Mədəniyyət Nazirliyi: ARKA-nın yaradılması yekun mərhələsindədir

Azərbaycanda kino konsepsiyasının yenidən işlənib, müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsində olması barədə Mədəniyyət Nazirliyinin məlumatını yaymışdıq.

Apa-nın məlumatına görə, Mədəniyyət Nazirliyi Kino Agentliyinin yaradılmasının artıq yekun mərhələdə olduğunu bildirib: “Bir ildən çoxdur ki, biz Azərbaycan Respublikası Kino Agentliyi layihəsinin hazırlanması ilə paralel olaraq kino sahəsində qanunvericiliyin, o cümlədən “Kinematoqrafiya haqqında” qanunun, kinonun inkişafı ilə bağlı konsepsiyanın təkmilləşdirilməsi üzərində çalışırıq”.

O da qeyd olunub ki, nazirliyin elan etdiyi mühüm islahatlardan biri də kinematoqrafiya və kino sənayesini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) yaradılmasıdır: “Bu gün artıq biz deyə bilərik ki, ARKA-nın yaradılmasının yekun mərhələsindəyik. Bunlar ən xırda detalların təhlilini və nəzərə alınmasını tələb edən ciddi təşəbbüslərdir. Bu işdə bütün aidiyyəti qurumlar da bizə dəstək olurlar və hər iki məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək”

aki.az