Azərbaycan Kinematoqrafçılar İttifaqına kinematoqrafçıların müraciətlərinin əsas mövzulardan biri, dövlət dəstəyilə həyata keçirilən kino layihələrində (film və tədbirlər) ödəmələrin gecikməsi ilə bağlıdır. Bəzən, bitmiş layihələrinin aktlarının imzalanması belə gecikdirilir.
Bunun obyektiv və subyektiv səbəbləri var. Sifarişçi tərəflə icraçı tərəf arasında şəffaf və operativ məlumatlandırma kino mühitində gərginliyi azalda bilər. Bəzən problemlər məsul şəxslərin iş telefon nömrələrinin olmaması ilə də bağlı ola bilir: icraçılar bir qayda olaraq, aidiyyəti orqanların məsul şəxslərinin şəxsi telefonlarına zəng etməli olur, bu da əks tərəfdə haqlı narazılıq yaradır. Elektron ünvan vasitəsilə əlaqə isə həmişə operativ olmur. Kommunikasiya üçün məsul əməkdaşın və iş nömrələrinin olması, gecikmə ilə bağlı rəsmi, publik səsləndirilə biləcək şərhlərin verilməsi, prosesləri tezləşdirər.
Gərginliyin yaranma səbəblərindən biri də, bir qayda olaraq film istehsalı və kino tədbirləri sahəsində əməkdaşlıq edən şirkətlərin maliyyə ehtiyatının olmaması ilə bağlıdır. Ənənəvi biznes sahələrinin ödəmə gecikmələrinə qarşı immuniteti kino şirkətlərimizdə hələ formalaşmayıb.
ARKA – Azərbaycan Respublikasının Kino Agentliyinin cari il ərzində elan etdiyi iki müsabiqə, son aylar fəaliyyətində sezilən müsbət dinamikanın davam edəcəyi təqdirdə, kino sahəsində maliyyə ehtiyatı olan kino şirkətlərinin formalaşmasına, prodüser heyətlərinin kargüzarlıq, maliyyə planlaması sahəsində püxtələşməsinə, sırf kino istehsalı üzrə püxtələşən hüquqşünasların formalaşmasına gətirə bilər. Aidiyyəti qurumları icraçı şirkətlərlə ödəmə və imazalanmalar ilə bağlı operativ komunikasiyaya səsləyirik.

