Lətif Lətifsoyun “Anya” filmi beynəlxalq mükafata layiq görüldü

Dekabrın 6-da Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği”nin (SETEM) təşkilatçılığıı ilə keçirilən XI Beynəlxalq İpəkyolu Film Festivalının mükafatlandırma mərasimi İstanbulda baş tutub. Bu il mükafat üçün müxtəlif ölkələrdən 3089 film ilə rekord sayda müraciət qəbul olunub.

Xatırladaq ki, festivalın final mərhələsinə Azərbaycandan 2 film, Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri keçib.

”Titrəmə” filmi festvalın beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “ən yaxşı film” mükafatına, rejissor Lətif Lətifsoyun çəkdiyi “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli film kateqoriyasında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

Eksperimental-sənədli janrda olan “Anya” filminin xronometrajı 12 dəqiqəlikdir. Kənddə rus dili və ədəbiyyatı müəllimliyi edən yaşlı Anyanın həyatından epizodlar təqdim edilərək, onun düşüncə və xəyal dünyasının dərinliklərindən bəhs olunan film rejissorun ilk ekran işidir. Filmin təsvir rejissoru da L. Lətifsoydur. Film, bundan öncə 38-ci Fəcr Beynəlxalq Film Festivalının iki əsas müsabiqə bölməsindən biri olan “Eastern Vista”ya seçilib.

aki.az