Kinomuzun “Sarı gəlini”nin yubileyidir

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, əməkdar artist Münəvvər Əliyevanın yubiley yaşı tamam olur.

M.Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. İlk səhnə fəaliyyəti “Yuğ” Dövlət Teatrından başlayan aktrisa, 1994–cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. Teatrda hazırlanan tamaşalarda fərqli xarakterli obrazlara (Fərəh (“Dindirir əsr bizi”, D.Aslan), Səltənətbəyim (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Cana (“Köhnə ev”, Ə.Əmirli), Sona (“Hələ “sevirəm”deməmişdilər …”, R.Novruz), Selcan (“Pompeyin Qafqaza yürüşü”, N.Həsənzadə), Alagöz (“Afət”, H.Cavid), (“Ölüləri qəbristanlıqda basdırın”, İ.Şıxlı) Həcər, Landa (“Kaş araba aşmayaydı!..” O.İoseliani), lyalya (“ Arılar arasında” Elçin) və s. imza atıb.

O, eyni zamanda Azərbaycan Dövlət Televiziyasının hazırladığı A.Rafın “İblis qadın” (İblis qadın), Z.Yaqubun “Didərginlər” (Ruh), A.Məsudun “Cəza” (Katibə) teletamaşalarında oynayıb.

Əsasən  müasir və klassik rollar oynayan aktrisa komediyanı özünə yaxın hiss etmədiyini və daha çox faciə və dram janrlarını sevdiyini deyir: “Amma sözsüz ki, aktrisa hər janrı oynamağı bacarmalıdır. Bilmirəm, bəlkə qarşıma hələ o dərəcədə yaxşı komedik rol çıxmayıb. Faciədə insanları- tamaşaçını aldatmaq mümkün deyil. Birinci, gərək özün-özünü aldatmayasan, ikincisi də qarşındakını. Mənim üçün bəlkə də güldürmək asan deyil. Bəlkə mən öz peşəmi daha dəqiq bilirəm deyə, bu cür düşünürəm. Şəxsən mənə faciə janrında olan rolu ifa etmək daha çətindir”.

Teatr və kino aktyoru kimi həm səhnədə – tamaşaçı qarşısında, eyni zamanda kinoda-kamera qarşısında müxtəlif səpgili rollar oynamaq, dəyişik xarakterlərdən çıxış etmək və ən önəmlisi isə tamaşaçı auditoriyasının diqqətini çəkməyi bacarmaq sənət adamından xüsusi qabiliyyət tələb edir ki, bu da Münəvvər Əliyevanın yaradıcllığında rast gəlinən ən incə məqamlardan biridir.

Aktrisanın “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən, rejissor Yavər Rzayevin quruluş verdiyi “Sarı gəlin” filmində (Sarı gəlin), Samir Kərimoğlunun çəkdiyi  “Niyyət”də (Münəvvər), Y.Rzayevin lentə aldığı  “İlahi məxluq”da (çobanın həyat yoldaşı), “Cavad xan”da Dilşad, eləcə də “Xeyirlə şərin rəqsi”, “Mələyin öpüşü” filmlərində yaratdığı rollar maraqla qarşılanıb. .

Münəvvər Əliyevanın 1998-ci ildə çəkildiyi “Sarı gəlin” filmindəki Sarı gəlin obrazı xüsusilə seçilir.

Xatırladaq ki, filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir və “Sarı gəlin” adı rəmzi xarakter daşıyır. Azərbaycanın xalq mahnısı “Sarı gəlin”in digər xalqlar arasında da oxunması, bəyənilməsi heç də diqqətdən kənarda qalmır. Filmin yaradıcıları demək istəmişlər ki, əsrlərlə qonşu olmuş iki millət daim düşmən qalaraq yaşaya bilməz. Çünki müharibələr uzandıqca “Sarı gəlin”lər hələ çox göz yaşı tökəcək…

Səhnədəki və kamera qarşısındakı çıxışları ilə tamaşaçını ovsunlamağı bacardığı kimi, təbii ifası ilə də inandıran istedadlı aktrisamız Münəvvər Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

aki.az