Kino sahəsində əməkdaşlığa dair yol xəritəsi hazırlanacaq
Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığa dair yol xəritəsi hazırlanacaq.
Bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin Özbəkistan Kinematoqrafiya Agentliyinin rəhbəri Firdavs Abduhalikovla görüşündə bildirilib. Görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Daşkənd filialının direktoru Eldor Yuldashev, Agentlik yanında Beynəlxalq münasibətlər şöbəsinin müdiri Sayera Xudayberdiyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin birinci katibi Samir Abbasov və başqa qonaqlar iştirak ediblər.
Görüş zamanı Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq, iki ölkə kinematoqrafçılarının birgə film layihəsinin reallaşdırılması, təcrübə mübadiləsi, hər il Özbəkistanda keçirilən ənənəvi “İpək yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında Azərbaycan tərəfinin daha geniş təmsil olunması müzakirə olunub. Bundan başqa, Özbəkistanın Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduhalikov Azərbaycanla kino sahəsində əməkdaşlığa daim böyük önəm verdiklərini qeyd edərək, Özbəkistanda kino sahəsində həyata keçirilən işlər və islahatlardan da danışıb.
Firdavs Abduhalikov 2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə bu ölkədə “Sülh, maarifçilik və tərəqqi naminə” devizi altında 1968-ci ildə keçirilmiş Daşkənd Beynəlxalq Kino Festivalının yenidən bərpa edildiyini vurğulayıb. 2022-ci ildə “İpək Yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında 40 xarici ölkədən 400 kinematoqrafçı və 1500-dən çox tələbənin iştirak etdiyini, bu il isə keçiriləcək XV Beynəlxalq Daşkənd Film Festivalının yubiley tədbirinin daha geniş səviyyədə təşkilinin planlaşdırıldığını qeyd edib.
Azərbaycanla əməkdaşlığın inkişafından danışan, Özbəkistanda Azərbaycan kino günləri, həm də Azərbaycanda Özbəkistan kino günlərinin uğurla keçdiyini vurğulayan, gələcəkdə daha sıx əməkdaşlıq üçün yaxşı imkan yarandığını söyləyən F.Abduhalikov iki ölkənin kino fondlarının əməkdaşlığının uzun tarixə malik olduğunu və son illərdə daha sıx əməkdaşlıq edildiyini qeyd edib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, yüksək səviyyəli müntəzəm və səmərəli dialoq sayəsində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxsahəli əməkdaşlıq münasibətləri bütün istiqamətlər üzrə dinamik inkişaf edir: “Dövlət başçılarının qarşılıqlı səfərləri, çoxsaylı imzalanmış sənədlər buna gözəl əsas yaradır. Kino sahəsində də əməkdaşlıq mühüm və vacibdir.
O, ötən illərdə bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, eyni zamanda yaranmış imkanlardan geniş istifadə edərək gələcəkdə səfirlik tərəfindən birgə layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu ifadə edib.
Tərəflər cari ilin sentyabr ayında Azərbaycan kinematoqrafçılarının Özbəkistanda keçiriləcək XV Beynəlxalq Daşkənd Kino Festivalında iştirakının təmin edilməsi, Festivala təqdim olunacaq Azərbaycan filmlərinin dublyajı, retro filmlərimizin nümayişi, Festival çərçivəsində “Azərbaycan kino günləri”nin keçirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin televiziya kanallarında qarşı tərəfin bədii filmlərinin nümayişi, filmlərin qarşılıqlı mübadiləsi, tərəflər arasında əməkdaşlığa dair yol xəritəsinin hazırlanması, Bakıda “Özbəkistan kino günləri”nin təşkili məsələləri, birgə layihələrin həyata keçirilməsi, habelə ötən il Bakıda keçirilən “Özbəkistan kino günləri”ndə nümayiş etdirilən “Əbədi dostluq və qardaşlıq” sənədli filminin ikinci hissəsinin çəkilişinə dəstək barədə razılığa gəliblər.
Daha sonra, Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduhalikov Hüseyn Quliyevə “Özbəkistan kinematoqrafiyası” adlı kitabı, Hüseyn Quliyev isə Agentliyin direktoruna “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.
Qonaqlar üçün “Özbəkfilm” pavilyonlarına xüsusi ekskursiya təşkil olunub. Qonaqlar son illər yaradılan şərait, “Özbəkfilm” üçün təşkil olunan və müxtəlif tarixi filmlərin çəkilişi üçün istifadə edilən dekorasiya və avadanlıqlarla tanış olublar.
Son olaraq qeyd edək ki, rejissor Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru olduğu “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” adlı film layihəsinin Özbəkistanla müştərək istehsal olunması barədə “Azərbaycanfilm” kinostudiyasından məlumat yayılmışdı.
Belə ki, Özbəkistanda 13-18 sentyabr 2022-ci ildə keçirilən “Böyük İpək Yolunun İncisi” XIV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində “Azərbaycanfilm” və “Özbəkfilm” kinostudiyaları nümayəndələri arasında keçirilən görüşdə 2021-ci ildə iki ölkənin təmsilçiləri arasında kino sahəsində imzalanmış memorandumun nəticələrindən bəhs olunub. Memorandumda Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru olduğu “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” adlı film layihəsinin müştərək istehsal planı da yer alırdı. Hazırda filmin rejissor ssenarisi üzərində iş başlayıb.
aki.az