İsveç film günlərinə start verilir

İsveç Krallığının Bakıdakı səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə əməkdaşlığı çərçivəsində İsveç film günlərinə start verilir. Nümayişlər 7-14-21-28 noyabr tarixlərində “Azərbaycan” CinemaPlus-da olacaq. İlk film Erik Poppenin “Emiqrantlar” tammetrajlı bədii filmi olacaq.  Film ailəsi ilə birlikdə İsveçdən Amerikaya mühacirət edən Kristina Nilssonun həyatından bəhs edir. “Yenidən başlamaq. Özünü yenidən yaratmaq. Bu mümkündürmü? Biz hansısa yeni ölkəyə köçürük, yoxsa ölkə bizə?” Kristina, ömrü boyu bu suallara cavab axtarır. Filmin müddəti 148 dəqiqədir.

Noyabrın 14-də nümayiş olunan ikinci film Tarik Salehin “Cənnətdən gələn oğlan” tammetrajlı bədii filmidir. Film Qahirədə Əl-Əzhər Universitetində təhsil alan Adəmin dini və siyasi mübarizənin qurbanına çevrilməsindən bəhs edir. Filmin metrajı 125 dəqiqədir.

Noyabrın 21-də Sanna Lenkenin “Komediya kraliçası” tammetrajlı bədii filmi nümayiş olunacaq. 13 yaşlı Saşa stend-ap komik olmaq istəyir. Onun əsas məqsədi, anasının vəfatından sonra üzü gülməyən atasını güldürməkdir.  Filmin metrajı 93 dəqiqədir.

Sonuncu film noyabrın 28-də Lasse Hallströmün rəssam qadın Hilmanın həyatından bəhs edən “Hilma” tammetrajlı bədii filmidir. Film onun uşaqlıq dövründən başlayır və qəhrəmanın sənəti bütün dinlərə və mədəniyyətlərə mənsub insanlarla əlaqə quranda bitir. Filmin müddəti 119 dəqiqədir. Filmlər orjinal dildə Azərbaycan dilində altyazılarla “Azərbaycan” CinemaPlus-da nümayiş olunacaq.

aki.az