Kinoaktrisa Fərqanə Quliyeva vəfat edib
Kinoaktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Fərqanə Quliyeva dünyasını dəyişib.
Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib. Kitabxanalarda, teatrlarda dünyagörüşünü zənginləşdirib ki, bütün bunlar da sonralar ona pedaqoji fəaliyyətində çox kömək edib.
1970-ci illər Azərbaycan kinosunun ən qaynar dövrünə təsadüf edir. O vaxta qədər artıq kinomuz yetərincə öz sözünü demiş, önəmli sənət nümunələri yaratmış və kino üçün yetişdirilən aktyor nəsli artıq filmdən-filmə inkişaf mərhələsinə qədəm qoymuşdular. Artıq kino üçün yeni nəsil aktyorların yetişdirilməsinə ehtiyac var idi. Bu da o deməkdir ki, kinoda tanınmış, qəhrəman obrazlarında gördüyümüz aktyorlar həmin rolların estafetini yeni nəsil gəncliyə ötürməli idi. Məhz həmin ərəfədə bir qrup gənc Moskvada tənsil aldı, böyük təcrübə keçdi və Azərbaycan kinosuna üz tutdu. Onlardan biri də aktrisa Fərqanə Quliyeva idi.
F.Quliyeva 1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Teatr və kino sənətinə aid bir çox sahələr üzrə dərs deyib.
O, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə (“Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982-qarayanız qız), “Qaladan tapılan mücrü”(1982-qaraçı), “Tilsim” (2005-Pakizə), “İki yad adam” (2017 qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb. Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serial) filmində də rol alıb. Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından aktrisa Fərqanə Quliyevanın vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!