Azərbaycan Kinematoqrafçılar İttifaqı fotoqrafiya və vizual hekayə sahəsinə maraq göstərən gənclər üçün “Kompozisiyanın əsasları” adlı təlim proqramını elan edir.
Bu proqramın məqsədi vizual düşüncəni inkişaf etdirmək, iştirakçıların estetik baxışını formalaşdırmaq və onların texniki biliklərini yaradıcı ifadə imkanlarına çevirməsinə dəstək olmaqdır. Təlim həm fotoqrafiyaya yeni başlayan, həm də öz bacarıqlarını daha da təkmilləşdirmək istəyən gənclər üçün nəzərdə tutulub.
Baxmaq – hələ görmək demək deyil. Bu təlim iştirakçılara həqiqətən görməyi öyrədəcək, vizual düşüncəni gücləndirəcək və kadrları kompozisiya vasitəsilə “tamaşaçı ilə sözsüz dialoqlar”a çevirməyə imkan verəcək. Kamera (foto və ya kino) sadəcə çəkir, kadrı danışdıran isə sənin baxışındır. Təlim müddətində iştirakçılar vizual baxışını formalaşdıracaq və onu məqsədli şəkildə ifadə etməyi öyrənəcəklər.
Bundan əlavə:
- Vizual baxışın formalaşdırılması
- Foto-kompozisiya prinsipləri
- İşıq, kölgə və rakursdan məqsədyönlü istifadə
- Texniki bacarıqlardan fərdi üsluba keçid
- Vizual hekayə anlatmaq bacarığı
haqqında biliklər əldə edəcəklər.
Təlimlər 2 ay ərzində, həftədə 2 dəfə olmaqla həyata keçiriləcək. İştirakçılar bu bilik və bacarıqları rejissor, fotoqraf Ərturan Nəcəfi Göl tərəfindən keçirilən təlimlər vasitəsilə əldə edəcəklər. Ərturan Nəcəfi Göl Cənubi Azərbaycanın Qoşaçay şəhərində anadan olub. Urmiya Gənc Sinemaçılar Dərnəyində (2001-2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (2011-2016) təhsil alıb. Fotoqrafiya ilə məşğuldur. Filmləri müxtəlif beynəlxalq festivalların əsas mükafatlarına layiq görülüb.
Müraciət etmək istəyənlər 31.03.2026- cı il tarixinə qədər aşağıda tələb olunan materialları 1 PDF faylında (fayl müraciətçinin adı və soyadı ilə adlandırılmalıdır) [email protected] elektron ünvanına “Kompozisiyanın əsasları” başlığı ilə göndərməlidirlər.
- Minimum 10 ədəd foto
- Motivasiya məktubu
- Bioqrafiya
- Portfolio (əgər varsa)
Seçilmiş iştirakçılar iki ay ərzində intensiv təlim proqramında iştirak edərək həm nəzəri, həm də praktik biliklər əldə edəcəklər. Qeyd edək ki, təlimdə iştirak pulsuzdur.
aki.az

