İsveç film günlərinin sonuncu nümayişi baş tutdu

Noyabrın 28-də “Azərbaycan” CinemaPlus-da “İsveç film günləri” layihəsi çərçivəsində sonuncu bədii film “Hilma”nın  nümayişi baş tutdu.  Filmin rejissoru Lasse Hallström haqda məlumat verən moderator Sevda Sultanova bildirdi ki, o,  məşhur ABBA qrupuna çəkdiyi klipləri ilə tanınıb: “Bu kliplər özünün novator üslubları ilə seçilirdi. Ona şöhrəti isə 1985-ci ildə Oskar mükafatına namizəd olan  “Cəhənnəmə dönən həyatım” bədii filmi gətirdi. Bu film Amerika prodüserlərinin diqqətini çəkdi və rejissora əməkdaşlıq təklif elədilər. Hallström daha çox Amerikada filmlər çəkir nəinki İsveçdə”.

Rejissorun yaradıcılığının əsas cəhətlərini vurğulayan moderator bildirdi ki, onun ekran əsərlərinin həm sənət dəyəri var, həm də kommersiya uğuru gətirir: “Şokolad”, “Şərabçıların qaydaları” filmləri mükafatlara layiq görülməklə yanaşı böyük gəlir əldə edib. Maraqlı bir faktı deyim ki,  “Gilbert Qreyp nə yeyir?” filmindəki roluna görə 19 yaşlı Leonardo Di Kaprio  kinotənqidçilərin “ümidverici gənc aktyor” mükafatını alıb. Hallström aktyorlarla yaxşı işləyir, maraqlı təhkiyəçidir və filmlərində yumşaq yumor var”.

Daha sonra rejissorun “Hilma” filmi haqda danışan moderator qeyd etdi ki,  Hilma af Klint təsviri sənətdə abstraksionizmin ilk nümayəndələrindən biri sayılır: “Ekspressionistlərdən, həmçinin, Munkdan təsirlənən Hilma spiritualizmlə məşğul olub və ruhlar aləmindən aldığı mesajlar əsasında rəsmlər çəkib, eyni zamanda bununla bağlı yazılı qeydləri var. “Hilma” filmi rəssamın ruhi-mənəvi dünyası, insanlıq və kainat haqqında həqiqət axtarışları barədədir.

“Hilma” filmi tamaşaçılar tərəfindən maraqla qarşılandı. Qeyd edək ki, noybar ayı ərzində baş tutan “İsveç film günləri” Azərbaycan Kinematoqrafçılar İttifaqı və İsveç Krallığının Azərbaycandakı səfirliyinin birgə layihəsidir.

aki.az