səvviyyədə  keçməsində böyük zəhməti var. İttifaq olaraq nümayiş proqramı üzrə tərəfdaşımız İsveçin Bakıdakı səfiri, cənab Tobias Lorentzson və səfirliyin əməkdaşı Sirus Rüstəmova minnətdarlığımızı bildirir və növbəti layihələrdə əməkdaşlığa ümid edirik”.

Qeyd edək ki, nümayişlər Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinoşünas Sevda Sultanovanın moderatorluğu ilə olan müzakirələrlə də yadda qaldı. Tamaşaçılar filmlər haqqında fikirlərini bildirdilər, müəllifin qaldırdığı dərin fəlsəfi mövzuları analiz etdilər.

Nümayişlər bird aha onu göstərdi ki, tamaşaçılarımız ciddi sənət əsərləri üçün darıxıb və ciddi filmlərin prokat taleyinə nikbin baxmaq olar.

aki.az