Koronavirus pandemiyası ilə bağlı hekayə müsabiqəsinə start verilib

Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.

Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd dünyanı bürüyən koronavirus pandemiyasının yaratdığı problemlərin və Azərbaycanda  bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılmasından və mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdən ibarətdir.

Müsabiqənin şərtləri aşağıdakılardır:

– Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir.

– Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır.

– Müsabiqəyə 25.000 (iyirmi beş min) işarədən artıq olmayan hekaylər qəbul olunur.

– Hekayənin mətni üçün tələblər – şriftin qarnituru  “Arial” 12, sətirlər arası interval 1, faylın formatı “doc.”

– Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

– Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

Mükafatlar:

Birinci yer – I dərəcəli diplom və 2000 manat

İkinci yer – II dərəcəli diplom və 1500 manat

Üçüncü yer – III dərəcəli diplom və 1000 manat

2 həvəsləndirici mükafat – xüsusi diplom və 500 manat

Müsabiqəyə hekayələrin qəbulu 29 may 2020-ci il tarixində sona çatacaqdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı