Oktyabrın 28-də “Azərbaycan” CineMastercard-da “İsveç film günləri” layihəsi çərçivəsində sonuncu filmin nümayiş baş tutdu.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveç Krallığının Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Yens Syöqrenin “Mən Zlatanam” bədii filmi təqdim edildi. Tədbiri giriş sözü ilə açan kinotənqidçi, moderator Sevda Sultanova İsveç səfirliyinə əməkdaşlıq üçün təşəkkürünü bildirdi və növbəti illərdə də azərbaycanlı tamaşaçların İsveç kinosunun yeni, maraqlı müəllifləri ilə tanış olacaqlarına ümid etdiyini söylədi:

“İsveç səfirliyinə, cənab Tobias Lorentzsona təşəkkür edirik ki, builki filmlər sayəsində Salli Bauer, Hammarşöld kimi işıqlı, parlaq şəxsiyyətləri tanıdıq. Bu gün göstərəcəyimiz film də bioqrafikdir. Zlatan İbrahimoviç dünya şöhrətli futbolçudur və yerli futbol həvəskarları onun haqqında yaxşı məlumatlıdırlar. O, İsveç yığmasında ilk qolunu Azərbaycanla oynayanda vurub. Yığma komandanın tərkibində 62 qol vurub və İsveç yığmasının tarixində ən yüksək nəticəni göstərib. Bu hekayə təkcə futbol həvəskarları üçün yox, hər kəs üçün maraqlı olacaq. Çünki filmdə İbrahimoviçin futbol karyerası fonunda onun şəxsi dramı, ailəsi, cəmiyyətlə münasibətləri, ziddiyyətli xarakteri açılır. Müəlliflər İbrahimoviçin uşaqlıq, yeniyetməlik dövrünün ən vacib epizodlarını seçərək düzgün və dinamik ritmdə dramaturgiya qurublar. “Mən Zlatanam” kitabının müəllifi, həm də filmin ssenaristlərindən biri David Lagerkrants deyir ki, bu, Rusenqorddan başlayan və məşhurlaşan bir autsayderin klassik hekayəsidir: “Çalışmışıq ki, bu hekayənin bütün mürəkkəb tərəflərini verək və onun ağrılı nöqtələrini, gözlənilməz dönüşlərini vurğulayaq”. Bu, azlıqda qalsa da cəsarətli qərarlar qəbul edən, axına qarşı gedən, cəngavərlik ruhuyla savaşan, məğlub olmayan, özünə sadiq bir şəxsin hekayəsidir”.
Nümayişdən sonra filmin müzakirəsi başladı. Moderator bildirdi ki, İbrahimoviç, karyerası ərzində 500 dən çox qol vurub:
“O, İsveçin kriminal hadisələrin çox olduğu Rusenqord rayonunda doğulub, atası bosniyalı, anası xorvatdır. İbrahimoviç çətin şəraitdə böyüyüb, onun bütün həyatı mübarizələrdən ibarətdir. Özünün dəliqanlı, döyüşkən, maraqlı xarakterilə çox fərqlənirdi. İngiltərə yığması ilə görüşdə Puşkaş mükafatına layiq görülən, futbol tarixinin ən cəsarətli, gözəl qollarından birini vurdu. Müsahibəsində deyir ki, qolu vurandan sonra İngiltərə yığmasının hücumçusu, Velbekə dedim ki: “Ey, əclaf, sən bir də belə qol görməyəksən… O, mənə heç nə etməmişdi. Sadəcə, məni qəzəb, ən yaxşı olmaq iddası həmişə qələbəyə təhrik edir”. Ona görə İbrahimoviç məhz rəqib meydanında rəqib komandanın fanatlarının onu fitə basması, qəzəbi fonunda özünü daha canlı, daha döyüşkən olduğunu hiss edirdi. Müsahibəsində daha maraqlı bir məqama toxunur ki, bunu filmdə də görürük. O, deyir ki, bizim ailədə sevgi təsəvvürü başqadır, biz bir-birimizi əzizləyərək sevgimizi bildirmirik. Əksinə, bizdə sevgi qəzəblə, əsəblə özünü büruzə verir. Anası onu taxta qaşıqla döysə də, atası ilə konfikti olsa da, onlar bir-birini dərin sevgi ilə sevirlər. Zənginləşəndən sonra atasına maşın, anasına ev alıb. Belə bir təsirli məsələni də vurğulayır: “Mən ailəmə maddi cəhətdən kömək edirəm, onlara deyirəm, sizə gələndə soyuducunuz dolu olmalıdır. Hətta mən ac olmasam belə. Çünki uşaqlıqda soyuducumuz boş olurdu. Mən bu təsviri beynimdən silmək istəyirəm”.

Kinoşünas Sədaqət Kamal filmdən çox şey gözlədiyini dedi: “Mənim oğlum futbol azarkeşidir və bura gəlmədən öncə Zlatanın qollarını göstərdi. Qollara baxanda Maya Plisetskayanın bir fikri yadıma düşdü. O, deyirdi ki, futbol – baletdir. Mən həqiqətən Zlatanın qollarına baxanda bir baleron gördüm. Epizodlarda onun qollarına incəsənət nöqteyi-nəzərdən fikrin, analizin də olmasını istərdim. Amma bunu görmədim. Onun emosiyaları çox qabardılıb. İbrahimoviçin balacalığını oynayan aktyor əla idi”.
Başqa bir tamaşaçı bu filmə görə AKİ-yə və İsveç Səfirliyinə təşəkkürünü bildirdi:
“Çox maraqlı, stimul verən pozitiv filmdir. Xoşuma gələn məqamlardan biri o idi ki, baxmayaraq, müəllimlər uşağı tənqid edir, amma atası ona dayaq durur və bu, onda özünə inamı formalaşdırır. Tək olanda isə onu tənbeh edir. Bir də xoşuma o gəldi ki, uşaq yemək tapmır və dərhal çıxış yolu tapa bilir, şüşələri satıb özünə yemək alır. Artıq uşaq yaşlarından o, müstəqil şəxs kimi formalaşır. Düşünürəm ki, onun uğur əldə etməsində bunun da rolu var. Yaxşı olardı ki, bu filmin ikinci hissəsi də çəkilsin, Zlatanın qollarının fəlsəfəsi, zirvədə olduğu dönəm, nailliyyətləri necə əlində saxlaması və ulduz xəstəliyinə tutulmaması haqda”.

Digər tamaşaçı da filmi çox bəyəndiyini dedi: “Maraqlı çəkiblər. Əsas məqsəd məncə odur ki, uşaqlıqda əziyyət çəkən uşaq güclənir, möhkəmlənir. Və problemlər onu daha da stimullaşdırır, formalaşdırır. Psixoloji nöqteyi-nəzərdən filmin müsbət tərəfləri çoxdur”.
Daimi tamaşaçılardan biri İlham Qafarov qeyd etdi ki, filmi üç hissəyə bölmək olar:
“Uşaqlığı, yetkinliyi və daha yaşlı dövrü. Sırf uşaqlıq dövrü ayrıca, yaxşı uşaq filmidir. İkinci hissəni isə AFFA-da göstərmək olar. Futbolçularla münasibəti necə qurmaq baxımından”.

Moderator, İbrahimoviçin taekvando ilə məşğul olduğunu qeyd etdi: “Buna görə də yaxşı akrobatik qollar vururdu. Filmdə belə bir yer var, onun agenti “Yuventus”da oynayan Filippo İndzaqini nümunə kimi göstərir. Halbuki İndzaqi simulyasiyaları ilə məşhur idi. Və vaxt gəldi, İbrahimoviç texnikası, xarakteri, liderliyi, uğurları ilə onu kölgədə qoydu. İbrahimoviçin uşaqlığını Dominik Bayraktari, yeniyetmə və gəncliyini Qranit Ruşiti oynayır. Yeniyetməlik roluna 2500-dən çox aktyor sınaqdan keçirilib, hətta rejissor aktyor tapa bilmədiyinə görə layihəni bağlamaq istəyib. Nəhayət, Qraniti tapıb. Qranit və Dominik, hər ikisi peşəkar futbolla məşğuldurlar. Rejissor deyir ki, ona elə aktyorlar lazım idi ki, qəzəbi, xarizması, cazibəsi, dəliqanlılığı dərhal hiss edilsin, çünki personajın açar cəhətləri bunlar idi”.
Tamaşaçılardan biri bu fikirlərini bölüşdü: “Atası deyir ki, sənin haqqında çox danışacaqlar, onu öz gücünə çevir. Onun gücü bunda idi. O, lider kimi doğulub. Nəyisə kompleks etmirdi. Velosipedi yox idi, oğurlayırdı. Problem qarşısında aciz qalmırdı, onun həll edirdi”.

Başqa bir tamaşaçının fikrincə isə İbrahimoviç İsveçin milli sərvətidir.
İsveç, Danimarka və Norveçin birgə istehsalı olan “Mən Zlatanam” bədii filminin ssenari müəllifləri Yakob Bekman, Zlatan İbrahimoviç və David Lagerkrants, operatoru Yesta Reyland, bəstəkarı Markus Yaqerstedtidr.
aki.az

