IV ANİMAFİLM FESTİVALINDA UŞAQ MÜNSİFLƏR HEYƏTİNƏ ÜZVLƏRİN SEÇİM QAYDALARI

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) tərəfdaşı olduğu IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 20-24 oktyabr 2021-ci il tarixlərində Bakıda keçiriləcək.

5 gün davam edəcək festivlda uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri təqdim olunacaq. Və builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.

Qeyd edək ki, festivalın Təşkilat Komitəsi bu ilki festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq. Uşaq münsiflər heyətinə üzvləri festivalın təşkilat komitəsi seçəcək. Təşkilatçılar bu ilki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edir. Belə ki, „Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və „Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi“ müsabiqəsinin qaliblərini 20-30 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək. Bunun üçün aşağıdakılar tələb olunur:

1.Yaş məhdudiyyəti: 7-17 yaş;

2.Azərbaycan dilində sərbəst danışmalıdır. Festival beynəlxalq səviyyəli olduğu üçün uşaqların ingilis dili bilməsi arzuolunandır, amma şərt deyil.

3.Uşağın motivasiya məktubu.

Məktub bu mövzuları ehtiva etməlidir:

– Motivasiya məktubunun başlanğıcında özü haqqında qısa məlumat;

– Animasiya filmlərinə diqqətinin səbəbi;

– Ən çox sevdiyi animasiya filmi;

– Janr baxımından ən çox baxdığı animasiya filmləri;

– ANİMAFİLM festivalının uşaq münsif heyətində iştirak etmək istəyinin səbəbi;

– Münsif qismində əsaslanacağı meyarlar;

– ANİMAFİLM festivalı haqqında bildikləri.

4.Məktuba bunlar əlavə olunmalıdır:

– Hər hansı bir animasiya filminə dair esse (şrift Arial, ölçüsü 12, sətirlərarası məsafə 1.15, 1 səhifəyə qədər);

– Uşağın bir ədəd rəngli fotoşəkli (ölçü 3×4);

– Valideynlər tərəfindən imzalanmış icazə forması (formanı buradan yükləmək olar – https://bit.ly/3jEKBpd).

5.Müraciətlər 15 avqust, 2021-ci il tarixinədək [email protected] e-poçt ünvanına göndərilməlidir.

Nəticələr avqustun 31-də www.animafilm.az saytında dərc olunacaq.

aki.az