Aprelin 2-də, Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğunda Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə görüş keçirilib.
Los-Ancelesdə yaşayan həmyerlimiz Emin Kəriminin instrumental ifasında ‘’Dədə Qorqud’’ filmindən “İncə bellim” musiqisinin sədaları altında zala daxil olan Xalq artisti, soydaşlarımız tərəfindən alqışlarla qarşılandı. Öncə 2016-cı ilin aprel döyüşlərində, eləcə də, torpaqlarımızın ərazi bütövlyüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov 2016-cı il aprel döyüşlərinin başlandığı tarixin qələbəmizə gedən yolda mühüm rol oynadığını qeyd edərək, ekranda tarixi obrazlar yaratmış Xalq artisti Rasim Balayevlə görüşün də məhz 2 apreldə baş tutmasının müstəsna hadisə olmasını qeyd etdi. Daha sonra, Los-Ancelesdə yaşayan soydaşımız Nail Qurbanovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı təqdim olundu.


Real Təhlil İnformasiya Mərkəzinin ABŞ-dəki xüsusi müxbiri, AKİ-nin İdarə Heyətinin üzvü Kamran Qasımovun moderatorluğu ilə baş tutan görüşdə R.Balayev uşaqlıq illərindən başlayaraq kino sənətinə olan marağından, təhsilindən, çəkildiyi ekran əsərlərində, xüsusilə, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” bədii filmlərinin çəkiliş meydançalarındakı maraqlı hadisələrdən, Azərbaycan kinosunun bugünkü vəziyyətindən, müasir dünyamızda baş verən proseslərə olan münasibətindən danışdı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin milli kinomuza, incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğını xüsusi olaraq vurğulayan R.Balayev, bu böyük şəxsiyyətlə təmasları və yadda qalan məqamları bölüşdü.
Daha sonra Rasim Balayev soydaşlarımızı maraqlandıran mövzular üzrə sualları cavablandırdı. Görüşün sonunda Xalq artisti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna və soydaşlarımıza minnətdarlığını bildirərək, onlara fəaliyyətində uğurlar dilədi.
aki.az