Kino Evində “Əlvida, cənub şəhəri”nin nümayişi oldu
Avqustun 20-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Rüstəm İbrahimbəyovun “Təbəssümlə oyanaraq” əsəri əsasında rejissor Oleq Səfərəliyevin quruluş verdiyi “Əlvida, cənub şəhəri” filminin nümayişi olub.
Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (“Rossotrudniçestvo”) ilə birlikdə təşkil olunan tədbirdə filmin mövzusu, müraciət olunan mövzunun öz dövrü üçün aktuallığı kimi məsələlər müzakirə olunub.
Yeri gəlmişkən, Qarabağ müharibəsinin başlanması nəticəsində paytaxt Bakıya üz tutmaq məcburiyyətində qalan, istəmədən qaçqın həyatı yaşayan insanlarımızın paytaxt sakinləri ilə münasibətlərindən bəhs olunan film adından da göründüyü kimi, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1969-cu ildə çəkilən “Bir cənub şəhərində” filminin məntiqi davamı kimi düşünülüb.
O da təsadüfi deyil ki, 2006-cı ildə ekranlaşdırlan “Əlvida, cənub şəhəri” filmi 2007-ci ilin fevralında Berlin Film Festivalında, həmin ilin iyulunda Çexiyanın Uherske-Hradişte şəhərində keçirilən beynəlxalq film festivalında, sentyabr ayında isə Qazaxıstanda IV beynəlxalq “Avrasiya” kinofestivalında nümayiş etdirilib.
Filmin yaradıcı heyəti: Ssenari müəllifi: Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Oleq Səfərəliyev, quruluşçu operator Murad Əliyev, quruluşçu rəssam Mayıs Ağabəyov və Əziz Məmmədov, bəstəkar Səyavuş Kərimidir.
aki.az