Noyabrın 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqında AKİ-nin İdarə Heyətinin üzvü, rejissor, jurnalist Kamran Qasımovun bu ilin yanvarında Cənubi Kaliforniyada baş vermiş dəhşətli meşə yanğınlarından bəhs edən “Küldə şərqi deyənlər” (“Singers in the ashers”) sənədli filminin təqdimat mərasimi keçirildi.



Film “Real” telekanalının reportajları (müəllif Kamran Qasımov), “Fox” telekanalının materialları, eləcə də, Kamran Qasımovun şəxsi arxivi əsasında hazırlanıb. Xronometrajı 28 dəqiqə olan ekran işində K.Qasımov Los-Anceles əyalətində baş vermiş meşə yanğınları və onun fəsadlarını çəkib. Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə baş tutan nümayişdən öncə rejissor Kamran Qasımov bu ilin yanvarında şahidi olduğu yanğınlardan danışdı, nümayişə gələnlərə minnətdarlığını bildirdi. Filmdə yanğından əziyyət çəkən insanlar, yanğınsöndürənlər, eləcə də, Los-Anceles merinin müsahibələri yer alıb. Nümayişdən sonra millət vəkilləri, kinematoqrafçılar, ictimaiyyət nümayəndələri çıxış edərək, filmlə bağlı təəssüratlarını bölüşdülər.
Qeyd edək ki, Kamran Qasımov Los-Ancelesdə baş vermiş yanğınları işıqlandırmış yeganə azərbaycanlı jurnalist olub. Azernyumedia şirkətində istehsal olunan film, Azər Əsgərovun dəstəyilə ərsəyə gəlib.
aki.az

