Lətif Səfərovun yaradıcılıq yolu Azərbaycan Kinematoqrafçılar İttifaqındakı müzakirənin fokusunda

Azərbaycan Kinematoqrafçılar İttifaqı kinomuzun tarixi və nəzəri problemləri ilə bağlı müzakirələr silsiləsinə start verib. Məqsəd kino tənqidinin inkişafına dəstək verməklə yanaşı, kino tariximizin daha dərindən tədqiq edilməsidir.

Avqustun 13-ü baş tutan ilk müzakirənin fokusunda bu il 100 illik yubileyi olan kinorejissor Lətif Səfərov idi.

Məruzəçi, kino tarixçisi, ssenarist, yazar Nəriman Əbdürrəhmanlı Lətif Səfərovu sənət yolunun əsas qayəsini yaradıcılıq azadlığı uğurunda mübarizəsi təşkil etdiyini qeyd edərək bildirdi ki, bioqrafiyası hazır ssenari olan Lətif Səfərovu tale özü kinoya gətirib. “Gilan qızı” filmində rol alandan sonra Mikayıl Mikayılov “Lətif” filminin ssenarisini məhz gənc aktyoru nəzərdə tutaraq yazıb və filmin adını da aktyorun adına görə seçib. Valideynlərini erkən itirən Lətifi “Azərbycanfilm” himayəsinə götürür, studiyada yaşamaq üçün ona otaq ayrılır, orta məktəbdən sonra Moskvaya ÜDKİ-yə oxumağa göndərilir. M.F.Axundovun, C.Cabbarlının pyeslərini ekranlaşdırmaq arzusunda olsa da, o, həmişə planda olduğu ssenariləri çəkmək məcburiyətində qalır. Ənvər Məmmədxanlının “Leyli və Məcnun” ssenarisi isə nisbətən öz seçimi idi.

Müzakirədə “Leyli və Məcnun” filmində Leylinin rəfiqəsi, Zeynəb rolunun ifaçısı, Əməkdar İncəsənət Xadimi Firəngiz Qurbanova da iştirak edirdi. Firəngiz xanım Lətif Səfərovun çəkiliş meydançasında səs-küysüz iş tərzi olduğunu söylədi. Müzakirədə səslənən, kinorejissorun həyatda və yaradıcılıqda qarşılaşdığı maneələr haqda informasiyalardan təsirlənən Firəngiz xanım, Lətif Səfərovu “sevgisizliyə düçar olmuş, öz mahnısını çala bilməyən alətə” bənzətdi. Lətif Səfərovun əzabları yaradıcılıqla sərhədlənmirdi. Azərbaycan Kinematoqrafçılar İttifaqının mərkəzin filialı yox müstəqil təşkilat kimi yaradılmasında müstəsna rolu olan , 1958-ci ildə yaradılmış təşkilat bürosunun sədri olan Lətif Səfərovu 1963-cü ildə keçirilən təsis qurultayında sədr seçmirlər. Kinematoqrafçılar İttifaqının birinci qurultaydan sonrakı dövrü sədrsiz, katiblik tərəfindən idarə edilir. Davasını etdiyi, yaranmasında müstəsna rolu olan təşkilatın sədri seçilməməsi, həmkarlarının münasibəti ona təsir etməyə bilməzdi. Həmin ilin dekabrında, 43 yaşında Lətif özünü ov tüfəngilə vurur…

Nəriman Əbdürrəhmanlının müzakirə iştirakçılarının marağına səbəb olan bilgilərindən sonra , kino yazarı Sevda Sultanova rejissorun  dəst-xəttinin estetik tərəflərini önə çəkdi. Sevginin Lətifin ana mövzusu olduğunu, bəzi işlərində isə gizli erotizminin olduğunu diqqətə çəkdi. Bununla yanaşı, əbədi bir sevgi dastanı olan “Leyli və Məcnunu” ekranlaşdıranda isə, o mövzu olaraq sevgini yox, pasifizmi, anti-savaş temasını seçdiyini diqqətə gətirdi.

Sevda xanım rejissorun istəmədiyi ssenariləri çəkməsinə baxmayaraq onu kifayət qədər özünküləşdirdiyini dedi. S.Sultanova Səfərovun ifasındakı komediya filmi formatını bu gün kommersiya filmləri çəkən film istehsalçılarına nümunə ola biləcəyini dedi.

Rejissorun qarşılaşdığı problemlər kinoşünas Aygün Aslanlı da  “Azərbaycan kinosunda kinematoqrafçılar arasında konfliktlərin ümumi haldırmı, filmlərin keyfiyyətinə təsir edirdimi” suallarını doğurdu və diskusiyaya səbəb oldu.

Müzakirənin lent yazısı və iclasın daha geniş stenoqramı əlavə olaraq yayılacaq.

aki.az