Kino sahəsində dövlət sifarişi ilə bağlı mexanizm təkmilləşdirilməlidir!

“Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir ki, Hesablama Palatası Milli Məclisin Mədəniyyət komitəsinə kino sahəsində dövlət sifarişi ilə bağlı mexanizmin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər irəli sürüb. Bu barədə “Report” məlumat yayıb.

Sənəddə qeyd edilib ki, Hesablama Palatası aparılmış nəzarət tədbirlərinin nəticələrinə əsaslanmaqla kino sahəsində qanunvericilik aktlarında dövlət sifarişi ilə çəkiləcək filmlərin seçilməsi və maliyyələşdirmə qaydalarının meyarlarının müəyyən edilməsini, bütün növ filmlərin (bədii, sənədli, cizgi) ssenariləri üzrə standartların (səhifənin sayı, mətnin formatı və s.) müəyyən edilməsini, filmlərin smeta xərclərinin tərtibini, xərclərin siyahısının təsdiqi və ona nəzarət mexanizminin yaradılmasını, filmlərin keyfiyyətinin artırılması və stimullaşdırılması məqsədilə filmlərin dövlət büdcəsindən tam maliyyələşdirmə sistemindən qismən imtina edib, birgə və ya qismən maliyyələşdirmə formasına keçirilməsini nəzərdə tutan əlavələrin olunmasını təklif edib.

Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Yeri gəlmişkən, AR Mədəniyyət naziri kino sahəsində islahatlar tədbirləri çərşivəsində Kino Agentliyinin yaranmasını anons etmişdi. Agentliyin fəaliyyətində layihələrin tenderlilik əsasında təsdiqlənməsi nəzərdə tutulur. Birgə istehsalın dəstəyi üçün Agentlikdə xüsusi struktur nəzərdə tutulub. Agentliyin  təsis edilməsinin nə zamana planlanması haqqında mətbuata hələ ki, məlumat verilməyib.

aki.az