Kino Evində Leyla Bədirbəylinin xatirəsi yad edildi
Zahiri gözəlliyin ağıl, istedad, bacarıq və insani keyfiyyətlərlə haşiyələnməsi yaradılışın mükəmməllik məqamıdır. Xalqımızın tarixində belə məqamların simaları az deyil.
Azərbaycan Kinematoqrafçılar İttifaqı Leyla Bədirbəylinin 100 illik yubileyini qeyd etməklə o məqamlardan birini bir daha canlandırdı.
İncəsənət xadimlərinin iştirak etdiyi tədbirdə sənədli filmlər rejissoru, əməkdar incəsənət xadimi Ziya Şıxlinski çıxışında vurğuladı ki, Leyla xanım gözəlliyi və sənəti ilə Azərbaycan qadınının rəmzidir.
Xalq artisti Həmidə Ömərova Leyla xanımla bağlı xatirələrini, təəssüratlarını bölüşərək dedi ki, Leyla xanımın “insan nə qədər yüksəlsə də insaniyyətliyini, sadəliyini itirməməlidir” sözü hər zaman onun yadındadır. Aktrisa Leyla xanımın davranışının mükəmməlliyindən, Kinoaktyor teatrının bədii rəhbəri olduğu dövrdə gənclərə qayğıkeş münasibətindən söz açdı.
Tanınmış teleaparıcı, əməkdar artist Nərgiz Cəlilova qeyd etdi ki, Leyla Bədirbəyli müxtəlif yaş nəslinə mənsub sənətsevərlərində rəğbət, heyranlıq və ehtiram hissi doğuran nadir sənətkarlardandır. Misal olaraq N.Cəlilova Leyla xanımın həm onun anası, həm özü və həm də qızı tərəfindən sevildiyini qeyd etdi.
Kinematoqrafçılar İttifaqının Kino Evində Rahib Azərinin təqdimatında baş tutan tədbirdə Leyla Bədirbəyliyə həsr olunmuş və tədbir iştirakçılarını biganə buraxmayan verilişi də nümayiş olundu.
Azərbaycan Kinematoqrafçılar İttifaqı