Kino Evində “Məzar” filmi nümayiş olunacaq
21 dekabrda Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində “Məzar” filminin təqdimat mərasimi keçiriləcək.
Film Azərbaycan Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, “Qarabağ” futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Bağırov haqqındadır. Həmin Allahverdi Bağırov ki, 1992-ci ildə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bu bir faktdır.
2007-ci ildə sosial şəbəkələrdə Allahverdi Bağırovun məzarının fotosu yayıldı ki, bu da müzakirə obyektinə çevrildi. Müzakirənin əsas səbəbi işğal olunmuş Ağdamda daş-daş üstə qalmadığı halda Milli qəhrəmanımızın məzarı qorunub saxlanılırdı. Bu müəmmalıı məqam hamını düşündürürdü. Çünki söhbər sıradan birindən deyil, əksinə Azərbaycan torpaqları uğrunda savaşan, şəhidlik zirvəsinə yüksələn bir qəhrəmandan gedirdi.
Qarabağ qazisi, jurnalist Asəf Quliyev baş verən müəmmalı durumu araşdırmağı qərara alıb və uzun axtarışdan sonra “Məzar” filmini araya-ərsəyə gətirib.
Yeri gəlmişkən, A.Quliyev işğaldakı qəbiristanlıqlarımızın fonunda, Qarabağ münaqişəsini beynəlxalq təşkilatların gözü önünə gətirib.
Ümumiyyətlə filmin çəkilişləri Avropa Birliyinin “Sülh təşəbbüsləri” proqramı çərçivəsində reallaşıb. Müəllif belə bir film üçün müraciət edib və razılıq alıb.
Filmin ssenari müəllifi və rejissoru Asəf Quliyevin dediklərindən: “1992-ci ildə, müharibənin ən qızğın dövründə Allahverdi Bağırov Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq, əsirlərin dəyişdirilməsi, döyüş meydalarında qalan cəsədlərin çıxarılması üçün fəaliyyət göstərib. Hansı ki, həmin dövrdə onun Cenevrə Konvensiyasından xəbəri olmayıb. Amma əsirlərlə bağlı konvensiyanın prinsiplərinə uyğun davranıb. Bu Azərbaycanın milli qəhramanının hansı keyfiyyətlərə malik olduğunu göstərir. Mən də çalışdım ki, film vasitəsilə bunu dünyaya olduğu kimi təqdim edim”.
Bakı Press Klubun təşəbbüsü və təşkilatçılığı ilə Kino Evində Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” proqramı çərçivəsində çəkilmiş filmin təqdimatı 21 dekabr saat 15.00-da olacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı