AKİ-nin tərəfdaşlığı ilə 1-3 sentyabr tarixlərində keçirilən təlimlərdə 20-ə yaxın gənc kinosevər ssenarist, dramaturq İsmayıl İman, rejissor, ssenarist, prodüser Türkan, kinotəqndçi, ssenarist Hacı Səfərovun mühazirələrində iştirak edərək film çəkilişləri, ssenari yazılış texnikası, kino tənqidilə bağlı ilkin məlumatlar alıblar. Təlimlərin sonunda isə iştirakçılar üç gün ərzində öyrəndiklərini praktikaya tətbiq edərək üç dəqiqəlik qısametrajlı filmlər çəkiblər.



“CamCutMove” təlimləri ilə bağlı təəssüratlarını bölüşən Hacı Səfərov, təlimlərdə iştirak edən gənclərin yeni tendensiyalarla çox maraqlandıqlarını, xüsusilə, müasir filmlərdən kifayət qədər xəbərdar olduqlarını bildirib: “Mənim mühazirələrim, kino tənqidinin əhəmiyyəti, onun bizə nələri öyrənməyə imkan verdiyi, filmlərin analiz üsulları, hansı elementlərin necə oxunduğu haqqında idi. Mühazirələrin interaktiv keçməsinə çalışırdım, buna görə də, uşaqlara müxtəlif suallar verirdim. Onlar da başlanğıcda bir az çəkinsələr də, sonra fəallaşdılar. Ümumi olaraq, gənclərin potensialını bəyəndim. Əgər kino ilə davamlı şəkildə məşğul olsalar, çox yaxşı nəticələr əldə bilərlər”.
Rejissor Türkan Hüseyn də təlimlərdə müşahidə etdiklərindən, iştirakçıların marağından razı qaldığını bildirib: “Təbii ki, iştirakçıların hamısı kino ilə maraqlanırdı, amma aralarında bir neçəsi məhz bu sahə üzrə təhsil alıb peşəkar şəkildə davam etmək istəyirdi. Hamısı mühazirələrə çox maraqla qulaq asırdılar, detallara xüsusi diqqət yetirirdilər. Bizim hər üçümüzün danışdıqlarımızı – istər film çəkilişləri, istər kamerarxası iş, büdcə təşkili və ya layihə hazırlamaqla bağlı – çox yaxşı qavramışdılar. Sonda üç qrupa ayrılaraq bizdən öyrəndikləri əsasında üç dəqiqəlik filmlər çəkdilər. Deyim ki, yaşlarına, təcrübəsizliklərinə baxmayaraq, həm təqdimat, həm loqlayn baxımından kifayət qədər peşəkar çəkilmiş və maraqlı filmlər alınmışdı. Hər birində seçilmiş janrın qaydalarına əməl olunmuşdu, hərəsinin özünəxas montaj üslubu vardı. Mən əmin oldum ki, belə təlimlərin olması Azərbaycan kinosunun gələcək inkişafı üçün vacibdir. O uşaqların arasından mütləq yeni adlar, peşəkarlar çıxa bilər. Sadəcə onları istiqamətləndirmək, bir az təhsil vermək lazımdır. Ondan sonra özləri yollarını tapacaqlar”.
aki.az

