Kino Evində təqdimatlar silsiləsi davam edir
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində filmlərin təqdimatlar silsiləsi davam edir.
23 sentyabr tarixində Kino Evində Orxan Ağazadənin quruluşunda “Oturacaqlar”, Daniyel Quliyevin quruluşunda isə “Bic” qısametrajlı filmlərinin nümayişi olacaq.
Orxan Ağazadə və Daniyel Quliyevin ilk debütləri olan , “Oturacaqlar” və “Bic” filmləri Beynəlxalq Film Festivallarının müsabiqə iştirakçısı olub. Mövzu və rejissor baxışını nəzərə alarsaq, o zaman demək olar ki, hər iki qısametrajlı film Azərbaycan kinosu üçün yenilik ola bilər.
Azərbaycan və İngiltərənin birgə istehsalı olan “Oturacaqlar” filminin ssenarisi və rejissoru Orxan Ağazadə, operatoru Cameron Vard, rəssamı və kostyum dizaynı Lara Zeidan, musiqisi Məməd Ansa, prodüseri Mina Salimi, koprodüserləri Azər Həsənov və Ruslan Ağazadədir.
Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Məmmədova, İskəndər Abbasov və b. ifa edirlər.
Filmin mövzusuna gəlincə, hisslər dünyasında yaşayan sevgi qəhrəmanlarının bir-birinə olan duyğularından bəhs edir.
D.Quliyevin çəkdiyi “Bic” filminin mövzusu isə ailə dramı üzərində qurulub. Belə ki, kənddə yaşayan 16 yaşlı Natiq günlərin birində ailə rüsvayçılığından qurtarmaq üçün könüllü əsgərliyə gedir. Və hadisələr də bundan sonra cərəyan etməyə başlayır.
Filmdə iştirak edirlər: Toğrul Əhmədov(Natiq), Gülər Babayeva(Arzu), Zülfiyyə Qurbanova(Vəfa), Roman Hüseynov(Zaur), Bayram Muradlı(İmam) və b.
“Bic” qısametrajlı filminin musiqisi Firudin Allahverdiyə, prodüser işi Qurban Bünyadova aiddir.
Filmlərin çəkiliş prosesindən və yeni nəslin bu sahədə özünü nümayişindən bəhs edən rejissor bildirir ki, film çəkmək üçün yaxşı ssenari və maliyyə əsas şərtlərdəndir.
Yeri gəlmişkən, Daniyel Quliyev “Zaman donsa”, “Empatiya”, ” Fobia” sosial roliklərinin və “Piyada” filmlərinə quruluş verib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı