Mədəniyyət naziri videoqəbul keçirərək vətəndaşların müraciətlərini dinləyib
Mədəniyyət Nazirliyi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün reallaşdırılan sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir.
Aprelin 9-da Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirərək vətəndaşların müraciətlərini dinləyib və suallarını cavablandırıb.
Ə.Qarayev ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs etdikdən sonra vətəndaşlarımızın dövlət tərəfindən tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini də qeyd edib.
Videoqəbulda vətəndaşlar tərəfindən istedadlı uşaqlar üçün mədəniyyətin müxtəlif sahələri üzrə onlayn müsabiqələrin təşkili, ümumrespublika bədii qiraət müsabiqəsinin keçirilməsi, onlayn dərslərin genişləndirilməsi, “Bölgələrdə yaşayan tarix” adlı layihənin icrası, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiyanın qurulması və muzeyin balansa götürülməsi, Tovuz rayon Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə yeni ştatların verilməsi, ixtisasartırma kurslarının onlayn təşkili barədə müraciətlər səsləndirilib.
Vətəndaşlar eyni zamanda mədəniyyət müəssisələrinin nəzdindəki biçmə-tikmə dərnəklərində tibbi maskaların hazırlanması, kreativ sənayenin inkişaf etdirilməsi və satışların həyata keçirilməsi üçün regional idarələrin əhatə etdiyi rayon və şəhərlərdə yerli icra hakimiyyət orqanları tərəfindən müəyyən yerlərin ayrılmasına dəstək göstərilməsi, kitabxana fondlarının ehtiyatlarının saytlarda nümayiş etdirilməsi məqsədilə proqram təminatı, kitabxanalarının müasir standartlara uyğun texniki avadanlıqlarla təchiz olunması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.
Vətəndaşların bütün müraciətləri dinlənilib, qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb.
Qeyd edək ki, videoqəbulda nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin Aparat rəhbəri Fikrət Babayev, regional idarələrin rəisləri və nazirliyin digər məsul əməkdaşları iştirak edib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı