Kino Məktəbinin tələbələrinin filmləri Beynəlxalq Festivalda

12-16 noyabr tarixlərində Bakı şəhərində Bakı Beynəlxalq Qısa Filmlər Festivalı  keçiriləcək.

Qeyd edək ki, hər il auditoriyasını genişləndirməyi hədəfləyən festival gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyini özündə əks etdirir. 2021-ci ildə festivala göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə daxil edilib.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Yerli müsabiqəsində “Qızıl Nar” uğrunda 26 film (8 bədii, 5 sənədli, 4 animasiya, 9 sosial çarx) yarışacaq. Həmin filmlər sılrasında Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbələri Afaq Yusifli və Ülviyyə Əhmədovanın filmləri də var.

Afaq Yusiflinin 2020-ci ildə çəkdiyi ilk müstəqil işi olan “Mənim ailəm” qısametrajlı sənədli film bir qadının keçdiyi əzablı, iztirab dolu həyat hekayəsindən bəhs edir.

7 dəqiqəlik sənədli filmdə qəhrəmanın uşaqlıq illərindən yaşamağa məhkum olduğu didərgin həyatı, doğma torpaqlarından istəmədən belə məcbur çıxarılışı və sonrakı prosesdə ailəsiylə necə ayaqda qalma gücünü ortaya qoyması diqqətə çəkilir.

Bütün çətinliklərə baxmayaraq qadın öz işini qurur, vətənə, millətə xeyirli iki oğlan övladı böyüdür.

A.Yusifli deyir ki, şirniyyatçı, Füzulidən məcburi köçkün düşmüş Aytən Yusifovaya həsr etdiyim filmin qayəsi bir qadının bütün çətinliklərə baxmayaraq necə güclü formada ayaqda durması üzərində qurulub: “Belə bir ssenari yazmaq və onun əsasında film çəkmək üçün təcrübə tələb olunur. Uşaqlıq illərindən doğma torpağımız olan Füzuli rayonundan məcbur çıxarılan qohumlarımın həyat tərziylə tanış oldum. Ailəmizdə daima Aytən Yusifovanın keçdiyi çətin həyat tərzi haqqında söhbətlər olurdu. Və bütün bu söhbətlər zamanı artıq ssenarini yazır, xəyalən olsa da filmini çəkirdim. Düşüncələrimi müəllimim, rejissor Cəmil Fərəcovla bölüşdüm, ilk xeyir-duanı ondan aldım. Filmin montaj işlərində-xüsusilə hekayənin qurulmasında digər müəllimim, Kino Məktəbinin rəhbəri Oleq Səfərəliyevin xüsusi rolu oldu. Beləcə film yarandı”.

Festivala film təqdim etməyə gəlincə, A.Yusifli deyir ki, filmin montaj dövründə tələbə yoldaşım, eyni zamanda filmin prodüseri Ülviyyə Əhmədovanın təklifilə filmlərimizi festivala təqdim etdik.

Filmin ssenari müəllifi və rejissoru Afaq Yusifli, prodüseri Ülviyyə Əhmədova, operatoru Allahşükür Verdiyevdir.

Ülviyyə Əhmədova festivala 2021-ci ildə çəkdiyi 3 dəqiqə 23 saniyəlik “Nəsillər” sosial çarxıyla qatılıb.

Erkən evlilikdən bəhs edən sosial çarxda erkən evliliyin əleyhinə çıxaraq nəsillər arasında olan hadisəyə münasibət diqqətə çəkilir.

O, deyir ki, belə bir mövzuda sosial çarx çəkmək təcrübə xarakteri daşıyır: “Əslində nəsillər arasında olan dialoq, hadisələrə münasibət və istənilən halda məcburiyyətə qarşı çıxmalar necə olur, bunu bilmək elə ən böyük təcrübə deməkdir. Diplom işi ərəfəsində rejissor Oleq Səfərəliyevin məsləhətiylə sosial çarxa müraciət etməyi düşündüm. Beləliklə də bir ailə ilə tanış oldum və onların evində çəkiliş apardım”.

Ü.Əhmədova onu da qeyd edir ki, rejissor kimi fərqli mövzularda olan sosial çarxlara daima müraciət etmək fikrindədir.

Filmin ssenari, rejissor işi Ülviyyə Əhmədovaya, operator işi Rüfətə aiddir.

aki.az