Kino Məktəbində Əli Xamrayevin ustad dərsləri başlayır
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində növbəti ustad dərsləri silsiləsi davam edir. Bu dəfə görkəmli ssenarist, kinorejissor Əli Xamrayev ustad dərsləri üçün Kino Məktəbinə dəvət olunub.
Ə.Xamrayev ÜDKİ-ni bitirib və ilk filmini həmin ildə çəkib. Rejissorun bir çox filmləri vətəndaş müharibəsi dövrünə həsr olunub. Rejissorun SSRİ dövründə çəkdiyi son filmi “Arzular bağı” (1987) olub. Onun həyatında dönüş nöqtəsi Daşkənd səfəri zamanı rejissor Mikelancelo Antonioni ilə tanış olması zamanı başlayıb. Belə ki, rejissor yeni bir layihəsini gerçəkləşdirmək üçün İtaliyaya gedir və bununla da orda yaradıcılığına davam edir.
Ə.Xamrayevin quruluşunda çəkilən filmlər (“Uşaqlar haqqında kiçik hekayələr” 1961), “Sevir, sevmir” 1964, “Qırmızı qum” 1968, “Qorxu olmadan” 1972, “Yeddinci güllə” 1972, “Cangüdənlər” 1979, “Səni xatırlayıram” 1985, “Kimdir dəli?” 1992, “Günəş altında yer” 2004, “Artistlər” 2007 və s.) janr müxtəlifliyi ilə yanaşı, rejissor yozumu ilə də seçilir.
Yeri gəlmişkən, Kino Evində rejissorun atasına həsr etdiyi “Mən səni unutmamışam”(2018) filminin təqdimatı da olacaq.
Xatırladaq ki, Əli Xamrayevin atası Ərqaş Xamrayev milli özbək bədii kinosunun yaradıcılarından, eyni zamanda “Özbəkfilm”də istehsal olunan filmlərin baş rollarının ilk ifaçılarından biri olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı