“Kişi sözü” filminin çəkilişindən 35 il keçir...

“Milli Kino Tariximizdən” rubrikasının növbəti filmi “Kişi sözü”dür, çəkilişindən 35 il keçir…

1987-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Kişi sözü” filmini istehsalata buraxdı. İsi Məlikzadənin ssenarisi əsasında çəkilən filmə rejissor Cahangir Mehdiyev quruluş verdi. Müasir Azərbaycan kəndindən bəhs edən filmdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur.

 

MUSİQİLİ KOMEDİYA JANRI YENİDƏN BƏRPA EDİLDİ

 

“Kişi sözü” filminin ideyası 1985-ci ildə irəli sürülüb. Günlərin birində yazıçı İsi Məlikzadə qələmə aldığı ssenarini rejissor Cahangir Mehdiyevə təqdim edərək oxumasını və onun əsasında film çəkməyi təklif edir. Ssenarini diqqətlə oxuyan rejissor onu qəbul edir və ən azından ona görə ki, əsərdə söhbət kişi sözündən gedirdi.

C.Mehdiyev deyir ki, ssenarini qəbul edərkən filmin janrını da özü müəyyənləşdirməli olub və filmi musiqili-komediya janrında çəkməyi qərara alıb.

Cahangir Mehdiyev ilk dəfə olaraq 1982-ci ildə musiqili-komediya janrında “Papaq” filmini çəkmişdi. “Kişi sözü” filmi onun artıq ikinci bütöv işi idi: “Janr baxımından “Kişi sözü” filmi “Papaq” filmi ilə demək olar ki, eynidir. Bu filmdən əvvəl “Papaq” filmini çəkdiyim üçün artıq mənim üçün janr baxımından heç bir çətinlik yox idi. Filmin yaradıcı heyətinin tərkib hissəsinin sorağında olduğum zaman məni daha çox düşündürən bəstəkar işi oldu. “Papaq” filmində Cahangir Cahangirovla işləmişdik. Ancaq “Kişi sözü” filminin çəkilişlərində Cahangir müəllim artıq dünyasını dəyişmişdi. Buna görə çox fikirləşdikdən sonra Vasif Adıgözəlovla danışaraq ondan xahiş etdim ki, filmin musiqisini yazsın. Vasif müəllim təklifimi qəbul etdi və çəkilişlərə başladıq. Vasif Adıgözəlov “Kişi sözü” filmi üçün çox uğurlu bir musiqi bəstələdi. Hətta bir sirri də açım ki, filmin bir kadrında o, mənim xahişimlə oxudu”.

Onu da qeyd edək ki, bəstəkar Vasif Adıgözəlov ilk dəfə olaraq bəstələdiyi mahnını öz səsi ilə yazdıraraq məhz, “Kişi sözü” filmində ifa etmişdi. Bu, o kadrdır ki, Qasımın atası ilə bibisi qız evinə elçiliyə gedir və Solmazın atası da mahnı ilə onlara cavab verir. Solmazın atasının səsi ilə oxuyan V.Adıgözəlovdur: “Əgər diqqətlə fikir versəniz, onda görərsiniz ki, Vasif müəllimin səsi, necə də atası Zülfü Adıgözəlovun səsinə oxşayır: “Təsadüfdən zərurət doğdu ki, bu, həqiqət üzə çıxdı”.

Filmin çəkilişləri bir neçə yerdə aparılsa da pavilyon çəkilişləri olmayıb. Sadəcə olaraq natura və digər çəkilişlər elə montaj olunub ki, son anda da tamaşaçı hadisələrin yalnız bir kənddə cərəyan etdiyinin şahidi olur.

Filmin çəkilişləri köhnə Əhmədlidə, Şamaxıda lentə alınıb. Kəndin apteki, mağazası olan kadrlar köhnə Əhmədlidə, digər çəkilişlər, xüsusilə qoyunların göl kənarında otarılan kadrlarını isə Şamaxıda çəkilib.

 

CAHANGİR MEHDİYEV GEORGİ DANELİYANIN MƏSLƏHƏTİNƏ EHTİYAC DUYDU

 

Çəkiliş vaxtı rejissor 3 qrup aktyor ansambılını foto və kino sınaqlarında yoxlayıb. Filmin əsas rolları olan Solmazla Qasım cütlüyü üçün yoxlanan aktyorlar 5-6 qrup olub. Hətta həmin rollar üçün sınaq olunan aktyorların əksəriyyəti tələbə  partası arxasında əyləşən gənclərdən ibarət olub.

C.Mehdiyevin dediklərindən: “Hər bir filmin çəkiliş prosesində çox sayda aktyor imkanlarından istifadə olunur. Bildiyiniz kimi, hələ yaradıcı heyətin tərkib hissəsi müəyyənləşən zaman onlarla aktyorlar bu prosesə cəlb olunur. Ola bilsin ki, foto sınaqlarından keçən aktyor heç kino sınaqlarının tələbinə uyğun olmasın və ya heç cavab verə bilməsin. Məsələn, mən Əjdər İbrahimovu görənə qədər bilmirdim ki, Sumqayıt teatrında belə bir aktyor çalışır. Onunla görüşüm təsadüfən oldu. Günlərin bir günü Milli Dram Teatrında Həsənağa Turabovla görüşümüz oldu. Teatra çatarkən gördüm ki, gənc bir oğlan teatrın həyətində gəzişərək kimisə gözləyir. O, bir tipaj kimi mənim marağımı özünə cəlb etdi. Maraqlanıb öyrəndim ki, o, Sumqayıt teatrında çalışır, adı da Əjdərdir. Tanışlıqdan sonra ona təklif etdim ki, kinostudiyaya gəlsin və onu yeni çəkəcəyim filmin baş rolunun sınaq çəkilişlərində yoxlayım. Səhəri gün Əjdər İbrahimov kinostudiyaya gəldi, öncə onu foto, sonra kino çəkilişlərində yoxladıq. Etiraf edim ki, sınaq çəkilişləri uğurlu alındı. Ancaq Əjdəri çəkməyə bir az tərəddüd keçirirdim. Ona görə ki, Qasım rolu üçün bir tələbə oğlanı da sınaq çəklişlərində yoxlamışdıq və onun ifası da çox uğurlu alınmışdı. Ancaq sonrakı mərhələlərdə şahid olub gördüm ki, Sənubər İsgəndərli ilə Əjdər Həmidovun cütlüyü, “Solmaz-Qasım” ifaçılığı daha maraqlı, daha gözəl alınır. Bütün bunlardan sonra bu cütlüyü rollara təsdiq etdik”.

Təsdiq etmə mərasimindən sonra rejissor məsləhətləşmək üçün üz tutur Moskvaya, müəlliminin yanına. Bu, özünə əminlik yaratmaq iddiasından irəli gəlirdi.

Yeri gəlmişkən, Cahangir Mehdiyev, “Mosfilm”də Musiqili Komediya Birliyinin bədii rəhbəri, tanınmış kinorejissor Georgi Daneliyanın tələbəsi olub. Bu baxımdan da müəllimi ilə mütəmadi görüşləri olurdu.

Rejissor deyir ki, müəlliminin dəyərli məsləhətlərindən daima yararlanıb: “Elə ki, “Kişi sözü” filminin bütün hazırlıq işləri bitdi, heç yubanmadan belə müəllimimin görüşünə tələsdim və onunla məsləhətləşmələr apardım. Həmişə olduğu kim bu dəfə də Georgi Daneliya ssenari ilə tanış olduqdan sonra məmnun qaldı və mənim fikirlərimi də qəbul etdi. Elə ki, söhbət gəldi idmançı obrazına, kimi çəkəcəyimlə maraqlandı. Mən də öz növbəmdə həmin rola uyğun olan aktyordan bəhs etdim. Müəllimim etiraz etdi və məsləhət gördü ki, idmançı, yəni Niyaz roluna özüm çəkilim. Əslində mən Niyaz rolu üçün Rafael Dadaşovu fikirləşmişdim. Doğrudur ki, onunla sınaq çəkilişləri aparmamışdım, ancaq fikrimdə var idi. Elə ki, müəllimim mənə şəxsən özümün ifamı təklif etdi açığı əvvəlcə bir az tərəddüd keçirdim”.

Onun tərəddüdü əbəs deyildi. O, quruluş verdiyi filmdə obraz yaratmaqla özünənəzarəti itirməkdən və təbii ki, bununla da rejissor işinin zəif alınacağından qorxurdu.

Georgi Daneliyanın da idmançı Niyaz roluna məhz, Cahangir Mehdiyevi təklif etməsi heç də təsadüfi deyildi. Çünki Cahangir Mehdiyev kinorejissorluqdan əlavə idmanın bodibildinq növü ilə məşğul olub. Məhz, bu səbəbdən müəllimi Niyaz rolunun onun ifasında uğurlu alınacağına inanır və Cahangir Mehdiyevi də inandırır.

 

SSRİ DÖVRÜNDƏ KULTURİST SÖZÜNƏ QADAĞA QOYULUB

 

Cahangir Mehdiyev Georgi Daneliyanın təkidindən sonra Niyaz rolunu oynamaq üçün razılaşıb və həmin kadrları da özünə uyğun qurub: “SSRİ məkanında kultirist sözünü işlətməyə imkan vermirdilər. Səbəb də o idi ki, bu, burjua təmayüllü söz idi. Ancaq mən ilk dəfə olaraq həmin səddləri keçərək kulturist sözünü öz filmimdə işlətdim. Əvvəlcə Niyaz rolu üçün təkid etməmə baxmayaraq sonra hər şeyi operatorlara həvalə etdim. Beləliklə də iştirak etdiyim kadrlarda baş verəcək prosesləri operatorlara hərtərəfli surətdə anlatdıqdan sonra kadr qarşısına keçirdim. Bu baxımdan aktyor kimi rola çəkilməyə hardasa bir qədər öyrəşdim. Mən belə düşünürəm ki, Niyaz rolu ifamda alındı. Ancaq buna baxmayaraq rejissorun aktyorluq etməsinin əleyhinəyəm. Zənnimcə, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır”.

Adətən hər bir rejissorun ssenariyə öz əlavəsi, improvizasiyası olur. Təbii ki, bu da çəkiliş məqamlarında alınır. Cahangir Mehdiyev də çəkiliş vaxtı Solmazla Qasımın küçə şəraitində olan sonuncu görüşlərinə öz əlavəsini etmiş, nəticədə maraqlı bir kadr yaratmağa nail ola bilmişdir: “Solmazın özündən müştəbehliyi Qasımı çox incidir. Qasım özü ilə bacara bilməsə də qızla da dil tapa bilmir. Ssenariyə əsasən onların axırıncı görüşləri elə Solmazgilin evlərinə yaxın bir yerdə olmalı idi. Elə çəkiliş günü həmin kadrı fərqli çəkmək fikrinə düşdüm. Qəbristanlıq yanında çəkilişə başladıq. Bu həmin kadrdır ki, hər iki gənc söhbət edir və Solmaz “qara məni basınca mən qaranı basım” fikri ilə Qasımı bağlamaq istəyir. Bu zaman mən Qasımın dili ilə Solmaza “mən səni ona görə bura çağırmamışam Solmaz, mən səni ona görə bura çağırmışam deyim ki, artıq səni sevmirəm və öz məhəbbətimi bu qəbristanlıqda basdırıram” deyirəm. Bu kadr doğrudan da maraqlı alındı. Və bununla da baş qəhrəmanın – Qasımın həyatında, daxilində dönüş baş verdi. O, qəti qərar qəbul edə bilir, ancaq ondan fərqli olaraq mənim yaratdığım Niyaz axıradək də qəti qərar qəbul edə bilmir. Bu səbəbdən də filmin sonunda Niyazı yol ayrıcında fikirlər məngənəsində sıxılan formada təqdim etdik”.

Filmin qəbristanlıq səhnəsi Şamaxıda-Çuxuryurdun yaxınlığında olan qəbristanlığın yaxınlığında çəkilib.

Azərbaycan səhnəsində maraqlı obraz yaratmış gözəl aktrisalardan biri də Leyla Bədirbəylidir ki, onun da özünəməxsus dəst-xətti var. O, istər teatr səhnəsində, istərsə də kinoda bir-birindən maraqlı obrazlar yaratmışdır. Hələ sağlığında korifeylik zirvəsinə yüksəlmiş aktrisa sənətə yeni gələn nəsillə ünsiyyət yaratmış və onlara bacardığı qədər yardım etməyə çalışmışdır. Aktrisanın ünsiyyət yaratdığı, daima yaradıcılığı ilə maraqlandığı, öz məsləhətini əsirgəmədiyi gənclərdən biri də Cahangir Mehdiyev olub. Onu da qeyd edim ki, təsadüfi deyil ki, Cahangir Mehdiyev öz filmində Leyla Bədirbəylini ana roluna dəvət etmiş və o da öz növbəsində təklifi böyük məmnuniyyətlə qəbul etmişdir.

Rejissor deyir ki, Leyla Bədirbəyli dövrün ən qüdrətli aktrisalarından biri olub. Hələ aktrisanın sağlığında onunla bir-birimizə qarşı səmimi münasibətlərimiz olub. Yaxşı yadımdadır, hələ orta məktəbdə oxuyarkən daima Milli Dram Teatrına gedir və Leyla xanımın yaratdığı obrazlara böyük həvəslə baxırdım. Sözümün canı odur ki, elə uşaqlıq illərindən bu aktrisanı özüm üçün əlçatmaz hesab edirdim, onu ideallaşdırmışdım. Yaxşı yadımdadır, “Papaq” filmini çəkdikdən sonra Bədii Şuranın ixtiyarına vermişdim. Leyla Bədirbəyli də həmin Şuranın üzvlərindən idi. Baxış zamanı Bədii Şura, xüsusilə Leyla Bədirbəyli “Papaq” filmini yüksək dəyərləndirdi və mənim bir rejissor olaraq iş üslubumun bənzərsiz olduğunu qeyd etdi. Bu sözlər məni çox ürəkləndirdi. Vaxt gəldi və mən “Kişi sözü” filminin çəkilişlərinə başladım. Sınaq çəkilişləri vaxtında belə qərara gəldim ki, Solmazın anası rolunu oynamağı Leyla Bədirbəyliyə təklif edim. Bu da ondan irəli gəlirdi ki, Leyla xanım həqiqi sənət əsərlərini yüksək qiymətləndirirdi, klassik əsərlərə böyük önəm verirdi, bir sözlə, kökə bağlı olan aktrisa idi. Leyla xanım təklifimi maraqla qarşıladı və “sənin quruluş verdiyin filmlərin yalnız epizodik rollarında deyil, hətta kütləvi səhnələrində də çəkilməyə razıyam”. Bu böyük aktrisanın cavabı məni daha da ürəkləndirdi, özümə olan inamı artırdı. Onun “Kişi sözü” filmində yaratdığı ana obrazı böyük maraqla qarşılandı”.

 

SƏNUBƏR İSGƏNDƏROVA: MƏNİM ÜÇÜN ƏN YADDAQALAN O İDİ Kİ, LEYLA BƏDİRBƏYLİNİN QIZI ROLUNU OYNAYIRDIM

 

Filmin sınaq çəkilişləri zamanı Solmaz roluna bir çox aktrisalar dəvət olunub. Solmaz rolu uğrunda son məqamda iki aktrisa və bir müğənni mübarizə aparıb. Bunlardan biri Akademik Milli Dram Teatrının aktrisası Mətanət xanım, digəri Sənubər İsgəndərova, o biri isə Brliyant Dadaşova olub. Onlar arasında öz gözəlliyi ilə seçilən və daha çox diqqət mərkəzində dayanan Sənubər İsgəndərova elə son məqamda Solmaz roluna təsdiq olunub.

Sənubər xanım deyir ki, “Kişi sözü”ndən əvvəl heç bir filmə çəkilməyib: “Ancaq tamaşalarda iştirak edirdim. Elə Cahangir Mehdiyev də məni tamaşada görmüş və sınaq çəkilişlərinə dəvət etmişdi. Sınaq çəkilişlərində çox sayda gənc qızlar iştirak edirdi. İş elə gətirdi ki, sınaq çəkilişlərində mənim yaratdığım Solmaz diqqət mərkəzində dayandı və buna görə də obraza təsdiq olundum. Filmin çəkilişi maraqlı anlarla dolu idi. Mənim üçün ən yaddaqalan, ən maraqlı an o idi ki, korifey sənətkarımız Leyla Bədirbəylinin qızı rolunu yaradırdım. Şəxsən mənim üçün bundan böyük uğur ola bilməzdi. “Kişi sözü” filmi mənim üçün düşərli oldu. Belə ki, ardıcıl olaraq filmlərə dəvət aldım, rejissorların diqqət mərkəzində dayandım. Təəssüf edirəm ki, çox vaxt rejissor dəvətlərinə biganə yanaşırdım. Axı mən hardan biləydim ki, vaxt gələcək Azərbaycan kinosu öz böhranlı günlərini yaşamağa məhkum olunacaq. Xatırladım ki, “Kişi sözü” filminə dəvət aldığım zaman İncəsənət Universitetinin 2-ci kursunda təhsil alırdım. Elə tərəfmüqabilim Əjdərlə olan ilk tanışlığım da bu filmdən başladı”.

 

ƏJDƏR HƏMİDOV: FİLMDƏ MİLLİ RUH ÖNƏ ÇƏKİLDİYİ ÜÇÜN TAMAŞAÇI TƏRƏFİNDƏN TEZ HƏZM OLUNDU

 

Filmin əsas qəhrəmanı Qasımdır və təsadüf nəticəsində rejissorun Əjdər Həmidovu görməsi və onurola təsdiq etməsi, bu, artıq tale, qismət işidir.

Aktyor deyirdi ki, Qasım obrazı onun kinoda ilk debütüdür: “Demək olar ki, bir təsadüf nəticəsində mən Cahangir Mehdiyevin diqqətini cəlb etmişəm. O, məni Milli Teatrda gördü və fotosınaq  çəkilişlərinə dəvət etdi. Eyni vaxtda məndən başqa bir neçə aktyor da Qasım obrazının sınaq çəkilişlərində iştirak edirdilər. Fotosınaq  çəkilişlərindən sonra cəmi iki aktyor kinosınaq çəkilişlərinə qatıldı ki, onlardan da biri mən idim, digəri isə İncəsənət Universitetinin tələbəsi idi. Etiraf edim ki, hər ikimiz Qasım rolu üçün ən yaxşı namizəd olsaq da, bu xoşbəxtlik ikimizdən birimizə qismət olmalı idi. Hətta rejissor da seçim qarşısında qalmışdı. Bir gün Cahangir Mehdiyev belə qarara gəldi ki, müəllimi ilə görüşüb məsləhətləşsin. Və getməmişdən öncə bizə dedi ki, Georgi Daneliya hansınızı məsləhət görsə, onu da Qasım roluna çəkəcəyəm. Georgi Daneliya diqqətlə şəkillərə baxdıqdan sonra məni məsləhət görür. Təsdiqetmə prosesləri bitdikdən sonra çəkilişlərə başladıq. Tez bir zamanda filmi çəkib istehsalata buraxdıq. Bədii Şuraların baxışından sonra film tamaşaçıların ixtiyarına verildi. Filmdə milli ruh önə çəkildiyi üçün tamaşaçı tərəfindən tez həzm olundu. Və eyni zamanda isə şəxsən “Kişi sözü” filmi mənim üçün düşərli oldu. Ondan sonra ardıcıl olaraq 15-ə yaxın(“Gənc qadının kişisi”, “Lətifə”, “Girişmə, öldürər”, “Mənim ağ şəhərim”, “Hər şey yaxşılığa doğru”, “Yerlə göy arasında”, “Hacı Qara”, “Milli bomba”, “Qara nişanə” və s.) filmə çəkildim.

Filmdə daha çox diqqət mərkəzində dayanan Qasımın ərköyün, inadkar xüsusiyyətləridir ki, bütün bunları da Əjdər Həmidov böyük səylə yaratmağa nail olub: “Həmişə düşünürəm ki, əgər bu rolu başqa bir aktyor oynasaydı, onda Qasım başqa cür alınardı. Ancaq elə ki, bu obraza mən təsdiq olundum, onda rejissor da Qasımı demək olar ki, mənim xarakterimə uyğunlaşdırdı. Yəni, Qasımın bütün xüsusiyyətləri mənim xarakterimdən irəli gəlir. Filmdə olan səhnələrin əksəriyyətini şəxsən mən yaşamışam. Belə ki, mən Dəvəçi rayonunun Mollakamallı kəndində doğulmuşam, elə uşaqlığım da orada keçib. Filmdə baş verən hadisələr də Əhmədlidə, Masazırda, Şamaxıda lentə alınıb. Ancaq buna baxmayaraq güclü rejissor, güclü montaj işi, ümumiləşdirilmiş bir kəndi tamaşaçılara təqdim edir. Qasım rolunun dolğun, bütöv yaranmasında mənim kənd uşağı olmağımın və xarakterimdə olan oxşarlığın böyük rolu oldu. Ot tayasının üzərinə çıxmaq, göldə üzmək, mal-qara arasında olmaq və s. mənə çox yaxın idi. Hələ çəkiliş vaxtı hiss etdim ki, rejissora mənimlə işləmək çox asandır. Hətta Qasımın geyimini də Cahangir Mehdiyev özü müəyyənləşdirmişdi. Qasım şəhərdən gəldiyi üçün elə şəhərdəbli də geyinir. Bildiyiniz kimi, filmdə Qasımın belində qara kəmər olur. Əvvəlcə mən belimə qara kəmər taxılması ilə razılaşmırdım. Fikirləşirdim ki, yəqin bu cür geyim forması ekranda yaxşı alınmaz. Ancaq rejissor məni inandırdı. Belə ki, qara kəmər karatedə qalib gələn şəxsə verirlər. Və Qasım da qız evinin sözü ilə Bakıda təhsil alır, yəni verdiyi sözə əməl edir, sonra isə qalib kimi kəndə üz tutur”.

Ə.Həmidov çəkiliş vaxtı zədələnib: “Yaxşı yadımdadır, ağacdan asılan ip vasitəsilə tullandığım kadr lentə alınırdı. Adətən bu cür kadrlar kaskadyorların köməyi ilə çəkilir. Ancaq mən demişdim ki, özüm ipdən tutub tullanacağam. Deməli ipdən tutub tullandığım zaman əlim kəndirdən sürüşdü. Baxıb gördüm ki, əlim tamam kəsilib. Həmin kadr hələ bir dubl çəkilmişdi ki, əllərimin içi kəsildi. Əllərim bir müddət heç nə tutmadığı üçün həmin kadr bir həftə müddətində təxirə salındı. Bundan başqa isə əgər xatırlayırsınızsa, filmdə xoruzun stol üstündə duran səhnəsi var, onu çox çətinliklə çəkmişik. Nəbi dayı ilə Qasımın dialoqunda xoruz stol üzərinə qonmalıydı. Təbii ki, xoruz bunu könüllü etmir, sadəcə olaraq onu kənardan stolun üzərinə atırlar ki, dayansın. Neçə dubl çəkilsə də, həmin kadr heç cür alınmırdı. Hətta bir dəfə xoruz qaçdı və yaradıcı heyət də kənd boyu başladı xoruz axtarışına. Axırda Cahangir Mehdiyev xoruzun ayağını əlləri arasında sıxaraq keyitdi və stolun üzərinə atdı. Ondan sonra həmin kadr alındı”.

 

MUXTAR AVŞAROV: ÇƏKİLDİYİM FİLMLƏRİN ƏKSƏRİYYƏTİNDƏ AT ÜSTÜNDƏ OLMUŞAM

 

Filmdə ən yaddaqalan rollardan biri də Qasımın atası roludur ki, onu da Muxtar Avşarov yaradıb. Oğlunun xoşbəxtliyi üçün əlindən gələni əsirgəməyən ata obrazını bütün hisslərini Muxtar Avşarov həvəslə yaradıb. “İlk sınaqdan sonra Qasımın  atası olan Ələmdar roluna təsdiq olunmuşam. Çəkiliş vaxtı şəxsən mən heç bir əziyyət, çətinlik görmədim. Film ekranlara çıxdıqdan sonra geniş tamaşaçı auditoriyası qazandı. Söz yox ki, ondan da yaxşı film çəkmək olardı. Ancaq nəzərə alanda ki, “Kişi sözü”nün yaradıcı heyətinin əsas hissəsini gənclər təşkil edirdi, onda tam olaraq qəbul edilir. Çünki əksər aktyorların kinoda ilk debütü idi. Sonralar onlar ardıcıl olaraq filmlərə çəkildilər və daha da inkişaf etdilər. Film bir çox yerlərdə çəkilirdi ki, bu da ancaq maddi vəsaitin hesabına alınırdı. Azərbaycan kəndi ümumiləşdirilmiş formada verilsə də, görün nə qədər gözəl mənzərələrdən ibarətdir. Mənim oynadığım Ələmdar rolunun evini Bakıda çəkmişik”.

Filmlərimizin əksəriyyətində kəndli obrazını məharətlə yaradan Muxtar Avşarov üçün rolun böyük-kiçiyi yoxdur. O, deyir ki, şərt ekranda daha çox görünmək deyil, aktyor üçün əsas olan odur ki, epizodik rol yaratmaqla, az sözlə, çox fikri ifadə edə bilsin: “Yaxşı deyiblər ki, “ot öz kökü üstə bitər”. Mən özüm də kəndli balasıyam. Çəkildiyim filmlərin əksəriyyətində də at üstündə olmuşam. Hətta buna görə məni Moldaviyada çəkilən iki seriyalı filmə dəvət etmişdilər. Həmin filmdə at üstündə türk zabiti rolunu yaratmışam. Sözümün canı odur ki, hər hansı bir filmdə kəndli obrazını yaratmaq mənim üçün problem deyil. Bu baxımdan da “Kişi sözü” filmində yaratdığım Ələmdar obrazı təbii alındı”.

 

İRADƏ AĞASIBƏYLİ AĞCANI GƏNCƏ LƏHCƏSİNDƏ TƏQDİM ETDİ

 

Sınaq çəkilişlərində bütün aktyorlar uyğun olunan rollara təsdiq olunsalar da mağaza müdiri rolunu yaradacaq aktrisa axtarışları bir nəticə vermirdi. Bir gün Əjdər Həmidov rejissora təklif edir ki, Sumqayıt Teatrında onunla birgə çalışan İradə Ağasıbəylini də həmin rol üçün yoxlasın.

Doğrudan da, İradə Ağasıbəylinin yoxlama çəkilişləri uğurlu alınır və o mağaza müdiri roluna təsdiq olunur.

Onu da qeyd edim ki, İradə xanım bu filmdən əvvəl C.Cabbarlı haqqında çəkilən sənədli filmdə Almaz obrazını yaradıb. Aktrisanın dediklərindən: “Əjdərlə Sumqayıt Teatrında birgə çalışmışıq, eyni zamanda isə ailəvi dostluq etmişik. Bir gün o, mənə dedi ki, “Kişi sözü” adlı bir film çəkilir və səni də Ağca rolunun sınaq çəkilişlərinə dəvət edirlər. Beləliklə də mən çəkilişlərə qatıldım və foto və kinosınaq yoxlamalarından uğurlu çıxdığım üçün Ağca roluna təsdiq olundum. Hələ ssenarini oxuduğum zaman hiss etdim ki, Ağca bir obraz olaraq kənd qadınlarının ən ali xüsusiyyətlərini özündə cəmləşdirib. Yəni o, “əgər söz vermisənsə, deməli yerinə yetirməlisən” prinsipinə əməl edir. Mən Ağcanı müasir kənd qadını səviyyəsində yaratmağa səy göstərdim. Oyunumu seyr edən İsi Məlikzadə mənə təklif etdi ki, bəlkə elə sənin obrazını öz adınla İradə kimi təqdim edək. Mən razılaşmadım. Xatırladım ki, ssenaridə Ağca obrazı çox kiçik idi. Çəkiliş vaxtı rejissorla ssenari müəllifi mənim rolumun həcmini artırdılar. Bu, məni daha da həvəsləndirdi. Onu da qeyd edim ki, Ağca obrazını elə öz Gəncə ləhcəmizlə oynadım ki, bu da təbii alınmaqla yanaşı, bir yenilik oldu. Mən çox xoşbəxtəm ki, o cür maraqlı insanlarla tərəfmüqabili olmuşam. “Kişi sözü” filmindən düz 10 il sonra Eldar Quliyevin quruluş verdiyi “Bu gözəl dünya” filmində çəkildim. Hər iki filmdəki obrazlarım bir-birindən kəskin surətdə fərqlənir”.

 

FİLM YÜKSƏK KATEQORİYAYA LAYİQ GÖRÜLDÜ

 

Digər janrlardan fərqli olaraq musiqili-komediya janrında film çəkmək çətin olduğu üçün ona ayrılan vaxt uzun müddəti təşkil edirdi. “Kişi sözü” filmi 15 ay vaxt ayrılmasına baxmayaraq film 10 aya hazır oldu. Təbii ki, bu da Cahangir Mehdiyevin sürətli iş prosesindən irəli gəlmişdi.

Filmin çəkilişləri bitdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərən Bədii Şuranın ixtiyarına verilir. Bədii Şura tərəfindən bəyənilən film Moskvaya göndərilir. Baxış zamanı yüksək səviyyədə qəbul olunan film yüksək kateqoriyaya layiq görülür.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi İsi Məlikzadə, bəstəkar Vasif Adıgözəlov, operatorlar Fikrət Əsgərov, Eduard Qalaqçiyev, rəssam Fikrət Əhədovdur.

Rollarda iştirak edirlər: Əjdər Həmidov(Qasım), Sənubər İsgəndərova(Solmaz), Kəmalə Abdullayeva(Tovuz), Muxtar Avşarov(Ələmdar), Əfrasiyab Məmmədov(Nəbi), Leyla Bədirbəyli(Xavər), Cahangir Mehdiyev(Niyaz), Tələt Rəhmanov(Bayandur), Cəvahir Bayramova(Nübar), İradə Ağasıbəyli(Ağca), Lətifə Əliyeva(Qəndab), Elnur Mehdiyev(velosiped sürən), Balabəy Balabəyov(arıq sürücü), Nazim Ağayev(Atayev).

X.QİYAS