Oktyabrın 14-də “Azərbaycan” CineMastercard-da “İsveç Film Günləri”nin çərçivəsində növbəti nümayiş keçirildi. Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə İsveç Krallığının Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Per Flünün “Hammarşöld” bədii filmi nümayiş etdirildi.
Tədbiri giriş sözüylə açan kinotənqidçi, moderator Sevda Sultanova filmin premyerasının 2024-cü ildə Rotterdam kinofestivalında baş tutduğunu dedi:
“Film real əhvalat əsasında çəkilmiş bioqrafik siyasi dramdır. Daq Hammarşöld universal adam idi: iqtisadçı, filosof, tarixçi, şair, yazıçı və diplomat. O, faciəli ölümündən sonra Nobel Sülh mükafatına layiq görülmüşdü. Daq Hammarşöld BMT-nin baş katibi olanda xeyli beynəlxalq konflikti uğurla həll etmiş və sülhməramlı qüvvələri yaradıb əməliyyatları təşkil edən ilk BMT katibi olmuşdu. O, böyük dövlətlərin marağına zidd olaraq müstəmləkəçiliyin, irqi ayrıseçkiliyin əleyhinə mübarizə aparırdı və müstəqil mövqeyi ilə seçilirdi. Per Flü bu filmdə onun həm siyasətçi, həm insani tərəflərini önə çəkir”.
Filmdən sonra ənənvi müzakirə oldu. Rejissor haqda məlumat verən moderator rejissor Per Flünün danimarkalı olduğunu dedi: “Skandinaviya ölkələrinin kinematoqrafçıları arasında həmişə sıx əməkdaşlıq var, müştərək filmlər çox çəkilir. Flü bundan öncə İsveçin məşhur caz ifaçılarından biri – Monika Zatterlund haqqında “Monika Z” adlı bioqrafik dram çəkmişdi. Ümumiyyətlə, onun, demək olar ki, bütün filmlərində siyasi motivlər vurğulanır. “Danimarka” adlı trilogiyasının hər filmi cəmiyyətin müxtəlif təbəqələri haqdadır. Per Flü Trierin “Antixrist” filmində ssenari üzrə məsləhətçi olub. Hammarşöldun şəxsi həyatı ilə bağlı bəzi qeydləri edim. Onun ulu babaları Kral sarayında yüksək rütbəli zabitlər, atası Yalmar Hammerşöld İsveçin baş naziri olub. Anası isə məşhur hüquqşünaslar nəslindəndir.
Hammarşöldun ölümü ilə bağlı 6 rəsmi təhqiqat aparılıb. Amma nəticəyə varılmayıb. Onun ölümünün təsadüfi qəza, yoxsa sui-qəsd olduğu hələ də müzakirə edilir. Bəzi mənbələrə görə, təyyarəni belçikalı təyyarəçi Risehem vurub. Amma bu fakt sübut olunmayıb. Amerika, Belçika və İngiltərə bu hadisəylə bağlı arxivləri açmır. Arqumentləri budur ki, ölkəmizin təhlükəsizliyi naminə aça bilmərik. Rejissor isə filmində bunun planlaşdırılmış qəza olduğunu göstərir və müsahibələrinin birində deyir ki, bu, bizim baxış bucağımızdır”.
Sonra kinoşünas Sədaqət Kamal filmlə bağlı fikirlərini bölüşdü:
“Filmə baxanda elə bildim ki, bugünki hadisələrə baxıram. Saakişvilini də, Trampı da gördüm, çox şey gördüm. Bioqrafik filmlərdə, adətən, qəhrəmanın mənfi tərəflərini qabartmırlar. Bu filmdə də o vardı. Görünür ki, qəhrəman təkdir. Təkliyini də gostərmək üçün onu daha yuxarıdan göstərirlər. Sanki Allah kimi yuxarıdan aşağı baxır. Ağ vərəqlər isə onunla Allah arasında bir yoldur. Mənə elə gəldi ki, Patris Lumumbanın öülümündə onu günahı vardı. Vaxtında güc göstərsəydi, onun həyatını xilas edərdi”.
İlham Qafarov bildirdi ki, Hammarşöld BMT tarixində ən nüfuzlu baş katibi olub: “1961-ci ildən sonra onun qədər nüfuzlu şəxs olmayıb BMT-də. Filmə baxanda məndə belə təəssürat yarandı ki, əsas diqqət onun şəxsi həyatı üzərində cəmlənib. BMT-də olan müzakirələr, iclaslar bir qədər primitiv görünürdü. Süjet xətti, əsasən, onun şəxsinə, şəxsi çətinlikləri üzərində qurulub, amma bu, siyasi karyerasıyla balanslaşdırılmış şəkildə edilib. Düzdür, o dövrlə bağlı çox mülahizələr var. Amerikalara görə o, solçu, kommunistlərə görə sağçı idi. Afrikaya gedəndə isə hamı deyirdi ki, kommunist gəlir”.
Daha sonra moderator BMT-də baş katib olarkən, Hammarşöldun xidmətləri haqda danışdı:
“O deyirdi ki, BMT müstəqil olmalı, bütün dövlətlər neytrallaşmalıdır. O, FBR əməkdaşalarını ofisdən çıxardı. Hammarşöld preventiv diplomatıyanın tərəfdarı idi, yəni münaqişə ağırlaşmadan bütün tərəflərlə danışığa başlamağı və ortaq məxrəcə gəlməyi vacib sayırdı. Ona görə Konqoda böhran olanda separatçı Çombe ilə danışqılara gedir. Onun istefasını tələb edən Xruşşova cavabı çox məşhurdur: “İstefa vermək asan yoldur, əsas məsələ qalmaq və müqavimət göstərməkdir”. Bu filmdə rejissorun əsas məqsədi çox tanınan, nüfuzli bir adamın, əslində, nə qədər tək, tənha olduğunu göstərməkdir”.
Sonda tamaşaçılardan biri qeyd etdi ki, öz idealları uğrunda ölməyə hazır olan şəxslər hər zaman hörmətə layiqdirlər: “Təbii ki, müəyyən səhvləri olur. Nə zamansa hamı kimi qətiyyətsizlik göstərə bilərlər. Məncə, hadisələr 1960-cı illərdə baş verir. Amma kostyum dizaynları, parça materialları o dövrə uyğu deyil. Bircə iradım odur”.
Qeyd edək ki, oktyabrın 21-də Viktor Danelin “UFO İsveç” filmi nümayiş olunacaq.
aki.az

