Noyabrın 26-da “Azərbaycan” CinemaPlus-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə yerli klassik animasiya filmləri nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova nümayişə dəstək verən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına və Azərbaycan Dövlət Film Fonduna təşəkkürünü bildirdi: “Bu gün siz məhz böyüklər üçün çəkilən animasiya filmlərinə baxacaqsınız. Nümayişdən sonra “Seans” animasiya filminin müəllifi Firəngiz Qurbanova, “Güzgü” filminin rejissoru Elçin Hami Axundov və “Sükutun pozulması” ekran işinin rejissoru Məsud Pənahi sizi maraqlandıran suallara cavab verəcəklər. “İthaf” filminin rejissoru Şamil Nəcəfzadə Amerikada yaşadığından bizim tədbirdə iştirak edə bilmir. Çox təəssüf ki, “Qaravəlli” animasiya işinin rejissoru Arif Məhərrəmov və “Lağım”, “Arzular…Arzular…” filminin müəllifi Vahid Talıbov isə dünyalarını dəyişiblər. Onları sevgilə anırıq”.
Nümayişdən sonra baş tutan müzakirədə moderator, rejissorlara “Bu animasiya filmləri yenidənqurma və SSRİ-nin dağılması ərəfəsində çəkilib. Və dövrün sosial, siyasi-ictimai hadisələrinə reaksiya idi. Onda necə münasibət göstərildi bu filmlərə?” sualını ünvanladı.
Elçin Hami Axundov öncə bildirdi ki: “Uzun illərdən sonra “Güzgü” filminə böyük ekranda baxanda nostalji hisslər keçrmədim. Sadəcə, filmin keyfiyyətindən razı qalmadım. Çünki rənglər solub. O vaxt neqativdən onun surətini çıxarmadılar. Birbaşa ekrandan çəkdilər. Keyfiyyət itib bir az. Filmin çəkildiyi dövr çox həyəcanlı idi. Qarabağ hadisələri başlayanda ermənilər bizim haqqımızda mənfi təbliğat aparırdılar. “Güzgü” filmində fantasmaqoriya janrında o dövrün hadisələrinə toxunmuşam və onda ermənilər çox qəzəblənmişdilər”.
Məsud Pənahinin sözlərinə görə, “Sükutun pozulması” filminin ideyası Xocalı ilə bağlı bir tədbirdə yaranmışdı:
“Heydər Əliyev Fondunun dəstəyilə keçirilən tədbirdə Xocalı faciəsinin şahidi olmuş uşaqların çəkdiyi rəsmləri gördüm. Onlar öz gözlərilə gördüklərini çəkmişdilər. Fikirləşdim ki, bu, animasiya üçün maraqlı materialdır və bundan animasiya etmək olar. Filmi az büdcə ilə çəkmişik”.
Firəngiz Qurbanova isə qeyd etdi ki, “Seans” filmini o vaxt ekrana buraxmadılar: “Səbəbini indi də bilmirəm. Ümumiyyətlə düşünürəm ki, animasiyada peşəkarlığa ehtiyac var və animasiya əsərləri həssas yanaşma tələb edir. Baxmayaraq ki, mən təhsilimi bədii film üzrə almışam, amma animasiya mənim diqqətimi həmişə cəlb edib. “Seans” eksperimental filmdir, orada iki operator işləyib. İlk filmim “Arzunu yarat” da eksperimental idi, bədii kino ilə qarışdırmışdım. İşlərimdə janrları qarışdırmağı, qrafika ilə işləməyi sevirəm”.
Operator Ramiz Ağayev, Vahid Talıbovla bağlı bir xatirəsini bölüşdü: “Vahid ”Yeni il əhvalatı” adlı iki hissəli filmi çəkmişdi. Quraşdırılmış səhnələrlə çəkilmiş filmi Moskvada təhvil verəndə Norşteyn filmin neçə vaxta ərsəyə gəldiyini soruşdu. Talıbov dedi ki, il yarıma. Bu fakt Norşteyni çox təəccübləndirmişdi.
Moderator, Vahid Talıbovla bağlı bəzi məlumatları paylaşdı: “Vahid Talıbov Moskvada “Ali rejissorluq kursu”nda təhsil alıb. 1993-cü ildə Türkiyəyə köçüb və Ankarada animasiya üzrə dərs deyib. Onun filmləri mənim üçün bir kəşf oldu, maraqlı üslubu və yanaşması var. Belə başa düşdüm ki, onu narahat edən əsas motivlərdən biri müasir dünyamızda insana total nəzarətdir. Hətta bəzi filmlərinə baxanda Frits Lanqın “Metropolis” filmini xatırladım”.
Daha sonra, operator Rafiq Qənbərov, tədbirdə iştirak edən rejissorların hər birinin animasiyamız üçün dəyərli olduğunu və böyük işlər gördüklərini qeyd etdi. Arif Məhərrəmovun qardaşı, Fəlsəfə doktoru, Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri, AKİ-nin katibi, yazıçı-publisist Akif Əli söz aldı: “Arif mənim böyük qardaşım idi. Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda kinorəssamlıq ixtisası üzrə təhsil almışdı. Bədii filmlərdə də quruluşçu rəssam kimi işləmişdi. O cümlədən, “Yeddi gözəl” və “O dünyadan salam”da. Amma, daha çox, animasiyada çalşırdı. Son texnologiyalardan istifadə edirdi. Həm də yağlı boya ilə rəsmlər çəkirdi. Onun əsərlərində əsas motiv – milli koloritə əsaslanmaq idi. Rəsmlərində aparıcı obrazlardan biri xalça idi. Eyni zamanda, milli folklordan çox istifadə edirdi və dünyada qəbul olunmaq üçün animasiya filmlərimizdə milli süjetlərdən istifadənin tərəfdarı idi”.
Elçin Hami Axundov, animasiya filmlərimizdə milli dəyərlərimizi aşılamağın vacibliyi fikrini dəstəklədi: “Milli filmlər çəkmək lazımdır. Amma, yaxşı animasiya filmləri çəkmək üçün onun qanunlarını öyrənməyə ehtiyac var. Mədəniyyət Nazirliyinin hazırkı rəhbərliyi animasiyaya bir az diqqət ayırıb, kurslar açılıb. İlk növbədə klassik animasiyanı öyrənməliyik. Animasiyada dramaturgiya, həyəcan lazımdır. İndi çəkilən animasiyalarda sadəcə hərəkət var”.
Kinoşünas Sədaqət Kamal “Seans” filminin ssenari müəlliflərindən biri Leyli Səfərovanı qeyd etdi: “Çox istedadlı rejissor idi. Arzu edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı onun işlərini də nümayiş etdirsin. Məni daha çox Şamil Nəcəfzadənin “İthaf” filmi təsirləndirdi. Maraqlı təzadlı səhnələr vardı, qarın içindən yaşıllğa doğru getmək kimi. Hesab edirəm ki, animasiya – gələcəyin kinematoqrafıdır”.
Tədbirdə iştirak edən Şamil Nəcəfzadənin qızı Aysel bildirdi ki, bu filmə baxanda səkkiz yaşı vardı: “Onda yadımda qalan təsvir və musiqi idi. Uzun illərdən sonra yenidən baxmaq daha fərqli təəsürat yaratdı. Həcmi qısa olsa da, mənası böyük idi”.
Moderator qeyd etdi ki, “İthaf” Şamil Nəcəfzadənin animasiyada debut işidir: “Onu da deyim ki, Şamil müəllim, Azərbaycanın Xalq rəssamı, “Ad günü”, “Bir Cənub şəhərində” kimi məşhur filmlərimizin quruluşçu rəssamı Kamil Nəcəfzadənin oğludur”.
aki.az