Kino Evində II Animafilm Beynəlxalq Animasiya Filmləri Festivalının açılış mərasimi baş tutdu
Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya festivalının açılış mərasimi oldu.
Açılış mərasimi açıq elan edən aparıcılar, ənənəyə əsasən festivalın yaranma tarixi – Animafilm Bakı Beynəlxalq festivalının Azərbaycanın ilk beynəlxalq animasiya festivalı olduğunu və uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərindən ibarət olduğu, eyni zamanda bu ilki Azərbaycan animasiyasının 50 illiyinə həsr olunduğu barədə məlumat verdilər.
Qeyd edək ki, animasiya filmləri üzrə seçim komissiyasına Rəşid Ağamalıyev, Nəzrin Əlizadə (Azərbaycan), Liz Mansresa (Fransa), Vojtěch Kiss (Çexiya), Piotr Ficner (Polşa) və İlenia Cotardo (İtaliya) daxildir. Sonra söz festivalın təşkilatçısı Rəşid Ağamalıyevə verildi. O, bildirdi ki, bu ilki festivalın mövzusu Çexiya animasiyasına həsr olunub: “Bu baxımdan da festivalda Çexiya filmlərinə müsabiqədənkənar proqramda baxış təşkil olunacaq. Ümumiyyətlə bu dəfə keçirilən festival çox maraqlı və yadddaqalan olacaq”.
Təşkilatçı çıxışını bitirdikdən sonra münsiflər heyətini- Animasiya rejissoru Məsud Pənahi(Almaniya), animator, rejissor Cahangir Süleymanov(Rusiya), rejissoru Afət İlhamqızı, animasiya üzrə rejissor Zeynəb Qurbani Fəryad(İran), ədəbi tənqidçi İntiqam Qasımzadəni səhnəyə dəvət etdi. Münsiflər heyətinin üzvləri hər biri festival barədə qısa məlumat verərək mərasim iştirakçılarını salamladılar.
Animasiya rejissoru Məsud Pənahi uzun illərdir Almaniyada yaşamasına baxmayaraq, doğma vətəndə-Azərbaycanda belə festivalların keçirilməsinin Azərbaycan animasiyasının inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və onu da qeyd etdi ki, uşaqlar üçün təşkil olunan animasiya vorkşopları fransız və yunanıstanlı animatorlar tərəfindən aparılacaq. Festival zamanı yunan və çex cizgi filmlərinin təqdimatları, müsabiqə proqramları və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.
R.Ağamalıyev kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas tərəfdaş kimi onlara Kino Evində yaratdıqları şərait üçün təşəkkür edərək sözü İttifaqın katibi Əli İsa Cabbarova verdi.
Ə.İ.Cabbarov öz çıxışında qonaqların diqqətini festivalın keçirildiyi 18 oktyabr tarixinə çəkərək bildirdi ki, bu gün Azərbaycan tarixinin ən önəmli günlərindən biridir: “Məhz bu gün Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Animasiya festivalının açılış mərasiminin 18 oktyabr müstəqillik gününə təsadüf etməsi ikiqat bayram sevinci yaşadır. İnanırıq ki, müstəqilliyimiz əbədi olacaq və həmişə belə festivalları bayram təntənəsi ilə qeyd edəcəyik”.
Qeyd edək ki, festivalın açılış mərasimində Çexiya və Latviya səfirliklərinin nümayəndələri də iştirak edirdi.
Xatırldaq ki, üç gün nəzərdə tutulmuş festivalda müxtəlif yaş qrupları üzrə uşaqlar üçün animasiya vorkşopları da təşkil olunacaq. Bütün filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti və uşaqlardan ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər oktyabrın 20-də 2-ci “Animafilm” festivalının bağlanış mərasimdə elan olunacaq. Açılış mərasimin sonunda festival proqramlarının filmləri nümayiş olundu.
Azərbaycan Kinematoqrafçılar İttifaqı