Kino Evində “Anamın yox oluşu” təsirli səhnələrlə yadda qaldı
Bu gün Kino Evində III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində ikinci sənədli film təqdim olundu.
“Anamın yox oluşu” tam metrajlı sənədli filmi 60-cı illərin modeli olan Benedetta Barzininin həyat hekayəsinin bəzi anlarından bəhs edir. Həmin Benedetta Barzini ki, dünya podiumlarından əfsanə kimi gəlib keçib, həyatın hər üzünü görüb. İstər uşaqlıq illərində, istər cazibəsi ilə, səhnə duruşu ilə qəlbləri fəth edəndə və istərsə də yalnızlığa çəkilərək kameraların obyektinə tuş gəlməkdən çəkindiyi vaxtlarda həyatdakı pis-yaxşı nə varsa hamısının şahidi olub. O deyir: “Bir aktyor, fotoqraf və ya dizayner olsanız, CV-nizi minlərlə müxtəlif yerə göndərə və birinin çağıracağına ümid edə bilərsiniz. Zəng gəlmədikdə və özünüz maraqlandıqda belə bir cavab alırsınız: “Biz səninlə işləmişik, indi başqaları ilə işləyirik”.Beləliklə, 25 illik fəaliyyətim müddətində bir şey edə bilməməyimi hiss etdim”.
…Və həmin anda boşluq başlayır, yox olmaq istəyirsən. Bəlkə də qəhrəmanımızın yox olmaq kimi arzusu gördüyü, şahid olduğu həqiqətlərin, əslində yalan üzərində qurularaq parlaq görsənməsindən başqa bir şey deyil. Çünki şöhrət duyğuları sadəcə parlaq bir görüntüdür.
Benedetta Barzini 1973-cü ildə model biznesini tərk edərək Milanda marksist və radikal feminist təşkilata qoşulur. Uzun illər fəaliyyətini davam etdirir. Artıq onun danışığında, duruşunda, cazibəsiylə insanları heyran edən modeldən daha çox özünə, ağlına, fikrinə inanan QADIN MODELİ dayanırdı. O qadın ki, kişilərlə bərabər qadınların da haqlarını müdafiə edirdi. Sonralar o, pedaqoji fəaliyyətə başlayır, 2008-ci ildən Milanda – Urbino Universitetində dərs deyir və eyni formada davam edir-feminist qadın və feminist ruhlu tələbələr…
Benedetta Barzinini anlamaq çətin olsa da, onunla həmfikir olanlar az deyil. Model, jurnalist və professor Benedetta niyə yox olmaq istəyir? 75 yaşında həyatın onun üzərinə yapışdırdığı bütün rollardan niyə bezib, hər şeyi və hər kəsi niyə arxada buraxmaq istəyir və niyə dünyadan mümkün olan ən uzaq nöqtəyə yoxa çıxmaq qərarına gəlir və s. kimi suallar onun haqqında çəkilən “Anamın yox oluşu” filmində cavablandırılır. Əslində bütün bu suallara filmi çəkən rejissorun cavab verməsi heç də çətin olmayıb, çünki o Benedettanın kiçik oğlu Benyamino Barzinidir. Anasını tanıdığı kimi, gördüyü kimi, tam səmimi şəkildə kamera önünə gətirməyi bacarır, onun səyahətinə şahidlik edir.
Rejissorun anası haqqında fikirləri maraq doğurur: “”Mənə elə gəlir ki, hələ də onun qəlbinin şəklini çəkə bilməmişəm. Anam mənim üçün sirrdir. O, həddən artıq gözəldir, çox ağıllıdır… Onun yanında mən həmişə vaxtın gedişini dəhşətli dərəcədə hiss edirdim: o, ondan qorxmurdu, amma mən qorxurdum. Və mənim fotoşəkillərimdən heç biri onun gerçəkliyini əks etdirə bilməz. Kəskin başa düşürəm: mən onu çox az çəkirdim və öz şəkillərimlə bu gözəlliyin hekayəsini — sirrini və dərinliyini, inanılmazlığını danışa bilmədim”.
Oğlunu incitməmək üçün onun filmində çəkilən qadın ümid edir ki, bu, ona “yox olmağa” kömək edəcək.
Ümumiyyətlə ana ilə oğul arasındakı əməkdaşlığın nəticəsi filmə böyük fikir gətirməsə də, rejissor, məna baxımından bir qadının, gözəl bir qadının arzu və istəklərini alqışlamaqdan çəkinməyib. Belə bir yaradıcı düşüncəli bir qadının oğlu olan rejissor, başqa cür də düşünə bilməzdi. Çünki hər şeydən əvvəl o bir övladdır və anasının qocaldığının, gündən-günə azaldığının, bir sözlə yox oluşunun şahididir.
Əməkdar incəsənət xadimi Nizami Abbasın fikrincə, rejissor anasından istifadə edərək diqqəti çəkmək istəyib və ona qarşı sevgisi yoxdur: “ Əks nümunə olaraq Teymir Daiminin “bu sevgidir” filmini gətirmək olar, orda da can üstə olan anasını çəkən rejissor bu günkü filmin rejissoru Benyamino Barzinidən fərqli olaraq sevgi ilə, şəfqətlə göstərir”.
Psixoloq Zenfira Hüseynova qadının psixoloji durumunun qısa xülasəsini anlatdı: “ Bendettanın xarakterində kişi başlanğıcı daha güclüdür və depresiyasının da əsas səbəblərindən biri də budur”.
Rejissor Əli İsa Cabarov filmdə qadının üsyanına diqqəti çəkdi: “Dünyanı idarə edən kişilər qadınlara geyim və həyat tərzini diqtə edir, oyun qaydalarını sırıyır. Filmin qəhrəmanı isə dəb və əyləncə industriyasının ulduzu olmasına baxmayaraq özündə güc tapıb və bu dünyaya üsyan edib”.
Filmin müzakirəsində fikirlər müxtəlif olsa da, həqiqət ondan ibarətdir ki, rejissor oğul anasının artıq həyatla vidalaşan məqamını lentə köçürməklə, öz həyatının sonrakı məqamında ayaqda durmaq üçün, anasını hər zaman da yanında hiss etmək üçün özünə güc toplamaq fikrindən uzağa gedə bilməyib, hətta getmək istəməyib…
Filmin ssenari müəllifi və rejissoru Benyamino Barrezi, prodüseri Filippo Macellonidir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı