Mədəniyyət naziri kino ictimaiyyəti ilə görüş keçirib

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov kino ictimaiyyəti ilə görüş keçirib.

Dekabrın 13-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunan görüşdə Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və digər ictimai təşkilatların təmsilçiləri, eləcə də müxtəlif yaş qrupunda olan kinematoqrafçılar, film istehsalı ilə məşğul olan dövlət və özəl sektor üzrə qurumların – kinostudiya, şirkət və prodüser mərkəzlərinin, kinoteatrlar şəbəkələrinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, görüşdə kino sahəsindəki mövcud vəziyyət, o cümlədən son iki ildə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

A.Kərimov bu xüsusda mülahizələrini bölüşüb, görüş iştirakçılarının fikir, təklif və qeydlərini dinləyib.

Kino Agentliyinin yaradılması istiqamətində iki ilə yaxın aparılan işləri mərhələlərlə diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin 20 aprel tarixli sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə atılan çox mühüm bir addımdır.

Nazir onu da qeyd edib ki, 2022-ci ilin 16 noyabr tarixində dövlət başçısının fərmanı ilə ARKA-nın Nizamnaməsi təsdiq edilib, hazırda agentliyin praktik fəaliyyətə başlaması üçün müvafiq işlər görülür.

Görüşdə yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi sahələrində ARKA-nın qarşısında duran vəzifələr barədə söhbət açılıb.

Görüş iştirakçıları ölkədə kino sənayesinin inkişafı və milli kinematoqrafiyanın təşviqi üçün vacib olan belə bir təsisatın yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

ARKA-nın səmərəli fəaliyyəti üçün həm dövlət, həm də özəl sektor üzrə kinematoqrafçıları birgə əməkdaşlığa çağıran nazir bu istiqamətdə uğurlu layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, agentliyə təqdim edilən layihələrin hər biri diqqətdə saxlanılacaq.

Görüşdə kino sənayesinin istehsal prosesindən filmlərin kütləvi yayımının təşkilinə, bu sahə üzrə normativ bazadan praktik fəaliyyətədək müxtəlif sahələr ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahzələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.

Səslənən fikirlərə münasibət bildirən Anar Kərimov kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını deyib. Nazir eyni zamanda ölkədə kino sənayesinin inkişaf etdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik və normativ aktlarla bağlı məsələlərin araşdırılması, boşluqların aradan qaldırılması üçün təkliflərin verilməsində kino ictimaiyyətini daha təşəbbüskar və fəal olmağa çağırıb.

Nazir qeyd edib ki, kino sahəsində səmərəli fəaliyyətə mane olan problemləri aradan qaldıraraq, bir neçə istiqamətdə – həm Azərbaycanın yerli bazarı, həm də beynəlxalq festivallar və xarici kino bazarında nümayiş üçün ən uğurlu filmlərin istehsalı bizim üçün prioritet vəzifələrdən biridir.

44 günlük Vətən müharibəsini əks etdirən filmlərin çəkilişi, bu yöndə  vətənpərvərlik mövzusunda ekran əsərlərinin meydana gəlməsinə dəstək veriləcəyi və şərait yaradılacağı xüsusi qeyd edilib. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın, müştərək layihələrin əhəmiyyətini vurğulayan Anar Kərimov vurğulayıb ki, bu əməkdaşlıqda, həyata keçiriləcək layihələrdə həm bədii, həm də texniki heyətin əksəriyyət etibarilə Azərbaycan kinematoqrafçılarından ibarət olması əsas şərtdir.

Bədii, sənədli kino ilə yanaşı, milli animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin də inkişafına xüsusi diqqətin ayrılacağını bildirib.

Görüşün sonunda A.Kərimov Mədəniyyət Nazirliyinin, mədəni həyatın bütün sahələri kimi, milli kinematoqrafiyanın, kino sənayesinin inkişafına zəmin və təkan olacaq bütün fikirləri, təklif və tənqidləri dinləməyə, qarşılıqlı müzakirələrə hər zaman açıq olduğunu vurğulayıb.

aki.az