“Məsihin bədəni” filminin Bakı premyerası

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və “Visla” Film Festivalının birgə təşkilatçılığı ilə keçirilən “Polşa kino günləri” davam edir.

Növbəti nümayiş sentyabrın 13-də Azərbaycan kinoteatrında anşlaqla keçib.

Rejissor Yan Komasanın 2019-cu ildə çəkdiyi “Məsihin bədəni” filmi real hadisələr əsasında çəkilib, 20 yaşlı Danielin həyatından  bəhs edir.

Filmin qəhrəmanı islah əmək müəssisəsində olduğu zaman mənəvi transformasiya keçirir ki, nəticədə də keşiş olmaq arzusunu hamıdan gizlədir. O, Polşanın uzaq bir əyalətində özünü keşiş kimi qələmə verərək fəaliyyət göstərməyə başlayır ki, ekran əsərindəki hadisələr də məhz bu istiqamətdə cərəyan etməyə başlayır.

Tədbirin moderatoru, kinotənqidçi Sevda Sultanova giriş sözündə müasir Polşa kinosunun əsas mövzularından birinin dinin, kilsənin cəmiyyətə olan təsiri üzərində qurulması olduğunu qeyd edib: “Rejissorların bu mövzuya diqqət ayırmasının əsas səbəblərindən biri Polşada dinin cəmiyyətə təsiri, siyasətə müdaxiləsidir. Kilsənin təziyiqi ilə ölkədə abortun qadağan edilməsi, din xadimlərinin seksual xarakterli zorakılıqlar törətməsi faktları gənclər arasında dinin nüfuzdan düşməsinə səbəb olub. Ona görə yeni nəsil rejissorlar filmlərində dini mövzuya daha çox tənqidi rakursdan yanaşırlar”.

S.Sultanova daha sonra rejissor Yan Komasa barədə məlumat verib.  Qeyd edib ki, filmləri müxtəlif festivallarda nümayiş olunan Komasa xüsusən, virtual dünyanın yeniyetmələrinin həyatına təsirindən danışan “İntiharedənlər zalı” əsəriylə tanınıb: “O, bu əsərdə maraqlı montaj həlli sayəsində real dünya ilə virtual məkan arasında sərhədləri silir. “Məsihin bədəni” filminə gəlincə, burda rejissor göstərir ki, din formaldır, onun həyatla bağlılığı yoxdur. Daniel isə öz fəaliyyətində dinə  həyatilik gətirir. Baş rolun ifaçısı Bartoş Belenya öz obrazında həm əzab çəkən İsanı, adi insan ehtiraslarını, həm də iblisi göstərib”.

Xatırladaq ki, Polşa Kino Sənəti Məktəbi tərəfindən dəstəklənın “Məsihin bədəni” filmi Oskar və Avropa kino mükafatlarına nominant olub.

aki.az