Dekabrın 6-da Xalq yazıçısı, kinodramaturq Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbiri Nizami Kino Mərkəzində baş tutub.
Natiq Rəsulzadə tədbirdən öncə jurnalistlərin suallarına yubiley əhvali-ruhiyyəsində cavab verib: “Çalışıram, oxucularımla tez-tez görüşüm, fikrimcə, yazıçı öz oxucusunu tanımalıdır. Mənim təkcə Azərbaycanda deyil, həmçinin MDB məkanında və Avropada da oxucularım var. Onlarla ünsiyyət qurub, fikirlərini öyrənmək mənim üçün çox önəmlidir. Amma bu, o anlama gəlmir ki, yazıçı oxucunun dedikləri ilə tam razılaşmalıdır. Çünki yazıçının öz dəst-xəti, yolu var. Bəzən yazıçılar yorulur və əsərlərində zəif tərəfləri görmür. Oxucu kitabı ilk dəfə oxuyanda o məqamları görür. Buna görə də oxucularla vaxtaşırı ünsiyyət qurmaq bu məsələdə kömək olur”.
Tədbirdə Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı və başqaları iştirak edib.
Yubiley mərasimindən öncə Xalq yazıçısının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda yazıçının uşaqlıq illərindən tutmuş, gənclik dövrünü əhatə edən və hazırkı müdrik dövrünün xatirə şəkilləri tamaşaçılara təqdim olundu. Daha sonra Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev yubiley tədbirini açıq elan edərək gələn qonaqları salamladı və Xalq yazıçısının həyat və yaradıclığını əhatə edən çıxış etdi.
Tədbirdə Rasim Balayev, Cəmil Quliyev Çingiz Abdullayev, Baba Vəziroğlu çıxış edərək Natiq Rəsulzadənin əsərlərindəki xarakterlərin bitkinliyi ilə diqqəti cəlb etdiyini, gənc yaşlarında inkişaf etdirdiyi üsluba hələ də sadiq olduğunu xüsusilə qeyd etdilər. O da qeyd olundu ki, onun əsərləri üzərində qurulan ssenarilər aktyor üçün asandır. Təsadüfi deyil ki, onun kitabları bu gün bir sıra Avropa dillərinə tərcümə olunur. Tədbirin sonunda Xalq yazıçısnın ssenariləri əsasında çəkilmiş “Yaşa, qızıl balıq” və “Vahimə” qısametrajlı bədii filmləri nümayiş olundu.
Qeyd edək ki, 1988-ci ildə rejissor Nicat Feyzullayevin çəkdiyi “Yaşa, qızıl balıq” filmi insan və təbiət, onların qarşılıqlı əlaqəsi, insanın zəngin mənəviyyatı və əxlaqi kamilliyi haqqındadır. Film tamaşaçılara öz həyat mövqeyi üzərində düşünmə fikrini aşılayır.
1998-ci ildə rejissor Rüfət Əsədovun çəkdiyi “Vahimə” filmi isə psixoloji dram janrında lentə alınıb, həyatda baş verən dəyişikliklərdən sarsılmış bir sənətçinin taleyindən bəhs edir.
N.Rəsulzadə 1970-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Yaradıcı fəaliyyətə Moskvada təhsil aldığı illərdən başlayıb. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-də Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb.
“İntihar edənin gündəliyi”, “Gecə çaparı”, “Nonsens”, “Məhəbbət ili”, “Yağışlı bayram”, “Kabuslar arasında”, “Quş çəkirəm”, “Ulduz yollar”, “Tələ”, “Adacıq” və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında filmlər də çəkilib.
aki.az