Kino olacaq yeni roman və ya “Əsir qadın” film olarsa…
Yazıçı Meyxoş Abdullahın “Əsir qadın” romanı rus dilində (“Plenniça”) çapdan çıxıb.
M.Abdulla ədəbi fəaliyyətə XX əsrin 80-ci illərində başlayıb.Yazdığı əsərlər kitab şəklində kütləvi tirajla buraxılıb. Yazıçının 2002-ci ildə qələmə aldığı “Alagöz” hekayəsi Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsər kimi mükafata layiq görülüb və bu hekayə əsasında film çəkiləcək. Kinofestival üçün çəkilən filmə rejissor Mariya İbrahimova quruluş verəcək.
Qeyd edək ki, real faktlar üzərində yazılan və oxucular tərəfindən maraqla qarşılanan “Əsir qadın” romanı 2009-cu ildə kitab şəkilndə oxuculara təqdim olunub və oxucu kütləsini təsirləndirən ən faciəli roman kimi yadda qalıb. Ən önəmli məqamlardan biri də odur ki, romanın ilk adı “İt anası” olub.
Yazıçı bu barədə deyir: “İlk variantda kitabın adı “İt anası” olub. Hələ kitab çıxmamışdan qabaq müsahibələrimin birində bu əsər barədə danışmışdım. 2006-cı ildə məni çağırdılar, bu məsələylə bağlı sorğu-sual etdilər. Mən onlara bu əsəri əlimdə olan bəzi faktlar əsasında yazdığımı söylədim. Bundan sonra ümumi razılıq əldə etdik və mən əsərin adını və əsərdə gedən bəzi faktları çıxarmalı oldum”.
M.Abdulla onu da qeyd edir ki, “Əsir qadın” əsəri, onun Qarabağ mövzusunda yazdığı hekayə və povestlərdən sonra yazılan ən iri həcmli romanıdır: “Romanda hadisələrin görünməyən tərəflərini bədii obrazlarla verməyə çalışmışam. Amma erməni zabitinin öz küçüklərini əsir qadının qucağına qoyaraq öz övladı kimi süd verməyə onu məcbur etməsi faktı doğrudur. Belə bir şəkil erməni qəzetlərinin birində verilmişdi. Şəkilin altında da ermənicə “İt anası” sözləri yazılmışdı, bunu təsdiq edənlər oldu. Çox istərdim, xalqını, Vətənini və torpaqlarımız uğrunda şəhid olanların ruhuna hörmət əlaməti olaraq “Əsir qadın”a film çəkilsin”
Onu da qeyd edək ki, rusdilli oxucular və xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutularaq Xocalı faciəsini özündə əks etdirən, əsir düşən azərbaycanlı qadının məşəqqətli həyatından bəhs olunan “Əsir qadın” romanı rus dilində beş yüz tirajla çap olunub. Romanın Təranə Məmməd tərcümə etmiş, redaktoru isə Leyla Qədirzadədir. Əsər Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində oxuculara təqdim olunacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı