Kamil Nəcəfzadə - 90
20-27 dekabr tarixlərində Muzey Mərkəzində xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi keçiriləcəkdir. .
Kamil Nəcəfzadə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirmiş, sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirmişdir. 1955-ci ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayan K.Nəcəfzadə 40-a yaxın filmdə quruluşçu rəssam kimi çalışıb. “Ad günü”, “Bizim küçə”, “Bizi bağışlayın”, “Doğma sahillər”, “Gecə qatarında qətl”, “Əsl dost”, “Qara daşlar”, “Qızıl uçurum”, “Səmt küləyi”, “Ulduz”, “Uzaq sahillərdə” və b. filmlər rəssamın quruluşunda daha da zənginləşib.
Rəssam səhnəqrafiya və kino filmlərin bədii tərtibatı ilə yanaşı, eyni zamanda rəngkarlıq və qrafika nümunələri də yaratmışdır. Həmin əsərlərdən “Azərbaycan harayı”, “Yaylaqda səhər”, “Tarix bağışlamır”, “Çay kənarında”, “Əli Zeynalov”, “İmran Qasımov” və s. adlarını qeyd etmək olar.
K.Nəcəfzadənin əsərləri Yaponiya, Türkiyə, Çexoslovakiya, Almaniya, Fransa, Kanada və başqa ölkələrin muzey və şəxsi kolleksiyalarda saxlanılır. Sərgidə nümayiş olunacaq rəngkarlıq və qrafika əsərləri rəssamın ailə kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçiləcəkdir.
Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılışı dekabr ayının 20-də, saat 18:30-da Muzey Mərkəzində baş tutacaqdır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı