Kinematoqrafçılar İttifaqının əsas tərəfdaş olduğu animasiya festivalında Cahangir Süleymanov animasiyanın sirlərindən danışacaq

Xəbər verdiyimiz kimi, “ANİMAFİLM” Beynəlxalq II Animasiya Festivalı başlamaq üzrədir. Festivalın münsiflər heyətinin üzvlərindən biri olan Cahangir Süleymanov Rusiya Federasiyasında geniş fəaliyyəti olan animator-rejissorlardandır. O, Azərbaycanda o qədər də tanınmasa da, Rusiyada maraq dairəsi güclü olan tamaşaçı auditoriyasına malikdir.

İlk dəfə ötən il Azərbycanda keçirilən animasiya festivalı onun vətənində tanınması üçün şərait yaratdı. Belə ki, rejissor Bakıda keçirilən I Animasiya Filmləri Festivalında münsiflər heyətinin üzvü olub.

Xatırladaq ki, C.Süleymanov, həm kiçiklərin, eyni zamanda böyüklərin sevimli animasiya serialı olan “Gülməşəkər şarlar”ın (“Смешарики”), “Fiksiklər”, “Pinkod” animasiya seriallrının yaradıcılarından və rejissorlarından biridi.

Rejissor, maarifləndirici təsiri olan “Gülməşəkər şarlar” cizgi filmləri silsiləsinin ideyası barədə deyir ki, bu serialda qətiyyən şiddət, zorakılıq yoxdu: “Doğrudur, personajlar ən müxtəlif xarakterlərə sahibdirlər, biri tez inciyir, biri həddindən artıq emosional, hərəkətlidi, digəri əksinə – hərəkətsizdi. Yəni adi insanlarda olduğu kimi. Onlar yaşayırlar, hərdən mübahisə, münaqişə eləyirlər, barışırlar. Amma bütün bunlar zorakı xarakter daşımır. Mən harasa gedəndə, ordakı insanlar bu cizgi serialını çəkənlərdən biri olduğumu biləndə məni dayandırıb təşəkkür eləyirlər, təəccüblənirlər. Çünki əksər insanlar animasiyaların hansısa başqa planetdə yarandığını, onların bura hardansa gətirildiyini düşünürlər”.

Yeri gəlmişkən, C.Süleymanov Animafilm II Bakı Beynəlxalq Animasiya Festivalının  münsiflər heyətində üzvdür və festival günlərində mühazirələr söyləyəcək, bir çox mövzulara toxunacaq. Bunlar arasında animasiyada rejissorluq, animasiya seriallarının janrları, serialın yaradılması üzərində iş. Rəsm çəkirik, səs və musiqi yazırıq, serialların istehsalında əsas məsələ: janra məhəbbət, animasiya serialının istehsalı, rejissor işinin xüsusiyyətləri, animasiya seriallarının janrları, və s. mövzuları misal gətirmək olar.

Azərbaycan Kinematoqrafçılar İttifaqı