Kino Məktəbində kurs işlərinin çəkilişinə başlanılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində təhsil proqramı üzrə tələbələr kurs işlərinin çəkilişinə başlayıblar.

Kino Məktəbinin tələbəsi Elnur Rzayev(Elnur Paşa) psixoloji dram janrında çəkdiyi qisametrajli filmi yekunlaşdırıb, film montaj ərəfəsindədir.

“Quyu” adlandırılan filmin hekayəsi ucqar bir kənddə su axtarışı məqsədilə quyu qazılması ritualı üzərində qurulub.

Baş rolları Tofiq Seyidov və Vüsal Rzasoyun oynadığı filmin çəkilişləri, rejissorun anadan olduğu Naxçıvan MR Şərur rayon Həmzəli kəndində aparılıb.

Filmin rejissoru Elnur Rzayev, operatoru Kino Məktəbinin tələbəsi Azər Allahverdiyevdir

E.Rzayev 2016-ci ildən Dövlət Pantomima Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərir. 2016-2020-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasında yiyələnib. 2019- cu ilin sentyabr ayından Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin rejissor şöbəsində təhsilinə davam edir.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun rəhbərliyiylə fəaliyyət göstərən Kino Məktəbində təhsil üç istiqamət üzrə aparılır – “Kinorejissorluq”, “Kino dramaturgiya”, “Animasiya”.

Kino məktəbinin yaradılmasında əsas məqsəd isə gənclərin kinematoqrafiyaya marağının yüksəldilməsi, kinematoqrafiya sahəsində yüksək peşəkarlıqlı yeni kadrların hazırlanmasıdır.

aki.az