“Lətif” – 90 /Lətif Səfərovun 100 illiyi/ rubrikasında
“Lətif Səfərovun 100 illiyi” rubrikasında silsilə yazılarımızı davam etdiririk. Bu dəfə onun uşaq yaşlarında çəkildiyi “Lətif” fiminin yaranma tarixindən bəhs edəcəyik və onu da xüsusilə vurğulayaq ki, Azərbaycan kinosunun tarixində qəhrəmanı ilk dəfə uşaq olan “Lətif filminin çəkilişindən 90 il keçir. Film Lətif Səfərovun şərəfinə “Lətif” adlandırılıb.
İlk müstəqil rejissor işi, ilk uşaq qəhrəman
30-cu illərdə kino sahəsində çalışan istedadlı gənc rejissorlardan biri də Mikayıl Mikayılov olub.”Gilan qızı”(1926), “Müxtəlif sahillərdə”(1927) filmlərində rejissor assistenti vəzifəsində çalışan Mikayıl Mikayılov bu vəzifələrdə özünü doğrultmuş ki, nəticədə də kinorejissor bacarığına malik olduğunu sübut etmişdir. 1930-cu ildə rejissorun həyatında əlamətdar hadisə baş verir və o özünün “Lətif” filmi ilə bir ssenarist-rejissor kimi gənc Azərbaycan kino işçiləri dəstəsinə həmişəlik daxil olur.
Qeyd edək ki, rejissorun ilk müstəqil işi olan “Lətif” filmi Azərbaycan kəndlərindəki kolxoz quruculuğuna həsr olunub və kəndlərin birində baş verən hadisələr zamanı yeddi yaşlı oğlanın qoçaqlığından bəhs edir ki, bu da filmin əsas süjet xəttini təşkil edir.Rejissor filmdə aktyor seçiminə xüsusi diqqətlə yanaşıb. Filmin adı öz balaca qəhrəmanının adı ilə bağlıdır. Lətif Səfərov o zaman “Gilan qızı” filmində uşaq rolunda çəkilmək üçün studiyaya gətirilmişdi. “Gilan qızı” filmində rejissor assistenti işləyən Mikayıl Mikayılov balaca Lətifin oynadığı obrazı bəyənib vəonu öz ssenarisi əsasında quruluş verdiyi “Lətif” filmində balaca qəhrəmanın roluna çəkib. Bu filmdən sonra Lətif rejissorların diqqətində dayanır. Onu mütəmadi olaraq filmlərdə olan balaca qəhrəmanların rollarına çəkirlər. Tezliklə balaca qəhrəman bütün kinostudiya kollektivinin sevimlisinə çevrilir.
Mikayıl Mikayılov film haqqında danışdığı xatirələrində deyir ki, Lətifin filmdəki uşaq məsumluğu həqiqi aktyor oyunu üçün böyük yaradıcılıq meydanına çevrilmişdi ki, bu da şübhəsiz filmin ideya-bədii cəhətinə böyük xidmət edirdi: “Flmin adı əvvəl başqa cür adlandırılsa da, həqiqi adını iş prosesində tapdı. Azyaşlı Lətif sınaq çəkilişini qurtaran kimi, filmin adını “Lətif” qoyduq”.
Rejissor digər aktyor oyunlarından da bəhs edib: “Filmdə aktyor olmayan qoca rəncbərin də yorğun hərəkətlərində, mimikasında bir məsumluq özünü göstərir. Taxıl sərib, sonra quru torpağa əyləşən rəncbərin yerə dikilən nəzərlərində inamsızlıq deyil, yorğunluq və yorğunluğa qoşulan kiçik suallar sezilir: Görəsən, bu ilk traktorun gəlişi qoca rəncbərin də əməyinə kömək olacaqmı, yaxud bir təsir göstərəcəkmi? Məhz bu epizodda üzünün tərini silən rəncbəri ekranda bir qədər artıq saxladıq. Çünki onun üz cizgilərində həmin sual aydın formada oxunmalıydı. Bu epizoddan sonra kamera torpağı çevirən təkərləri göstərdi. Bununla da demək istədik ki, illərdən bəri əziyyətə qatlaşan rəncbərin əməyinə kəndə yeni gələn texnika çatacaqdır. Kəndə gələn ilk traktor özü ilə böyük ümidlər gətirmişdir. İndi kütlə qolçomaqlara xidmət etmək istəmir. Bu, filmin ideya-bədii cəhətdən əsas amalıdır”.
Qolçomaqları ifşa edən balaca qəhrəman və ya özü ilə filmə lətiflik gətirən Lətif
Film Azərbaycan kəndində kolxoz quruculuğuna və kəndin yeni adamlarına həsr olunub. Məlumdur ki, kolxoz quruculuğunun ilk illərində onun əleyhinə qalxanlar da var idi. Bunlar Azərbaycan kəndlərində yerli mülkədarların qalıqları olan qolçomaqlar idilər. Məharətlə maskalanmış qara qüvvələr kolxoz quruluşuna, yeni sovet kəndində görülən hər cür mədəni tədbirlərə qarşı çıxır, əlaltından fitnəkarlıqlar törədirdilər. Xüsusilə kənd təsərrüfatları avadanlığını oğurlamaq, sosialist əmlakına ziyan vurmaq yolu ilə qolçomaqlar və onların əlaltıları öz qara niyyətlərində davam edirdilər.
Filmin baş qəhrəmanı azyaşlı Lətif də kənddə cərəyan edən bu hadisələrin içərisində idi. O, əvvəllər kolxoza ziyan vuranların çirkin hərəkətlərini görür, lakin bunun mahiyyətini, mənasını başa düşmür, dərk etmirdi. Az sonra kəndin xeyirxah adamlarının təsiri ilə Lətif kənddə qolçomaqları ifşa edənlərin ən yaxşı və bacarıqlı köməkçilərindən birinə çevrilir.
Balaca aktyor filmdə ona tarşırılan rolun öhdəsindən məharətlə gəlib. O öz oyunu ilə başqalarına nümunə oldu. M.Mikayılov bu barədə belə deyib: “Lətif elə birinci gündən birinci epizodu gözəl oynadı. Lətif özü ilə filmimizə lətiflik gətirmişdi”.
Filmdə xronikal-sənədli materiallardan istifadə olunub
Süjet xəttinə əsasən filmin kadrları bir çox məkanlarda lentə alınıb. Əsasən Bakıda çəkilən filmdə sonrakı proseslərdə kənd həyatını canlandıran mənzərələrə rast gəlmək mümkündür. Eyni açılmış xalq yeni həyat haqqında fikirləşir, çalışır…Zəhmət və zəhmət adamlarını nümayiş etdirən kadrların özündə də plakatçılığa meyl vardır ki, bu da kolxoz quruluşunun üstünlüyünü intişar etmək üçün yönəldilmişdir. Bu plakatçılıq özü də filmin ideya-bədiiliyinin yüksəldilməsinə dəlalət edir. Filmin qarşısına qoyduğu məqsədlər heç də aktyor oyununu öz imtiyazlarından məhrum etmir. Əksinə, kinonun səssiz dövrü şəraitində həmin filmin ideya-bədiiliyi aktyor oyununun xüsusiyyətlərini mürəkkəbləşdirir. Obrazların xarakterik cizgiləri, o cümlədən plastikliyi və mimikalılığı obrazın ritmik rəsmini pozmur, əksinə, öz ictimai, ideya mənsubiyyətini təsdiq edir. Filmdəki bu xüsusiyyəti aydın təsəvvür etmək məqsədilə aşağıdakı epizodlara diqqət edək. Rejissorun iradəsi ilə kinokamera yeni həyatın havası ilə nəfəs alan kolxoz kəndindən, onun geniş və bərəkətli düzlərindən keçir, bu düzlərdə zəhmət adamları ilə rastlaşır, onların rəsmini yaradır. Kadrlardan məlum olur ki, torpağın həqiqi sahibləri kolxozçulardır. Bu zaman ekranda əvvəlcə orta, sonra ön planda bir qolçomaq görünür, o, vəhşi bir ehtirasla toprağı qamarlamaq istəyir. Bu vəziyyətdə onun beli əyilib, zaman, həyat onun belini əyib. Kamera onu yenə orta planda çəkir. Bununla sanki rejissor deyir: baxın, bu vaxta qədər zəhmət çəkmədən torpağın şirəsini, kəndlinin qanını soran bu canavara bir də baxın! Kolxozçular artıq tarladadır… Bu epizoddan əvvəl rejissor bir daha ekran boyu təzə torpağı göstərir. Torpaq sanki gözümüzün önündə azad nəfəs alır, traktorun dişli təkərləri torpağın sinəsində dərin izlər buraxaraq irəliləyir.
Yeri gəlmişkən, bu kadrlara A.Dovjenkonun “Torpaq” adlı filmində də təsadüf edirik. Hər iki film eyni dövrün məhsuludur. Odur ki, oxşar epizodlar və kadrlar heç də kino sənətində təkrarın nəticəsi deyildi. Bu, dövrün qarşıya qoyduğu tələblərdən doğurdu. Həmin illərdə istər ədəbiyyatın, istərsə də kino sənətinin qarşısında yeni sovet kəndinin təsviri, xüsusilə kolxoz quruluşunun təbliği və buna qarşı çıxan qolçomaqların ifşası mühüm bir vəzifə olaraq dururdu. Bu baxımdan da “Torraq” və “Lətif” filmlərindəki oxşar epizodlar və kadrlar eyni məqsədə xidmət edirdi.
Ümumiyyətlə 20-ci illərin kinematoqrafiyası müxtəlif mövzulara müraciət etməklə öz dövrünün müasir məsələlərinə toxunub. Doğrudur, bu filmlər bəzən repertuar siyahısı xatirinə düzəldilir və sənətkarlıq nöqteyi-nəzərindən zəif olurdu. Lakin 1920-1930-cu illərin kinematoqrafiyasında həm mövzu, həm də sənətkarlıq cəhətdən həqiqətən milli kinematoqrafiyamızın tarixinə həkk olunan, milli kinomuzun inkişafında müəyyən rol oynayan filmlər az olmayıb. Rus kinematoqrafiyasının təsiri altında yaranmış “Bismillah”, “Hacı Qara”, “Lətif”, “Vulkan üzərində ev” məhz belə filmlərdəndir.
Filmin yaradıcı heyəti:
Ssenari müəllifi-quruluşçu rejissor-Mikayıl Mikayılov, quruluşçu operator-İvan Tartakovski,rəssam-A.Qonçarski.
Rollarda iştirak edirlər: Lətif Səfərov(Lətif), Əjdər Sultanov(Hacı Səmədin oğlu), Ələsgər Ələkbərov(kolxoz sədri), Mustafa Mərdanov(qolçomaq əlaltısı Ələsgər), Həqiqət Rzayeva(ögey ana), Qasım Zeynalov(İbrahim) və b.
Tofiq İLK