Kadrarxasında qalan Azərbaycan

Mayın 10-da Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kadrarxasında qalan Azərbaycan” adlı, yerli sənədli filmlərə həsr olunmuş tədbiri baş tutub.
Azərbaycan Cinema”da keçirilən tədbirin moderatorluğunu Sevda Sultanova edib.

Kinorejissorlardan Rövşən Nicat, Nurlan Həsənli, Lətif Lətifsoy və Əfsanə Yusifin filmlərinin yer aldığı tədbirdə çox sayda tamaşaçı qatılıb.
Autizm sindromlu uşaqlar, xadimə işləyən rus dili müəlliməsi, Kəlbəcərin artıq qaçqın olmayan sakinlərinin həyat yolu sənədli filmlərin əsas mövzusu olub. Filmlər kadrarxasında qalan Azərbaycanı sənədli ekrana gətirib.

“Anya” filmi xadimə işləyən rus dili müəlliməsinin həyatını əks etdirir. Vizual həlli ilə seçilən filmin rejissoru Lətif Lətifsoydur. Rejissor mövzunu seçmə səbəbini belə açıqlayır: “Mövzu seçimi məndə sadəcə bir eksperiment idi. Məni narahat edən saysız mövzulardan, mənə daha yaxın və əlimdəki imkanlara uyğun olan mövzuya üstünlük verdim. Zənnimcə, sənədli film çəkərkən, mövzunu hiss etmək başlıca amildir”.
Autizm sindromundan əziyyət çəkən uşağın gündəlik həyatını əks etdirən “Onlar” filmi, hadisələrin görünməyən tərəfini izləyiciyə çatdırır. Bir ailənin timsalında autizm sindromlu uşağı olan ailələrə və bu sahədə olan boşluqlara diqqəti çəkir. Rejissor moderatorun “niyə məhz sənədli film?” sualını belə cavablandırıb: “Bu filmi çəkməyi planlaşdırarkən, fərqli metodla  yanaşmaq qərarına gəldim. Bədii film istehsalatı zamanı, plana uyğun olaraq istənilən vasitəni az da olsa maliyyə ilə, hətta pulsuz da əldə etmək imkanı olur. Sənədli film isə ayrı bir dünyadır.
“Nə qəşəng uşaqdır…Danışmır?” filminin çox hissəsi görüntüsüz – yalnız səs vasitəsilə, tamaşaçıya çatdırılıb.  Müxtəlif reaksiyalarla müşayiət olunan film autizm sindromlu uşaqların valideynlərinin hisslərini, emosiyalarını, cəmiyyətdə qarşılaşdıqları təzyiqləri və onların bu təzyiqlərə olan reaksiyalarını özündə cəmləşdirib.

Qeyd edək ki, müzakirə zamanı auditoriyadan səslənən fikirlər müxtəlif olub.
Rejissor Əfsanə Yusif filmin janrını – sabjanr, inklüziv sənədli film olduğunu vurğulayıb.
Tamaşaçıların arasında əyləşmiş, autizm sindromundan əziyyət çəkən uşağın valideyni fikirlərini belə ifadə edib: “Mən bir autist sindromlu övlad anası kimi, heç kəsin görmədiyini görməyə başladım. Fikrimcə orda heç bir görüntüyə ehtiyac yox idi. Müəllif filmdə bizim yaşadıqlarımızın bir qismini verməyə nail olub. Mən sizə təşəkkür edirəm”.
Rejissoru Rövşən Nicat olan “Hədiyyə” filmi məcburi köçkün olan ailənin hekayəsindən bəhs edir. Filmin kortəbii çəkilişi, vizual və montaj həlləri, filmdə səslənən musiqilərin rejissor tərəfindən bəstələnməsi auditoriya tərəfindən maraqla və müsbət qarşılanıb.
Filmin operator işi (operatorlar Elxan Rüstəmov, Elşən Bədəlov) peşəkarlar tərəfindən xüsusi olaraq  qeyd edilib.

Tədbir, filmlərin müzakirəsi ilə yekunlaşıb.

aki.az