LAÇIN BEYNƏLXALQ FİLM FESTİVALI – DAĞLARIN RUHUNU KİNONUN DİLİ İLƏ DÜNYAYA ÇATDIRAN YENİ PLATFORMA!
“Laçın Beynəlxalq Film Festivalının (LaçınFilmFest) Laçın şəhərində təqdimatı keçirilib. Festival Azərbaycanın kino tarixində əlamətdar hadisə olaraq, paytaxtdan kənarda keçirilən ilk beynəlxalq film festivalıdır. 2026-cı ilin avqustunda baş tutacaq bu tədbirlər qısametrajlı kino sahəsində yeni yaradıcı simaları üzə çıxarmağı, Laçının mədəni dirçəlişini dünyaya çatdırmağı və regionu beynəlxalq kino mühitinin yeni yaradıcı məkanına çevirməyi hədəfləyir” – bu sözləri “HochazFilm Creative Studio”nun direktoru Amil Məmibəyli söyləyib.

LIFF- kütləvi şəhər festivallarından fərqli olaraq, coğrafi uzaqlığı və dağ landşaftını eksklüziv üstünlüyə çevirərək, meqapolislərdə mümkün olmayan səmimi peşəkar ünsiyyət mühiti yaradır. Laçının unikallığı onun təbiəti, Həkəri çayı və tarixi irsinin (Abidələr, Qasımuşağı xalçaları və s.) müasir infrastrukturla (Laçın Hava Limanı, Lachin Resort & SPA, HoçazFilm Yaradıcılıq Studiyası, LaCinema kinoteatrı, Abdallar Hotel, Tree House və digər istirahət kompleksləri) vəhdətindədir.
LaçınFilmFest-in əsas fəlsəfəsi- mədəniyyət, təbiət və insan yaradıcılığı arasındakı harmoniyadan qaynaqlanır. Laçın coğrafi olaraq Türk dünyası, Avropa və Asiya arasında körpü rolunu oynayır. Festival bu keçid mövqeyini proqram seçimində prioritet edir: Türk Dövlətləri, MDB, Xəzəryanı ölkələr, Balkanlar, Orta Asiya və Cənub-Şərqi Avropa qısametrajlı kinematoqrafiyası xüsusi diqqətdə saxlanılır.

Festival regionun bərpası və “Böyük Qayıdış” proqramı çərçivəsində yumşaq güc aləti kimi çıxış edir. Laçının mədəni və iqtisadi dirçəlişi beynəlxalq kino vasitəsilə yeni identifikasiya qazanır. Kino diplomatiyası bölgənin təhlükəsiz, müasir və yaradıcı potensiala malik məkana çevrildiyini qlobal ictimaiyyətə göstərir.
MÜKAFATLAR – “QIZIL PALID BUDAĞI”
Festivalın rəsmi mükafatı Laçın meşələrinin simvolu olan Qırmızı Palıddan ilhamlanan “Qızıl Palıd Budağı”dır. Bu mükafat həm dözümlülüyü, həm də dirçəlişi təcəssüm etdirir. Azərbaycan Dövlət Gerbində də olan Palıd, çətin dağ iqlimində belə yaşam gücünü qoruyan, zamanla daha da möhkəmlənən iradənin simvoludur. Festivalın vizual identikliyi və mükafatları məhz bu metafordan ilhamlanır: insan yaradıcılığının tənqidlər, müharibələr və çətinliklər qarşısında da solmadığını, əksinə, yeniləndiyini göstərir.

Mükafat kateqoriyaları:
Beynəlxalq:
- Ən yaxşı bədii qısametrajlı film
- Ən yaxşı sənədli qısametrajlı film
- Ən yaxşı animasiya qısametrajlı film
- Ən yaxşı tələbə filmi
- Ən yaxşı rejissor
Milli:
- Ən yaxşı milli bədii qısametrajlı film
- Ən yaxşı milli sənədli qısametrajlı film
- Ən yaxşı milli qısa animasiya filmi
- Ən yaxşı milli qısa tələbə filmi
- Ən yaxşı rejissor
- Ən yaxşı yerli reels-video
Xüsusi nominasiyalar arasında “Həkəri” mükafatı – ən axıcı süjet xətti üçün seçilir.
Ümumi mükafat fondu: 5000 ABŞ dolları
LAÇIN KİNONUN DİLİ İLƏ YENİ NARRATİV YARADIR
Laçın Film Festivalı yalnız kino nümayişi deyil, həm də mədəniyyətin yenidən doğulmasını təcəssüm etdirən strateji mədəniyyət hadisəsidir. Festivalın məqsədi böyük şəhər şablonlarını təkrarlamaq deyil, əksinə, Laçının təbiətini, irsini və yaradıcı nəfəsini ön plana çıxaran unikal format qurmaqdır. Peşəkar təşkilatçılıq, güclü məkan identikliyi və orijinal estetika LaçınFilmFest-i regionun ən nüfuzlu yeni film platformasına çevirməyə hesablanıb.
LIFF- 2023-cü ildən Laçında fəaliyyət göstərən “HocazhFilm Creative Studio” tərəfindən təsis edilib. Əsas dəstəkçiləri – Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Bakı Abadlıq Xidməti, Lachin Resort & Spa, AzGeo (Azərbaycan Geologiyası), Gilabi Ceramics-dir.
aki.az

