Kino Məktəbinin tələbələri çəkiliş meydançasında
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində tələbələr yeni filmlər üzərində çalışmağa başlayıblar.
Xatırladaq ki, təhsil proqramı üzrə fəaliyyət göstərən Kino Məktəbi yarandığı gündən xarici mütəxəssislərin tətbiq etdiyi təcrübəyə əsaslanmış, ustad kinematoqrafçıların ustadlıq təcrübəsindən bəhrələnmişdir. Bütün bu təcrübələr tələbələrin yaradıcı fəaliyyətində öz müsbət təsirini göstərib.
Kino Məktəbinin Kinorejissorluq kursunun tələbəsi Afaq Yusifli “Mənim ailəm” qısametrajlı sənədli filmini bitirib. Film Aytən adlı qadının həyatından bəhs edir. Gənc rejissor eyni zamanda diplom işi üçün “Stul” bədii-sənədli filminin çəkilişlərinə başlayıb.
Kinorejissorluq kursunun tələbəsi Ülviyyə Əhmədova isə “Həyat uğrunda müharibə” sənədli filminin çəkilişlərini bitirib. Sənədli filmdə 44 günlük II Qarabağ müharibəsi zamanı döyüşdə iştirak edən könüllü həkimlərdən bəhs edir. Hal-hazırda film post production mərhələsindədir. Gənc rejissorun diplom işi olaraq “Yad adam” qısametrajlı bədii filminin hazırlıq prosesi isə hələ davam edir.
Eyni kursun tələbəsi Ruslan Mollayev də “Sözün zəfəri” bədii-sənədli filmini bitirib. Film ədəbiyyatdan, sözlərin insanlara təsirindən bəhs edir.
R.Mollayev hazırda diplom işi olan “İmtahan” filminin çəkilişlərinə hazırlaşır.
Yeri gəlmişkən, ötən ilin dekabr ayında ölkəmizdə 11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı baş tutdu. “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Festivala ümumilikdə 72 ölkədən 3086 qısametrajlı film təqdim edilib, 85 film festivalın Beynəlxalq, Yerli və “Cinemobil” müsabiqəsində yarışmaq hüququ qazanmışdı.
Azərbaycan Kinematoqrafçılqr İttifaqının Kino Məktəbinin tələbəsi, rejissor Azər Allahverdiyevin quruluş verdiyi “Üç yol” filmi uğurla festivalın müsabiqə proqramında iştirak ediblər.
Rejissor Azər Allahverdiyevin “Üç yol”filmin festivalın yerli filmlər müsabiqəsində “Ən yaxşı bədii film və “Ən yaxşı ssenari” qalib olub.
Mədəniyyət Nazirliyinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilmiş və açıq səsvermə yolu ilə 11 layihə qalib seçilmişdi. Qalib seçilən layihələr sırasında Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbəsi, ssenarist Nicat Dadaşovun “Hasar” layihəsi də yer alıb.
Qeyd edək ki, AKİ Kino Məktəbinin “Animasiya” bölümü də təhsil proqramı üzrə fəaliyyətini davam etdirir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sifarişi ilə “Birlik” studiyasında istehsal olan “Araxçın” cizgi filmi Braziliyada keçirilən 16-cı Beynəlxalq Cizgi Filmləri Festivalında – 2021-ci ildə “Dünya Mədəniyyəti”nin peşəkar filmləri kateqoriyası ilə iştirak edəcək.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Firəngiz Qurbanova qeyd edib ki, beynəlxalq film festivalı tələbələr üçün müxtəlif ölkələrin studiyalarından peşəkar filmlərin, fərqli mədəniyyətlərin nümayişini təşkil edir.
2021-ci ilin ən yaxşı peşəkar cizgi filmləri kolleksiyasına, dünya mədəniyyətləri kateqoriyasında daxil olan “Araxçın” filmi, Kino Məktəbinin tələbələri üçün bir film istehsalı ilə yaxından tanış olmaq imkanı yaradacaqdır.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun bədii rəhbər olduğu, kinorejissor Oleq Səfərəliyevin rəhbərlik etdiyi Kino Məktəbində “kinodramaturq”, kino rejisorluğu”, “animasiya filmi rejissoru” peşələri üzrə kurslar fəaliyyət göstərir.
Kino Məktəbinin yaradılmasında əsas məqsəd gənclərin kinematoqrafiyaya marağının yüksəldiməsi, kinematoqrafiya sahəsində yüksək peşəkarlıqlı yeni kadrların hazırlanması, istedadların aşkar olunmasından ibarətdir.
aki.az