Kinematoqrafçılarımızın xarici səfərlərinə dəstək
Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnamə məqsədlərindən biri, Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyasıdır. AKİ katibliyindən bildiriblər ki, bu səbəbdən İttifaq kinematoqrafçılarımızın xarici səfərlərinin dəstəyinə xüsusi önəm verir. Qarşıdan gələn həftələrdə İttifaq iki səfərə maliyyə dəstəyi ayırıb.
Qazaxıstanda 6-10 sentyabr tarixlərində VIII Baiqonyr Beynəlxalq Film Festivalı keçiriləcək. Keçən ildən etibarən festivalın nəzdində MDB ölkələrinin kinoşünasları və kino tənqidçiləri üçün forum da fəaliyyətə başlayıb. Bu il ikinci dəfə baş tutan forumda AKİ-nin dəstəyilə kinotənqidçi Aygün Aslanlı da iştirak edir.
30-dan çox əcnəbi mütəxəssisin iştirak etdiyi forumun işi 4 istiqamətdən ibarət olacaq:
1) “Kinoşünaslıqda müasir tendensiyalar və çağırışlar: tədqiqat, təhlil və perspektivlər” mövzusunda panel sessiyası.
2) Müəllif mühazirələri, ustad dərsləri
3) Festivalda nümayiş olunan filmlərə baxış, müzakirə etmək və rəylər yazmaq;
4) Kinoşünas və tənqidçilərin rəyinə əsasən, festivalda iştirak edən ən yaxşı filmin seçilməsi
AKİ-nin film nümayişləri üzrə meneceri, kinorejissor Ülviyyə Əhmədova sentyabrın 5-dən 10-a qədər Latviyada keçirilən “Baltic Sea Forum for Documentaries”də iştirak edir. Peşəkar sənədli film rejissorları üçün keçirilən beynəlxalq festival Baltik dənizi regionu, Şərqi və Mərkəzi Avropa regionunu əhatə edir. Festivalda 24 sənədli layihələrin pitçinqi, yeni sənədli filmlərin nümayişi, ustad dərsləri və prodüserlərlə görüş nəzərdə tutulub.
Hər iki səfərin xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanır.
aki.az