Kino Evində Firəngiz Qurbanovanın yaradıcı dünyasına səyahət oldu

Oktyabrın 19-u, II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya festivalının ikinci günündə, Kino Evində əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü Firəngiz Qurbanovanın yaradıcılıq gecəsi keçirildi.Rejissor Azərbaycan animasiyasına verdiyi töhvələrə görə, festivalın ənənəvi –  “Qızıl qayıq”  mükafatına layiq görüldü.

Gecədə rejissorun çəkdiyi “Seans”, “Arzunu yarat”, “Akvarium”, “ Bir gün axşam vaxtı” , Zəkanın yatması” və “Kürən” animasiya filmləri nümayiş olundu. Bu filmlərin yaranmasından uzun illər keçməsinə baxmayaraq, tamaşaçıların fikrincə, onlar indi də öz təravətini saxlayıb və aktualığını itirməyib.

Qeyd edək ki, Firəngiz xanım  filmlərində özünəməxsus dünyanı yaradır.

Festivalın rəhbəri Rəşid Ağamalıyev qeyd etdi ki, Firəngiz xanım müəllif kinosu çəkir və animasiyamızda müəllif kinosunun olması çox vacibdi.

Firəngzi xanım isə öz növbəsində filmləri hansı texnika ilə çəkməsindən danışdı. Belə ki, rejissor bir qayda olaraq kino və animasiyanın sərhədində qarışıq texnika ilə çalışır.

Əslində rəqəmli texnologiyalar kəşf edilməmişdən öncə, istehsalatın lentdə olduğu zamanlarda bunun nə qədər zərgər işi tələb etdiyini təsəvvür etmək olar. “Seans”, Bir gün axşam vaxtı” “Akvarium” filmlərində müəllif-rejissor bir lentdə iki təsviri , kino və əllə çəkilmiş təsviri, ikili ekspozisiyada birləşdirir. Maraqlısı odur ki, Firəngiz xanım maraqlı aktyor kəşfləri ilə də seçilir. Fəxrəddin Manafovun və Nuriyyyə Əhmədovanın ilk aktyor işləri məhz F.Qurbanovanın filmlərində olub. Rejissor bu barədə deyir: “Mən çəkə -çəkə düşünürəm, gələcək filmi təsəvvür edirəm. “Bir gün axşam vaxtı”  filmində tənha qadını çəkdim və onu kim oynayacağını düşünürdüm. Birdən studiyanın koridorlarında bir gənc xanımı gördüm , elə bil mənim çəkdiyim eskiz canlanmışdı. Bu Nuriyyə Əhmədova idi”. Hələ heç bir filmə çəkilməmiş, özünü axtaran gənc aktrisa, rejissorun “Seana” filmində də onunla əməkdaşlıq edir. Ssenariyə əsasən “film içində film” texnikasında yazılan həmin film fəlsəfi mesajı, özünəməxsus vizual dili, atmosferi olan sənət əsəridir.

Rejissor Əli İsa Cabbarov, həmin filmi ilk dəfə SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyasında gördüyünü və “Nu poqodi” və “Cırtdan”a öyrəşmiş yeniyetmə üçün estetik şok olduğunu söylədi: “Uzun illərdən sonra Kino Evinin rahat zalında böyük ekranda baxanda da film tamaşaçını yenə də biganə qoymadı. Ümumiyyətlə, Firəngiz xanımın rejissor stili animasiya və bədii kinonun sərhəddindədir və filmlərin əsas özəlliyi, gücü bundadır”.

Firəngiz Qurbanova onu da bildirdi ki, Moskvanın Kino Komitəsində onun ilk filmini qəbul edəndə sənədlərdə bu əsərin hansı formatda (animasiya ya bədii kino ) olmasını müəyyən etməkdə çətinlik çəkiblər. .

Filoloq, ssenarist İntiqam Mehdizadə bu səviyyədə filmlərimiz olduğu halda, nəyə görə telekanallar tərəfindən göstərilmnədiyi problemini önbə çəkdi: “Filmlər çəkilir qoyulur “polkaya”, bəs niyə çəkilir?”.

Rəşid Ağamalıyev Animafilm festivalının əsas məqsədlərindən biri kimi filmlərimizin təqdimatı, təbliği və yayımı olduğunu bildirdi.

Firəngiz Qurbanova fürsətdən istifadə edib Animafilmin heyətinə, şəxsən Rəşid Ağamalıyevə mədiyyətimiz və animasiyamız üçün belə mühüm əhəmiyyəti olan tədbiri keçirilməsi üçün təşəkkürünü bildirdi.

Yeri gəlmişkən, tədbirin iştirakçıları da belə festivalların keçirilməsini  müasir mədəniyyətimizdə vacib hadisə kimi qiymətləndirdilər.

Sonda Firəngiz xanım rəhbəri olduğu “Birlik” studiyasının heyətini təqdim etdi-Cavid və Zema Əhədovalar  Firəngiz xanımın oğlu və gəlini olmaqla yanaşı, həmfikirləri və silahdaşlarıdır. Hər ikisi qonaqları və festival heyətini ciddi animasiyaya diqqət ayırdıqları üçün minnətdarlıq etdi və bildirdilər ki, müasir xarici animasiyalarla tanışlıq onların fəaliyyəti üçün ciddi stimuldur.

Tədbirin sevindirici anlarından biri də Rəssamlıq Akademiyasının professoru, eyni zamanda Kinematoqrafçılar İttifaqının Kino Məktəbində Animasiya bölməsinin rəhbəri F.Qurbanovanın tələbələri – Banu Adaşevanın H. X. Andersenin əsəri əsasında  “Kibritçi qız”,  Kübra Binnətovanın alman nağılı əsasında çəkdiyi “Yalançı kral”  adlı nümunələrin nümayişi oldu. Hər iki tələbənin animasiyada ilk addımları olan işlərində zövq və ciddi sənətə bağlılıq hiss olunurdu. Deməli müəllif animasiya sadəcə dünən demək deyil, eyni zamanda sabahdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı