``Komediya kraliçası`` tamaşaçıları kədərləndirdi
Noyabrın 21-də “Azərbaycan” CinemaPlus-da İsveç kino günləri çərçivəsində növbəti film, rejissor Sanna Lenkenin “Komediya kraliçası” bədii filmi nümayiş olundu. Rejissor haqda məlumat verən moderator Sevda Sultanova bildirdi ki, S.Lenken Danimarkada, İsveçdə kino təhsili alıb, kastinq direktoru işləyib. “Komediya kraliçası”, rejissorun ikinci tammetrajlı bədii filmidir. Müxtəlif kinofestivallarda mükafat alan film anasını erkən itirən, atası ilə mürəkkəb münasibətlər yaşayan yeniyetmənin bu itkini necə adlaması barədədir.
Nümayişdən sonra rejissorun yaradıcılığının önəmli cəhətləri haqda məlumatlar verən moderator qeyd etdi ki, S.Lenken, filmlərində əsasən qidalanma pozuntusu yaşayan fərdlərin, yeniyetmələrin özünüdərki, insanın bədəninə münasibəti mövzularına toxunur: “Məni ən çox təəccübləndirən, rejissorun müntəzəm olaraq, filmlərində anoreksiya mövzusunu işləməsidir. Sonra onun müsahibələrində oxudum ki, İsveçdə əhalinin on faizi bu xəstəlikdən əziyyət çəkir. Rejissorun ilk qısametrajlı filmi “Kök və kartof püresi”ndə uşaq, oyuncaq dovşanları ac qaldığı üçün yeməkdən imtina edir. “Nahar” filmində anoreksiyadan əziyyət çəkən, yemək yeməyə ağır sınaq kimi baxan fərdin əzabları intim detallara kimi təsvir olunur. O, bu mövzudan daha geniş şəkildə “Mənim kiçik bacım” adlı debüt tammetrajlı bədii filmində danışır. Berlin kinofestivalında mükafata layiq görülən filmdə anorekasiyaya mübtəla olan gənc qızın ailəsi ilə yaşadığı konflikt verilir”.
“Komediya kraliçası” haqda fikirlərini bölüşən tamaşaçıların əksəriyyəti rejissorun çox mühüm mövzuya toxunduğunu, süjetin təsir gücünü, uşaq-valideyn münasibətləri haqda bizdə də ekran əsərlərinin çəkilməsinin vacibliyini, uşağa, yeniyetməyə münasibətdə İsveç cəmiyyəti ilə bizim cəmiyyət arasındakı fərqləri qeyd etdilər.
Moderator daha sonra vurğuladı ki, film məşhur isveçli psixoloq Yenni Eqerfeldin romanı əsasında çəkilib: “Eqerfeld daha çox yeniyetmələrlə iş üzrə ixtisaslaşıb. O, 17-dən çox kitabın müəllifidir. Film real hadisələrə əsaslanır. S.Lenken qeyd edir ki, onun üçün sosrealizm önəmlidir. Bu filmdə əsərin qəhrəmanı Saşa, anasının ruhunu görür. Rejissor çalışıb ki, bu obrazı qorxu filmləri estetikasında yox, poetik və incə göstərsin. Filmdə ananın intihar aktı və səbəbi göstərilməyib. Çünki müəllifin məqsədi, uşağın bu itkiyə reaksiyası, onu necə yaşaması və nələrdən keçərək ona qalib gəlməsidir”.
Saşa rolunun ifaçısı Siqrid Consondan danışan moderator bildirdi ki, o, film və seriallara uşaqlıqdan çəkilir: Conson bu roluna görə İsveçin nüfuzlu “Qızıl böcək” mükafatına layiq görülüb. Rejissor, Consonla rol üzərində işləyəndə, birinci onun saçının kəsilməsindən başlayıb. O deyir ki, saçını qırxdıqdan sonra, Conson tamamilə obraza girdi, sanki daha da böyüdü və sərtləşdi, bu isə personaja bir üstünlük qazandırdı. Lenken bir qayda olaraq, obrazlarını ifa edərkən çox dərinə gedə bilən aktyorlarla işləməyə üstünlük verir”.
Filmlə bağlı daha bir maraqlı məqama toxunan moderator qeyd etdi ki, Lenken ata obrazını oynayan aktyor Oskar Työrinqeni ağlamağa məcbur edib: “Rejissor müsahibələrində deyir ki, onu bəzi səhnələrdə həddindən çox ağlatdım, hiss elədim ki, həddimi aşmışam. Və onun ağlamasına baxmağa utanırdım. Həmin səhnəni kəsən Lenken, sonradan bu epizodu çıxardığına görə peşman olub. Çünki, ona görə, kişinin ağlaması normaldır”.
Qeyd edək ki, “Komediya kraliçası” Azərbaycan Kinematoqrafçılar İttifaqı və İsveç Krallığının Bakıdakı səfirliyinin birgə əməkdaşlığı ilə baş tutan “İsveç film günləri” layihəsi çərçivəsində nümayiş edilib.
aki.az