İrina Pavlova Rüstəm İbrahimbəyovun xatirəsinə

Rusiyalı sənətşünas, tanınmış kino və teatr tənqidçisi İrina Pavlova sənət dostu Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar rəsmi Facebook hesabında paylaşım edib.

İ. Pavlova paylaşımındakı təəssüf sözlərinə ustad ədəbiyyat, teatr və kino xadiminin xatirəsini əbədiləşdirəcək məqaləsini də əlavə edib.

Rüstəm İbrahimbəyov vəfat etdi… Onlar hamısı vəfat edirlər – kumirlər və cavanlıq dostları. “Sən” xitabı ilə danışdığımız insanlar, çünki rütbə və yaş fərqinə baxmayaraq, onlarla bu cür ünsiyyət mümkün idi; birlikdə araq içə-içə həyatdakı ən mühüm məsələlərdən danışa biləcəyimiz kəslər; elə adamlar ki, dünyanın hansısa ölkəsində sadəcə mövcudluqları müdafiə və dayaq nöqtəsi hissi bəxş edirdi…
Rüstəm uzun illər mənə yaxın adam olub…
Biz onunla Liteynıdakı Leninqrad teatrında lap çoxdan olmuş bir premyerada tanış olmuşduq; o teatrda onun “Şirəbənzər” pyesi tamaşaya qoyulmuşdu, onun ssenarisi üzrə çəkilmiş “İstintaq” filmi haqqında mənim həyat yoldaşımla birlikdə yazdığımız məqalə isə Rüstəmin çox xoşuna gəlmişdi.
O, bizə öz kitabını bağışlamışdı. O kitabı oxuyub bitirəndən bəri Pavlovun ağlına Rüstəmin “Kaliforniyada dəfn” pyesini ekranlaşdırmaq ideyası yerləşmişdi…
Biz Rüstəmlə kinematoqrafçıların məşhur Beşinci qurultayından sonra, 1986-cı ildə dostlaşdıq, o dövrdə bütün dünya elə çalxalandı ki, o vaxta qədər kifayət qədər zabitəli, yarı rəsmi, tamamilə iyerarxiya qaydaları ilə fəaliyyət göstərən və “seçilmişlərin” qapalı klubu təəssüratı doğuran Kinematoqrafçılar İttifaqı birdən “azadlıq, bərabərlik və qardaşlıq adasına” çevrildi. Onda  planlar nəhəng həcmdə görünürdü, ideyaların çulğalaşması isə gerçəkləşmə və ətrafımızda hər şeyin çiçəklənməyə başlaması təsiri bağışlayırdı…
Biz onda hələ bilmirdik ki, bütün bunlar nə ilə nəticələnəcək, özümüzü yeni dünyanın astanasında dayanmış kimi hiss edirdik.
Və elə hey danışırdıq, danışırdıq, danışırdıq.
Rüstəm artıq onda metr, ustad idi; ağsaqqal, çox böyük imkanlara və qeyri-adi potensiala malik insan idi. O, özünün yaradıcı potensialının yalnız yarısını reallaşdıra bildi və bu sadəcə bir neçə kitab, pyes, gözəl festival və film şəklində üzə çıxdı…
O, qeyri-adi dərəcədə sadəcə ağıllı yox, iti ağla malik, əzəmətli insan idi, qadınlar ondan xoşlanırdılar, heyranlıq hissi doğurmağı bacarırdı. Son dərəcədə güclü və cəsarətli insan idi. Və məhz onun haqqında demək olar: “Şirəbənzər”.

Bu gün onun vəfatı xəbərini alandan sonra mən heç cürə heç nə ilə əvəz edilməyəcək itkinin təsirindən boşluq və ağırlıq hiss edirəm və Fatimə İbrahimbəyova, Fuad İbrahimbəyov və Murad İbrahimbəyovun indi necə acı çəkdiklərini düşünməyə belə cəsarətim çatmır…
Nə vaxtsa, lap çoxdan mən onun haqqında məqalə yazmışdım, amma o məqaləni müxtəlif səbəblər üzündən dərc etməmişdilər. O vaxtdan mənimçün heç nə dəyişməyib, ona görə həmin məqaləni açıq ürəklə indi və burada diqqətinizə çatdırıram. Çünki indi lap dəqiq bəllidir ki, o vaxt yazdıqlarımda heç nə dəyişməyəcək. Əlvida, Rüstəm, mənim əzizim! Ruhun daim şad olsun!

RÜSTƏM

Rüstəm İbrahimbəyov hətta “Səhranın bəyaz günəşi”ndən savayı (V.Yejovla birlikdə) heç nə yazmasaydı belə sovet və Rusiya kinosunda möhkəm yerini tutacaqdı. Çünki hər filmə üç nəslin əzbər bildiyi replikalar miqyasında ümumxalq sevgisi nəsib olmur: “Şərq – incə məsələdir!”, “Gömrük xeyir-dua verir!”, “Gülçatay; üzünü açsana!”, “Çətin ki…”, “Sən bura necə gəlib çıxmısan?” – “Atırdılar!” və s. və i.a. Bu sovet “vestern-istern”i – artıq sadəcə janrın klassikası deyil, Amerika üçün “Küləklə sovrulanlar”dan heç də az əhəmiyyətli olmayan milli kinematoqrafik əfsanədir. Yumor, kədər, eyni zamanda həm lakonik, həm də dinamik, folklor arxetiplərinin istedadla istifadə edildiyi,  iti ağılla işlənmiş süjet; zərb-məsəl qəhrəmanı kimi ürəklərə yol tapmış möhtəşəm xalq xarakterləri – gömrükçü Vereşagin, əsgər Suxov və cihadçı Abdulla – bu filmi bütün xalqların və dövrlərin sevimlisinə çevirib. Amma peşəkar fəaliyyətinin ilk çağlarında üslüb xiridarı bacarığını ustalıqla nümayiş etdirmək istedadı İbrahimbəyova daha az şöhrət gətirdi, nəinki “Azərbaycanfilm”də istehsal edilən və sosial tənqidlə “yoğrulmuş” ssenarilərinin ekran həyatı. Lakin belə görünür ki, o, nəfis üslublu zərb-məsəl tərzli və intellektual dramaturgiyanı daha çox sevirdi, təsadüfi deyil ki, pyeslərini də məhz bu ruhda yazırdı. İbrahumbəyovun ssenariləri üzrə Bakıda çəkilən filmlərin – “Bir cənub şəhərində”, “İstintaq”, “Bağlı qapı arxasında” – ekrana çıxması ilə 1970-ci illərdə milli kinematoqrafın yüksəlişi baş verdi. Süjet qurmaq texnikasının bütün incəliklərinə bələdlilik, dili dəqiq duyub-tapmaq keyfiyyəti, cəmiyyətin sosial problemlərini dərindən anlama, üstəgəl İbrahimbəyovun yüksək təhsili və ziyalılığı, onun ümumi mədəni mühitə bağlılığı ( təkcə şərq mühitinə deyil, həm də qərb mühitinə) onun Azərbaycan pyeslərini, ssenarilərini və onlar üzrə çəkilmiş filmləri milli çərçivələrin buxovlarından azad bir təzahürə çevirirdi. Bu mənada uğuru ən çox etiraf olunan “İstintaq” (rej. R.Ocaqov) filmi oldu. Söhbət təkcə Rüstəm İbrahimbəyovun bu filmə görə aldığı SSRİ Dövlət Mükafatından getmir, amma nəzərdən qaçırmaq da olmaz ki, 1982-ildə 43 yaşlı yazıçı üçün bu çox böyük uğür idi. Lakin iş elə gətirdi ki, məhz bu ekran əsəri elə bir bayrağa çevrildi ki, onun altında birləşərək çoxəsrlik ənənələri, oturuşmuş vərəsəlik psixologiyası olan Şərq ölkəsində hakimiyyətin ən yüksək dairələrində rüşvətxorluqla rəsmi mübarizə kampaniyası başladı. Ümumiyyətlə, İbrahimbəyovun o dövrə aid Azərbaycan ssenarilərində kifayət qədər elə məqamlar var idi ki, onlar kök salmış milli vərdişlərin, ənənələrin; patriarxallığın mürgüsünü pozmaq müdaxiləsi kimi qavranılırdı. Bu cəsarətli, parlaq, dəbli addımlar idi. Hər şey istedadla düşünülmüşdü (İbrahimbəyovun süjetləri həmişə maraqlı və gözlənilməz xətt üzrə inkişaf edir). Təsadüfi deyil ki, yenidənqurma illərində o, “SSRİ  kinematoqrafçılarının V Qurultayının övladları” sırasında oldu və yenilənmiş Kİ-nin katibliyində beynəlxalq əlaqələrin həyata keçirilməsi ilə məşğul olmağa başladı. Bu əlaqələrin ən qabarıq nəticəsi Amerika-Sovet Kinoassosiasiyasının (ASK) yaradılması idi ki onun da fəaliyyət formalarından biri ən yaxşı ssenariyə görə mükafatın təsis edilməsi idi. Bu müsabiqənin sayəsində kinoya gənc kinodramaturqlar nəsli gəldi. Konkret olaraq, sonrakı mərhələdə A. Xvanın ekranlaşdırdığı “Dyuba-dyuba” ssenarisi ilə P. Lusik və A.Samoryadov mükafata layiq görüldülər.
Ola bilər ki, İbrahimbəyovun 1980-ci illərin ikinci onilliyinə aid ən məşhur ssenarisi Roman Balayanın quruluş verdiyi “Qoru məni, mənim talismanım” kinolayihəsidir. Bu ssenari o vaxt elə bir problemi qaldırmışdı ki, müasirlər bunu layiqincə dəyərləndirə bilməmişdilər.
1986-cı ildə o, ziyalı mərasimlərinin hətta “sitayiş ünvanını” belə dəyərdən salmaq xüsusiyyətinə malik olması haqqında əhvalat qələmə almışdı. Bu, ən zərif hisslərin ifadəsində yolverilən ədəb-ərkansızlıq formalarından və bu formaların gec-tez o hisslərin məğzinin təhrifinə aparıb-çıxarmasından bəhs edən süjet idi. İbrahimbəyov bu problemin ifadəsi üçün o dövr ziyalılarımızın ən müqəddəs tapınma ünvanı olan Puşkinə məhəbbəti və puşkinətrafı mərasimləri seçmiş, müasir intellektualı Puşkin dramı ilə “sınağa çəkmişdi”. Bu sınağın nəticələrinin arzuolunmazlığı o vaxt demək olar ki, qalmaqal effekti yaratmışdı… Lakin biz hamımız o vaxt ehtimal belə edə bilməzdik ki, bütün bunlar öncəgörmə səviyyəsində olub az vaxt sonra kütləvi reallığa çevriləcək. Elə buna görə də film demək olar ki, unudulub…
90-cı illərdə Rüstəm İbrahimbəyovun adı onun ssenarisi üzrə əvvəlcə özünün rejissor debütü olan “Müharibənin sonunda qısa bir gün”, daha sonra “Urqa”, “Günəşdən usanmışlar” və “Sibir bərbəri” kimi blokbasterlər çəkən Nikita Mixalkovun filmləri ilə ayrılmaz tellərlə bağlanır.
İbrahimbəyovun peşəkar karyerasının ilkin çağlarında üzə çıxan parlaq keyfiyyətləri zamanında yersiz təsir bağışlasalar da, 90-cı illərdə tamamilə yerli-yataqlı mövqeyini tutdu. Forma duyumu, üslub və janr müəyyənliyi, qədərində duyğusallıq, məlahətlə sərrast söz çatdırmaq bacarığı və irihəcmli, azca şişirdilmiş xarakterləri qələmə almaq bacarığı, ötəri dəb statusuna minmiş məfhumlar qarşısında əbədi bəşəri dəyərlərin prioriteti – indiki kinonun çatmayan cəhətləri məhz bunlardır. Mixalkovun rejissor istedadının özəllikləri isə ssenaridən məhz belə keyfiyyətlər tələb edir. “Urqa”nın itiyozumlu süjet xətti çox da ciddi olmayan, lakin zərif dramaturji quruluşla süslənərək incə və dəqiq məişət müşahidələrinə, janr naxışlarına yol açdı, bu isə öz növbəsində və rahatlıqla yaşamın ümumbəşəri fəlsəfəsini doğurdu. İbrahimbəyovun bu dövrə aid ssenariləri quruluşçu rejissora mütləq qaydada qeyri-adi, paradoksal situasiyalar təklif edir və eyni zamanda “rejissor manevrləri” üçün geniş meydan açır. Bu ssenarilərin danılmaz hissiyyatlı təbiəti, maddi dünyanı “dadlı-tamlı” təqdim etmək xüsusiyyəti yaşamın qeyri-adi sevincini bərqərar edir. Bu hiss olmadan “Günəşdən usanmışlar”ın qəhrəmanlarının faciəsi daha batqın səslənərdi.
“Urqa”nın Venesiya kinofestivalında qazandığı uğur və Kann-“Oskar” zəfəri İbrahimbəyov dramaturgiyasına dünya kinodəbinin də etinasız qalmadığının birbaşa sübutudur.
Təxminən 10 il o, SSRİ-nin dağılmasından az əvvəl  Kinematoqrafçılar İttifaqının parçalandığı Kinematoqrafçılar İttifaqları Konfederasiyasına rəhbərlik etdi (kinematoqrafçılar həmişə Tarelkin kimi “tərəqqidən bir az irəlidə qaçırlar!”), başqa sözlə, dağılmış dövlətin vahid mədəni məkanının qorunub-saxlanmasına obyektiv töhfəsini verirdi. Rəhbərlik missiyasını məhz o, möhkəm əli və əsl şərqli müdrikliyi, diplomatikliyi ilə yoluna qoyurdu. İctimai xadim, gerçək kinoprosesin iştirakçısı, sadəcə peşəkar kinematoqrafçı olaraq İbrahimbəyov çox az şəxsin ləyaqət hissini qoruyub-saxlaya bildiyi illərdə bu hissi heç bir halda, heç bir şəraitdə öləziməyə qoymadı. Parlaq, qeyri-adi, koloritli şəxsiyyət olaraq o, kino ictimaiyyətimizin bugünkü bəsitliyi fonunda xüsusilə möhtəşəm görünür. Düzünü desəm, o, məncə, yeganə şəxsiyyətdir ki, hər kəsdən hər şey uman və rica edən kəslərin sırasını zənginləşdirmədi, özü-özlüyündə olaraq qalmağın öhdəsindən gəldi.

aki.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.