Leyla Bədirbəyli - 100
8 yanvar milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin dünyaya göz açmasının 100-cü ildönümü tamam olur….
İfa üslubundakı səmimiyyət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin bir çox qadın qəhrəmanına səhnə həyatı vermiş aktrisa 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb.
L.Bədirbəyli səhnəyə çox gənc ikən çıxıb. 16 yaşından Filarmoniyada solist kimi çalışıb. “Toy” və Əlibaba Abdullayevin “Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutularaq hazırlanıb. Filarmoniyada çalışdığı illərdə “Ayna”, “Bakının işıqları” filmlərində çəkilir.
1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. 33 il bu sənət ocağında fərqli qadın obrazları yaradıb. Onun milli teatrın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və s. obrazlar Azərbaycan mədəniyyət tarixinin qızıl səhifələrinə yazılıb.
Gözəl aktrisamızın teatrdakı uğurlarından fərqli olaraq, kinodakı taleyi bir başqa olub. Belə ki, Leyla Bədirbəylinin kinoda ulduz kimi parlamasında dahi Üzeyir Hacıbəylinin böyük rolu olur.
1945-ci il…Böyük Vətən Müharibəsinin davam etdiyi, sabaha olan inamın itdiyi bir dövr…
Azərbaycan kinosunda Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini ekran variantının yaradılması üzərində iş gedir…
Filmin quruluşçu rejissoru Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik aktrisa axtarırmış və Gülçöhrə rolunu ifa etmək istəyən 100-dən artıq namizəd var idi. Onların hər biri sınaq çəkilişlərində olmuşdu, ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişlərində iştirak etməyib. Üzeyir Hacıbəylinin tövsiyyəsi ilə Leyla Bədirbəyli bu rola təsdiqlənir. Gülçöhrə obrazı leyla Bədirbəylinin həyatında, “Arşın mal alan” filmi isə ölkəmizin tanınmasında, Azərbaycanın dünya ölkələrində təbliğ olunmasında böyük rol oynayır.
Leyla Bədirbəyli “Arşın mal alan” dan sonra 50-yə yaxın filmdə (“Səbuhi”, “Fətəli xan”, “Koroğlu”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Mən mahnı qoşuram”, “Dərviş Parisi partladır”, “Görüş”, “Kişi sözü” və s.) unudulmaz obrazlar yaradıb. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülüb. SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı olub. Bir çox orden və medallarla təltif olunub.
L.Bədirbəyli 23 noyabr 1999-cu ildə, 79 yaşında dünyasını dəyişib, Fəxri Xiyabanda dəfn olunub. Aktrisanın xatirəsi hər zaman əziz tutulur.
29 dekabr 2019-cu ildə Azərbaycan prezidenti Leyla Bədirbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən bu il onun xatirəsinə bir çox tərbirlər planı həyata keçiriləcək.
Azərbaycan Kinematoqrafçılar İttifaqı